"Vəziyyət heç yaxşı deyil..." – Araz Ağalarov
13-03-2020, 00:00
Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov yenə də "Komsomolskaya Pravda”ya danışıb, dünya bazarında neftin kəskin ucuzlaşması və bunun təsiri altında rublun ciddi dəyər itirməsi barədə fikirlərini bölüşüb.
Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, müxbir biznesmenin baş verənlərə münasibətini öyrənmək üçün ona zəng vurub və dəstəyin o tərəfindən səsin yaxşı eşidildiyini deyib:
- Araz İsgəndəroviç, budur, mən sizə zəng vurdum və dərhal dəstəkdə səs yaxşı eşidildi!
- Səsin eşidilməsi yaxşıdır, amma vəziyyət heç yaxşı deyil,-A.Ağalarov cavab verib.
Oliqarx xatırladıb ki, rubl dollar qarşısında 15 faizdən çox dəyər itirib və bu da Rusiya iqtisadiyyatının hələ də neftdən, qazdan asılı olduğunu göstərir. Lakin Ağalarova görə baş verənlər hələ rublun çöküşü deyil, amma kifayət qədər çoxlu sayda insanlar üçün ciddi itkidir. "Kimlər ki, öz yığımlarını rublda saxlayırlar, dollarla borc götürüblər, bütün bunlar onlara ciddi zərbədir. Lakin mən hesab edirəm ki, proses idarəolunandır. Biz bu vəziyyətdən çıxmalıyıq”,-o deyib.
A.Ağalarov qeyd edib ki, koronovirus indiki situasiyanı tətikləmiş oldu. Çünki koronovirus epidemiyasına görə neftə tələbat kəskin azaldı. O biri tərəfdən də Rusiya ərəblərlə anlaşa bilmədi. "Ərəblər də qəzəbləndilər və dedilər: indi biz daha çox neft çıxaracağıq. Bütün bu amillər neft bazarına təsir edir. Neftin qiyməti isə rubla təsir edir. Bax bütün məsələ budur”,-o bildirib.
Biznesmen hesab edir ki, situasiya iki ay sonra "pis, yaxşı normallaşmalıdır”, çünki neftin daha da aşağı düşməsi ağlabatan deyil.
Xatırladaq ki, Ağalarov son təlatümlü proseslər ərəfəsində hökumətə rublun kursunu sabit saxlamağı, bunun üçün valyuta ehtiyatlarından istifadə etməyi məsləhət görmüşdü. Bildirmişdi ki, rublun ucuzlaşması milli valyutaya inamı sarsıdır, investorları qorxudur. Nəticədə investisiyalar azalır, iqtisadi fəallıq zəifləyir.