Komitə sədrinin müavini İSBAM sədrini qəbulda niyə hədələyib? - Təşkilat sədrindən Fuad Muradova şok müraciət
12-03-2020, 22:53
"Əsası Ümummilli lider Heydər Əliyev tərəfindənqoyulan diaspor siyasəti dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi məqsədilə gündəmə gəldi. Bu məqsəd ilə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Diaspor Komitəsi yaradıldı. Bunun üçün o zaman Ümummilli Lider böyük əmək sərf etdi. Lakin təəssüflər olsun ki, sonrakı illərdə diaspor sahəsində nəinki görülən işləri irəliyə aparmaq, hətta qurulanların dağılmasını müşahidə etdik".
Mia.az xəbər verir ki, bu sözləri İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının qurultaylarında bu məsələləri dəfələrlə önə çəkərək konkret fəaliyyət proqramı ortaya qoyub:
"Diaspor təşkilatları arasında elecə də həmin birliklərlə diplomatik korpuslarımız arasında birgə fəaliyyət mexanizminin yaradılmasını diqqət mərkəzinə gətirdi. Bütün bu məsələlərdə Diasporla iş üzrə Dövlət Komitəsinin üzərinə düşən cavabdehlik məsuliyyətini göstərdi. Lakin yenə təəssüflər olsun ki, o həmin mühüm çıxışlar qurultay protokolları olaraq icrasız qaldı.
Ən böyük diaspora malik olduğumuz Rusiya Federasiyasındakı təşkilatlar arasında hətta münasibətlərin düşmənçilik səviyyəsinə çatması və bu gün ortada vahid təşkilatın olmaması bizi necə narahat etməyə bilər? Növbəti bir misal kimi Ukrayna Respublikasında diasporumuzun mövcud vəziyyəti ürək açmayan hal kimi qeyd edə bilərəm.
Nazim İbrahimov açıqcası yarıtmaz fəaliyyəti görə komitə sədri vəzifəsindən uzaqlaşdırılmışdır..Bu vəzifəyə 2018-ci ildə gənc deputad Fuad Muradov gətirildi. Hələ ölkədə kadr islahatlarına başlamamışdan öncə cənab Prezident ciddi problemler yaşayan Diaspor Komitəsinin rəhbərliyində dəyişiklik etməklə buraya yeni nəfəs vermək istədi. Uzun illərdir(14 ildir) diaspor fəaliyyəti ilə məşğul olan bir şəxs kimi bizdə də bir ümid yarandı ki, bu sahədə əhəmiyyətli dəyişikliklər olacaqdır.
Nazir İbrahimov dönəmindən bir misal çəkim. ”Qurultaya üzv olmaq üçün bu qədər verəcəksən, ön cərgədə oturmaq üçün bu qədər” kimi rüsvayçılıq halları vardı. Və bununla diqqətinizi çəkmək istəyirəm ki, bu rüsvayçılığın episentirində bu gün Diaspor Komitəsində sədrin birinci müavini vəzifəsini tutmuş, Nazim İbrahimov dönəmindən çalışan Valeh Hacıyev dayanır. Onun komitədə küllü ixtiyar olması, “FİRONUNLUQ” etməsini eşitmişdim. Amma şahidi ötən ilin oktyabrında oldum. 2019-un oktyabrında bir yumşaq yazı yazaraq, ”Diaspor Komitəsi niyə bizi dinləmir, məktublarımıza niyə cavab vermir?” deyə iradımı bildirmişdim. Bu yazının ardından Fuad Muradovun qəbulu adi ilə komitəyə dəvət olundum. Lakin burada ilk olaraq məni Valeh Hacıyev qəbul etdi".
İSBAM sədri bildirib ki, Valeh Hacıyev onu elə qarşılayıb ki, sanki dövlət məmuru deyil, bir mülkədardır: "O, qəbulda məni hədələməyə başladı. Bütün bunları ona görə qeyd edirəm ki, bu adamaların diaspor təşkilatları ilə, ömrünü bu vətənə həsr edən, xarici ölkələrdə Azərbaycan adına varını-yoxunu əsirgəməyən insanlarımızla necə davrandıqlarını bildirmək istəyirəm.
Nazim İbrahimovun komfortlu həyat tərzindən sui-stifadə edən Valeh kimilər pul qazanmaqla məşğul olublar, diaspor işi ilə yox. Bu,” xüsusi xidmətlərə”görəmi sədr Fuad Muradov Valeh Hacıyevi hələ də qoruyur? Yoxsa cənab sədr qohumçuluq münasibətlərə görəmi üzü gəlmir uzaqlaşdırmağa?".
İSBAM sədri yazır ki, hər il dövlət büdcəsindən bəlli miqdarda vəsait Diaspor Komitəsi üçün ayrılır: "İllərdir bu vəsaitin başına açılan oyunu bir kənara qoyum.Özlərinin müəyyənləşdirdiyi bəlli bir qrupa vəsait ayırmaqla guya ölkə üçün əhəmiyyətli günləri xarici ölkələrdə təbliği görüntüsü yaradırlar. Az-az keçirilən tədbirləri çıxmaq şərti ilə qalanları ancaq görüntü xarakteri daşıyır. Bir neçə nəfəri zala doldurub bir foto yaymaq, vəssalam. Sonra İstanbulun, Avropanın küçələrində dükan-dükan düşüb şalvar-kofta almağa başlayırlar.
Valeh Hacıyevin ucbatından bu gün Türkiyədəki diaspor təşkilatlarımız eyni ilə Rusiyadakı kimi bir-birini didmə həddinə çatıblar. Görün Türkiyə Azərbaycan federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evin rəhbəri Bilal Dündar onun haqqında nələr deyib: ”Valeh Hacıyev mənə deyirdi ki, Heydər Əliyev Kültür Evinə ehtiyac yoxdur, oranı bağlayın”.
Daha sonra Bilal Dündar bildirir ki “Valeh Hacıyev özünü vəziyyətdən çıxarmaq üçün federasiya daxilində olan insanları bir-birinə qarşı qoyaraq düşmənçilik yaratmaqdadır. O,Türkiyədə diaspor işini öz bildiyi kimi aparmaq, Azərbaycandan gələn maddi vəsaiti istədiyi cibə doldurmaq niyyətindədir”.
Federasiya sədri daha sonra şok bir söz söyləyir: ”Azərbaycandan gələn vəsaitin bir qismini Valeh Hacıyev oğlunun təhsili üçün göndərməyimi rica edirdi. Amma indi Heydər Əliyev Kültür Ev işçiyə maaş verə bilmədiyi üçün borclanıb..."
Samir Adıgözəlli bildirib ki, Fuad Muradov Diaspor Komitəsinə artıq ikinci ildir sədrlik edir: "Bir neçə ölkədə görüş və konfranslar keçirməklə bu müddətə müsbət qiymət vermək olmaz. Fuad Muradovun ən uğurlu addımı adlandırdığı Ukraynada diaspor vəziyyəti isə göz önünə gətirilərək bu işin fiaskoya uğradığı ortadadır. İndilikdə bunun detallarına toxunmaq istəmirəm, Lakin Ukrayna haqqında daha geniş açıqlama verəcəyəm....
Buradan Fuad Muradova müraciət edirəm! Cənab Prezidentin başlatmış olduğu islahatları Diaspor Komitəsində həyata keçirin. Qohumbazlığa, yerlibazlığa, dostbazlığa son qoyun. Ləyaqətli insanları ölkəmizdə və xaricdə Azərbaycana qarşı fədakarlıq göstərən soydaşlarımızı incidib, onları vətəndən küsdürənlərə meydan tanımayın...".
Məsələ ilə bağlı komitənin də mövqeyini dinləməyə hazırıq.
Mia.az