“Bəzi hallarda qəbul edilmiş qanunlar icra edilmir” - YENİ DEPUTATLARI TANIYAQ

13-03-2020, 09:50           
“Bəzi hallarda qəbul edilmiş qanunlar icra edilmir” - YENİ DEPUTATLARI TANIYAQ
Modern.az “Yeni deputatları tanıyaq” rubrikasına start verir.

Növbəti müsahibimiz 63 saylı Sabirabad birinci seçki dairəsidən deputat seçilən Kamal Cəfərovdur.

Onunla müsahibəni təqdim edirik.


- Milli Məclisə seçkilərin nəticələri təsdiq olundu və ilk iclas keçirildi. Sizi təbrik edirik. Milli Məclisin yeni üzvü kimi sizi daha yaxından tanımaq istərdik.


- Təşəkkür edirəm. Bildiyiniz kimi, növbədənkənar parlament seçkilərinin əsas məqsədi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatları dərinləşdirmək, müasir çağırışlara cavab verən Milli Məclisin formalaşması və siyasi sistemimin təkmilləşdirilməsidir. Seçki prosesi ümumilikdə uğurla keçdi və seçkilərin nəticəsi də Azərbaycan xalqının iradəsini tam əks etdirdi.

1989-cu ildə, dekabrın 15-də Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində beynəlxalq vergi hüququ üzrə magistr pilləsini bitirmişəm. Daha sonra isə Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə ilə başa vurmuşam.

Amma bununla da kifayətlənməyərək, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını qiyabi şəkildə oxumuşam.

Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) imtahanından üzüağ çıxaraq, çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşəm.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişəm. 2013-2014-cü illərdə isə hərbi xidmətdə olmuşam.

2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibiyəm.

Həmçinin, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatoru, “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, BMT-nin “Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisi, Avropa Şurasının Korrupsiya ilə mübarizə üzrə Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəriyəm. Korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüyəm.

Mən tələbəlik illərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olmuşam. 2011-2013-cü illərdə isə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi idim.

- Hər bir deputat seçildiyi dairə ilə yanaşı, ölkə əhalisini parlamentdə təmsil edən vəkil hesab olunur. Seçicilərinizin və ümumi ölkə əhalisinin problemlərini Milli Məclisdə hansı şəkildə qaldırmağı düşünürsünüz?



- Bildiyiniz kimi mən də Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərdə iştirak edirdim, namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsini özüm üçün böyük bir şərəf, etimad və etibar sayıram. Çalışacam ki, partiyamızın sədri cənab Prezident İlham Əliyevin bu etimadını doğruldum. Eyni zamanda mənə səs verib seçdikləri üçün bütün sabirabadlılara təşəkkürümü bildirirəm. Söz verdiyim kimi, onlarla sıx əlaqədə olacağam. Həm Sabirabadlıların, həm də ölkəmin bütün vətəndaşlarının problemlərinin parlamentdə qaldırılmasına, qısa müddətdə həll olunmasına çalışacağam.



- Gənc deputat kimi əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?



- VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bizim üçün 5 illik yol xəritəsi idi. Qeyd edilən tezisləri rəhbər tutaraq, gənc deputat kimi mənim birinci fəaliyyət prinsipim seçicimlərimlə sıx təmas, ikincisi, daxili və xarici siyasətdə proaktiv iş, üçüncüsü isə şəffaflıq və hesabatlılıqdır.

Cənab Prezident Milli Məclisin ilk iclasında tövsiyə etdi ki, deputatlar fəal olmalıdırlar, seçicilərlə daim təmasda olmalıdırlar, onları narahat edən məsələlərlə maraqlanmalıdırlar və həmin problemlərin həlli üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə işləməlidirlər. Mən də söz verdiyim kimi, fəal deputat olacağam, mütləq həftənin bir gününü Sabirabadda seçicimlərimə ayıracağam. Gənc olmağımı və gənclərlə iş sahəsində təcrübəmi nəzərə alaraq, onlarla aktiv iş quracağam. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, fəal işə cəlb edilməsi, milli ruhda maarifləndirilməsi, saxta informasiyalardan mühafizəsi ilə bağlı layihələrin icrası bizim üçün əsas məqamlardır.


- Bir deputatın parlament fəaliyyəti təkcə seçicilərin problemlərini qaldırmaq, onların həllinə çalışmaqla kifayətlənmir. Bəs, qanunvericilik və xarici ölkələrdə Azərbaycanı təmsil etmək baxımından hansı planlarınız var?



- Doğrudur, bizlərin qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayanır. Çünki bizim əsas işimiz qanunvericilikdir. Bir hüquqşünas kimi qanunvericilik bazasının təkmilləşdirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi əsas məqsədlərimdən biridir. Cənab Prezidentin də qeyd elədiyi kimi, mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq və onları təftiş etmək lazımdır. Bəzi hallarda qəbul edilmiş qanunlar icra edilmir. Bu baxımından qanunların icrası və təsir imkanlarını qiymətləndirmək də xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq fəaliyyətlə bağlı da aktiv fəaliyyət göstərəcəyəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Xocalı soyqırımın xarici ölkələrin parlamentləri tərəfindən tanınması, ermənilər tərəfindən dağıdılmış məscidlərimizlə bağlı faktların müsəlman ölkələrin parlament nümayəndələrinə məlumat verilməsi əsas fəaliyyət istiqamətlərim sırasındadır.


- Bəzən parlamentarilər gördüyü işlərdən çox mətbuatda səsləndirdiyi qalmaqallı açıqlamalardan tanınırlar. Bir çoxları isə daha çox iş görür, lakin mətbuata qapalı deputat kimi yaddaşda qalıb. Sizcə, deputat mətbuatla əlaqələrini necə qurmalıdır?


- Bəli, deputatın fəaliyyətinin əsas məqamlarından biri də sosial şəbəkələrdən, medianın köməyindən məqsədəuyğun şəkildə istifadə edə bilməkdir. Mən şəffaflıq və hesabatlılıq tərəfdarıyam. “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdə, mediada da fəaliyyətimlə bağlı bütün məlumatların işıqlandırılmasına çalışacağam. Seçicilərim və xalq qarşısında hesabatlı olacağam. Seçicimlərimlə görüş, onların qaldırdıqları problemləri, beynəlxalq təşkilatlarda keçirdiyim görüşlər və onların konkret nəticələri ilə bağlı məlumatları və statistik göstəriciləri mütəmadi paylaşacağam.

Qeyd etdiyim kimi, deputatın iş görməsi və bu barədə seçiciləri, Azərbaycan vətəndaşlarını məlumatlandırması mənim üçün vacib məqamdır.


- Maraqlıdır, parlament fəaliyyətinizdə ilk işiniz, atacağınız addım nə olacaq?

İlk olaraq mart ayının 16-da Sabirabadda seçicimlərimin qəbuluna gedəcəyəm. Onların hər bir müraciətini elektron formada qeyd edib, sistemləşdirmək lazımdır. Bildiyiniz kimi, seçildiyim dairəyə Sabirabad rayonu və 19 kənd daxildir. Hər kənd üzrə seçicimlərimin öz aralarından seçdiyi ictimai köməkçiləri müəyyənləşdirib, onlarla aktiv iş quracağam.

Bununla yanaşı təşviqat kampaniyası zamanı keçirdiyim qapı-qapı görüşləri də davam etdirmək niyyətindəyəm.

- Dairənin problemləri, əhalinin müraciətləri ilə bağlı Sabirabad üçün hansı planlarınız var?

- Qısa müddət olmasına baxmayaraq artıq Sabirabadımız üçün bir neçə xoş xəbərlərim var. Sabirabad futbola çox bağlıdır. “İnşaatçı” Sabirabad Futbol Komandası Azərbaycan kubokunda finala çıxıb. Sabirabadda 5 min nəfərlik stadionun təmiri üçün aidiyyəti qurumlarla görüş keçirmişəm, qısa zaman içində stadionun təmirinə başlanacaq.

Könüllülərlə birgə stadionun həyətində iməclik və abadlıq işləri də həyata keçirəcəyik. Həmin stadionda futbol turnirləri təşkil edəcəyik.

Sabirabadda “beton zavod ərazisi” adlanan yerdə 62 mənzilin təbii qazla təmin edilməsi üçün müraciət ünvanlanmışdı. Sabirabad Rayon İcra Hakimiyyəti və “AzəriQaz”ın köməyi ilə artıq həmin mənzillər təbii qazla tam təmin edilib.

Sabirabad rayon Tarix-Diyarşünaslıq muzeyinin tərtibatı qısa zaman içində təmin ediləcək. Muzeyin fondunda nəqqaşlıq, arxeoloji, məişət və etnoqrafik əşyalar, foto- şəkillər, sənədlər və antik dövrə aid küp qəbir, unikal tapıntılar mövcuddur. Bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Bildiyiniz kimi Kür və Araz çayları, Mil, Muğam və Şirvan düzləri Suqovuşanda birləşir. Bu yer böyük tarixi və turizm əhəmiyyətinə malik bir yerdir. Çox möcüzəvi yerdir. Həmin ərazidə turizm obyektlərinin yaradılması ilə bağlı Turizm Agentliyinin rəhbərliyi ilə görüş keçirmişəm. Hazırda müzakirələr davam edir. Bir sözlə, Sabirabadda görülmüş işlər də çoxdur, görüləsi işlər də.

Yekun olaraq demək istərdim ki, Kütləvi İnformasiya Vasitələrini də Sabirabada dəvət edəcəm, problemlər və həyata keçirilən işlərlə bağlı Sizləri də məlumatlandıracam, bu sahədə aktiv iş quracam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.