“Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” - Almaniyada azərbaycanlı həkim

3-04-2020, 00:01           
“Öz ayağı ilə gələn xəstə az sonra süni nəfəs aparatına qoşulur” -
Bütün dünyanın ümumi bəlası olan koronavirus Almaniyada da sürətlə inkişaf edir. Belə ki, bu ölkədə pandemiya səbəbi ilə indiyədək 997 nəfər dünyasını dəyişib, 81728 nəfər isə aktiv virus daşıyıcısı var.
Bu cür yüksək riskli vəziyyətdə çalışanlar arasında azərbaycanlı həkim nevroloq Nailə Alxasova da yer alır.

Teref.az xəbər verir ki, Modern.az-ın xəstəliyin xronikası barədə suallarını Almaniyada illərdir həkim kimi fəaliyyət göstərən həmyerlimiz Nailə Alxasova cavablayıb.

– Nailə xanım, neçə müddətdir Almaniyada çalışırsınız?

– Almaniyada artıq 6 ildir ki, çalışıram. 5 il Mannhaym şəhərində çalışmışam. Amma 1 ildir ki, Essen şəhərində fəaliyyət göstərirəm.

– Hazırda Almaniyada ümumi vəziyyət necədir? İnsanlar virusdan qorxurmu?

– Xəbər portallarından da hamının məlumatlandığı kimi hal-hazırda Almaniyada vəziyyət ürəkaçan deyil. Virus ölkə üzrə həndəsi silsilə ilə yayılmaqda davam edir və hələ ki, bu yayılmanın qarşısını almaq mümkün deyil. Əhali arasında da qorxu və panika günü-gündən daha da artır. Əvvəllər burda xəstəliyi ciddiyə almırdılar, kimsə düşünmürdü vəziyyət bu yerə gəlib çıxar. Amma xəstə sayı artıq 70 mini keçib ki, bu da insanlarda təşviş yaradır.

– Koronavirusa yoluxan xəstələrlə işləmək normal xəstələrlə işləməkdən daha risklidir. Heç işinizdən imtina etmək istəmisiniz? Yaxud da virus yayıldıqdan sonra həkim kolleqlarınızdan vəzifəsini icra etmək istəməyən olub?

– Əsla. Biz bu sahəni seçəndə hər çətinliyi gözə alaraq seçmişik. Hal-hazırda çox böyük kollektivlə işləyirik, hamımız da virusla mübarizədə əlimizdən gələni edirik. Yalnız immunsupressiv müalicə alan, risk qrupu həkimlərə xəstələrlə kontakta icazə verilmir.

Almaniya kansleri Angela Merkel hələ ötən ay belə bir açıqlama verdi ki, ölkədə 60-70 fazi əhali koronavirusa yoluxacaq. Səhiyyə işçisi kimi sizin fikrinizi almaq maraqlı olardı, yəni 82 milyon əhalisi olan Almaniyanın 50-60 milyonunun virus daşıyıcısı olmaq ehtimalı varmı?

– Bu fikir elə indi də səslənir. Robert Koch universiteti hər səhər yeni yoluxma statistikasını açıqlayır və hər gün də vurğulanır ki, bu qədər itkiyə rəğmən Almaniya hələ pandemiyanın başlanğıcındadır, yayılmanın pik nöqtəsində deyil. Tam olaraq virusun nə qədər artacağını demək çətindir, amma indiki yoluxma halının bir neçə dəfə artıq olacağı gözlənilir.

-Virusdan ölənlərin sayına görə Almaniya ilk 10-luqdadır. Almaniyada da digər ölkələrin dediyi kimi dünyasını dəyişənlərin hamısı yaşlılardır?

– Əslində reallığa qalanda göstəricilər fərqlidir. Yəni xəstəliyə yoluxma sayına görə Almaniya ilk 5-likdədir, amma ölüm faizinə görə aşağı pillələrdə qərarlaşır. Bunun da əsas səbəbi alman səhiyyə sisteminin gücü, test sayının digər ölkələrlə müqayisədə dəfələrlə çox olmağı və xəstəxanalarda kifayət qədər süni tənəffüs aparatlarının mövcudluğudur. Burda da ölüm hallarının böyük əksəriyyəti yaşlı xəstələr arasında olur, amma bundan əlavə xəstənin başqa xəstəliklərinin olması da rol oynayır.

– Virus neçə günə ölümcül olur. Yəni xəstə ağır vəziyyətdə sizə müraciət edibsə o ən tezi neçə gün sonra dünyasını dəyişib?

-Virus elə tez müddətdə inkişaf edə bilir ki, dünən öz ayağı ilə gələn xəstə bu gün artıq süni tənəffüs aparatına qoşula bilir. Təbii ki, orqanizmin müqavimət qabiliyyəti də rol oynayır, amma xəstəliyin bədəndə yayılma və kəskinləşmə sürəti böyükdür.

– Günlük iş saatınız necədir? Yorulmursunuz ki?

– Burda normal iş qrafiki 8 saatdır. Amma xəstə sayı çox olarsa, ya ağır xəstələrimiz varsa, işdən əlavə də xəstəxanada qalmalı oluruq.

– Nailə xanım, “alman dəqiqliyi” steriotipi bütün dünyaya məlumdur. Bilmək maraqlı olardı, dəqiqliyi sevən alman xalqı karantin məsələsində necədir? Yəni mövcud qaydalara riayət edə bilirlərmi?

– Digər Avropa ölkələri ilə müqayisədə almanlar bu məsələyə daha həssas yanaşırlar, xüsusilə də 50 yaşdan yuxarı şəxslər. Artıq 10 günə yaxındır ki, bütün kafe, restoranlar və.s bağlıdır, əksəriyyət ev şəraitində çalışır. Amma hələ də iki nəfərdən çox olmamaq şərti ilə insanların məhəlləarası qısa gəzintiyə çıxmasına imkan verirlər. Ümumilikdə isə karantin qaydalarının pozulmasına burda da rast gəlinir.

– Bildiyimiz qədəri ilə Almaniyada xeyli vətəndaşımız yaşayır. Xəstələriniz arasında indiyədək azərbaycanlı olubmu?

– Koronavirusa yoluxan azərbaycanlı xəstə hələ ki, yoxdur. Amma ümumi işlədiyim müddətdə bəli, ixtisasımla əlaqəli nevroloji xəstəliyi olan pasientlərim olub.

– Xəstəliyin bütün xarakteristikasına bələd olan biri kimi, virusdan qorxunuz olar, eləmi?

– Qorxu hissi deməzdim buna. Amma xəstəliyin nə dərəcədə ağır olduğunu bildiyim üçün yoluxmayım deyə, bütün gigiyena qaydalarına əməl edirəm.

– Elə insan var ki, bütün günü spirti əldən yerə qoymur, eləsi də var əlcək yaxud da maskanı əsas hesab edir. Sizin fikrinizi almaq istərdim, virusdan qorunmaq üçün ən yaxşı vasitə nədir?

-Virusdan qorunmaq üçün ən yaxşı vasitə əllərin tez-tez sabunla yaxşı yuyulması, spirtlənməsidir. Bundan başqa gigiyena qaydalarına əməl etmək və insanlarla 1.5 m məsafəni saxlamaq da mütləqdir. Onu da deyim ki, adi maska virusdan qorumur, xəstə insandan virusun keçməsindən qoruyur. Yəni virus hansısa əşyada və.s olarsa maska köməyinizə çatmayacaq. Xəstəliyə xəstə insanlardan yoluxmamaq üçün maska istifadəsi məqsədyönlüdür. Qoruyucu maskalar yalnız FFp3 və ffp2 maskalarıdır.

– Yenə Angela Merkelə qayıtmalı olacam. Belə deyilirdi ki, həkimlər və digər peşə sahibləri maaşlarının artırılmasını istəyəndə Angela Merkel “Mən sizi öyrədənlərlə sizi necə müqayisə edə bilərəm?” demişdi. İndi bütün dünyanı bu bəladan qurtaran, günümüzün birinci qəhrəmanları həkimlərdir. Yaxşı, hazırda vəziyyət necədir? Yəni səhiyyə işçilərinin bu qədər ağır iş rejimi ilə əlaqədar maaşlarında artım olubmu?

– Almaniyada həkimlər fiks maaş alır. Pandemiyanın yayıldığı müddətdə isə maaşda heç bir artım olmayıb.

– Xəstəliyi kişilər daha ağır keçirir ya qadınlar? Daha çox hansı cins xəstəliyindən gileylənir?

– Xəstəliyin ağır keçməsində cins faktoru önəm daşımır. Burda əsasə məsələ xəstənin virusla bərabər hansı yanaşı xəstəliyinin olması, siqaret çəkməsi və bədənin müqavimətidir.

– Son olaraq, xəstəliyi ciddiyə almayan, karantin qaydalarını pozan şəxslərə nə demək istərdiniz?

– İnsanlar mövcud vəziyyəti mütləq ciddiyə almalıdır. Nə qədər ki, virus ölkədə çox yayılmayıb yalnız karantin rejiminə əməl etməklə bunun qarşısını almaq olar. Hər birimizin evində yaşlı insanlar var. Ən əsası onların sağlamlığını düşünmək lazımdır. Yalnız evdə qalmaqla həm özümüzün həm də sevdiklərimizin sağlamlığını qoruya bilərik. Evdə qalın, sağlam qalın!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.