Məqsəd çoxpartiyalı siyasi sistemi inkişaf etdirməkidir – Politoloq
15-03-2020, 08:38
Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı ciddi siyasi iradənin şahidi olduq. Bu siyasi iradənin təzahür formalarından biri də Azərbaycan siyasi palitrasının konfiqurasiyasının yenidən formalaşdırılması, bu konfiqurasiyanın siyasi həmrəyliyə, siyasi konsolidasiyaya aparan yollarına işarə edilməsi və nəticə etibarilə iqtidar-müxalifət münasibətlərinə yeni yanaşma cəhdlərinin təzahürünü göz önündə sərgilədi. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin son islahatları fonunda kifayət qədər cəlbedici görünür və belə təəssürat yaradır ki, ölkə prezidenti iki il öncə başlatdığı islahatları indi siyasi partiyalar sisteminə tətbiq etmək əzmindədir.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, söhbət demokratik cəmiyyətin, siyasi plüralizmin əsas göstəricisi olan çoxpartiyalı siyasi sistemin təkmilləşdirilməsindən, inkişaf etdirilməsindən, siyasi partiyaların ölkənin siyasi sistemində daha səmərəli fəaliyyətinin təmin edilməsi məsələlərindən gedir:
“Həqiqətən də son dövrdə hakimiyyətin siyasi partiyalar sisteminə münasibətində konstruktiv yanaşma tərzi xeyli artıb. Partiyaların böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, hamısına xüsusi diqqət yetirilir və onların cəmiyyətin siyasi sistemində oynadığı rola dinamiklik vermək üçün səylər göstərilir. Siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşləri buna parlaq nümunə ola bilər. Mən Ədalət Vəliyevi tanıyıram. O, kifayət qədər konstruktiv və problemlərə yeni bucaq altında yanaşmağı bacaran bir şəxsdir. Ona görə də ölkədə çoxpartiyalı sistemin daha da təkmilləşdirilməsi, çoxpartiyalı sistemin həqiqətən də konstruktiv çalışması, partiyaların təşəbbüsündən və intellektual potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsi məsələləri gündəmdə dayanan əsas məsələlərdəndir”.
Q.Hüseynlinin sözlərinə görə, təsadüfi deyil ki, parlament seçkilərinin majoritar sistemlə yanaşı, proporsional sistem əsasında keçirilməsi, deputatlarının sayının artırılması üçün referendumun keçirilməsi məqsədilə fikirlər səsləndirilməkdədir:
“Bütün bunlar siyasi partiyalara olan diqqətin bir nümunəsi kimi də təqdim edilə bilər. Düşünürəm ki, siyasi plüralizm prinsiplərinin daha dərin inkişaf inkişaf etdirilməsi məqsədilə siyasi partiyaların hər biri üçün cəmiyyətdə normal şərait yaradılmalı və bu normal şərait siyasi həmrəylik, siyasi konsolidasiya istiqamətində aparılmalıdır. Bu məsələdə konstruktivlik və milli gücün səfərbər edilməsi başlıca meyarlardan olmalıdır”.
Politoloq bəzi siyasi partiyaların bu görüşlərə etinasız münasibət bəsləmələrini qəbul etməkdə çətinlik çəkdiyini vurğulayıb:
“Dünənə qədər siyasi dialoqdan, iqtidar-müxalifət dialoqundan bol-bol danışan müxalifətin bəzi nümayəndələri, ilk növbədə AXCP və Müsavat Partiyaları qəbul edilməsi çətin olan və inandırıcı gəlməyən arqumentlər səsləndirirlər. Məsələn, AXCP-nin ciddi problemləri var. Bu problemləri sadalamaq istəmirəm. Onlar bu problemləri görüşlərdə qaldıra və onları populyarlaşdıra bilər, amma qeyd edirlər ki, görüşə partiya sədrinin müavini göndəriləcək. Bununla da görüşün əhəmiyyətini azaltmağa çalışırlar. Müsavat Partiyası isə görüşün onun qərargahında keçirilməsi ilə bağlı təklif irəli sürür. Halbuki mən düşünürəm ki, siyasi partiya rəhbərləri ilə keçirilən görüşlərin bu formatı inkişaf edərək ən yüksək səviyyəli iqtidar-müxalifət dialoquna çevrilə bilər”.
Q.Hüseynli daha sonra deyib:
“Zənnimcə, siyasi partiya əldə etdiyi istənilən siyasi imkan və tribunadan istifadə etməyi bacarmalıdır. Bu tribunanı öz lehinə çevirmək üçün səylər göstərməlidir. Görüşdən imtina ilə bağlı səsləndirilən arqumentlər həm qeyri-ciddidir, həm də siyasi partiyaların sıravi üzvlərinin rəyini əks etdirmir. Çünki insanlar cəmiyyətdə gərginliyin zəifləməsini, iqtidar-müxalifət münasibətlərinin kontruktiv məcraya yönəldilməsini və nəticə etibarilə cəmiyyətdə insanların bu əlamətlər üzrə bölünməsinə son qoyulmasını istəyir. Son zamanlar müxalifət nümayəndələrinin də dövlət işlərinə cəlb edilməsi ilə bağlı səsləndirilən fikirlər, məncə, bu dediklərimizə əsas verən arqumentlərdən biridir”.