Misir Mərdanovdan Əli Həsənov barədə ŞOK AÇIQLAMA - "Təsadüfi adamlar yüksək vəzifələrə qədər gəlib çıxa bilib"

18-05-2020, 15:59           
Misir Mərdanovdan Əli Həsənov barədə ŞOK AÇIQLAMA -
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri, professor Misir Mərdanov demokrat.az xəbər portalının suallarını cavablandırıb. Söhbət zamanı keçmiş nazir Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan, həbs olunan məmurlardan və Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun vəzifəsindən azad edilməsindən danışıb.

KONKRET.az həmin müsahibəni təqdim edir.

— Son günlər Azərbaycanda aparılan islahatlar və bunun fonunda vəzifə başında cinayət törətdiklərinə görə ifşa olunaraq həbs olunan məmurlar barədə nə deyə bilərsiniz?

— Hesab edirəm ki, cənab Prezidentin bu istiqamətdə atdığı addımları təqdirəlayiqdir. Bu addımlar gələcəkdə də davam etdirilməlidir və kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir. Ölkə başçısının həyata keçirdiyi son islahatlar cəmiyyət tərəfindən də çox müsbət qiymətləndirilir.

— Həbs olunan məmurların əksəriyyəti siz təhsil naziri olduğunuz dövrdə də icra başçı vəzifəsində çalışıblar. Onların qanunsuz hərəkətləri ilə heç qarşılaşmısınızmı?

Bəli, nazir işlədiyim dövrdə də görmüşəm, indi də görürəm. Şübhəsiz ki, bunu hamıya aid etmək olmaz. Mən nazir işlədiyim dövrdə elə icra başçıları var idi ki, məktəb direktorlarının və təhsil şöbəsi müdirlərinin fəaliyyətinə müdaxilə edirdilər, müxtəlif əsassız fikirlər irəli sürərək, məktəbləri birbaşa öz təsirləri altında saxlamağa çalışırdılar. Bu isə təhsil sahəsində inkişafa mane olurdu və indi də olmaqdadır.

Bilirsiniz, gərək hər kəs ona tapşırılan işlə məşğul olsun. Hər vəzifəsinin öz səlahiyyətləri var. Kifayət qədər iş var, ən yaxşı o olar ki, hər kəs ona tapşırılan işlə məşğul olsun. Daha başqasının işinə qarışıb müdaxilə etməsin.

Mənə elə gəlir ki, atılan son addımlar da bəzi məmurların öz işləri ilə deyil, başqa işlərlə məşğul olmasının nəticəsidir.

Şəhriyarın çox gözəl bir sözü var: “Bizdən irəlidədir Avropalılar, İşi işbilənə tapşırır onlar”. İndi işi işbilənə tapşırıb, onlardan da işi tələb etmək lazımdır.

— Bu yaxınlarda Mədəniyyət Nazirliyində də yüksək vəzifəli adamlar, o cümlədən nazir müavini həbs edildi. Sizcə, bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi?

— Bu barədə konkret bir söz deyə bilmərəm. Ancaq Mədəniyyət Nazirliyində də hər kəs öz işi ilə doğru-düzgün məşğul olsaydı, o zaman bu işlərin heç biri baş verməzdi. Təəssüf ki, bəzi hallarda yollarını azan, səhv yollara düşən şəxslər olur və cəmiyyətdə belə halların baş verməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hər kəs öz törətdiyi əməllıərinə görə gec-tez cavab verir və verməlidir. Ona görə digər vəzifəli adamlara da tövsiyə edirəm ki, onlar öz işləri ilə vicdanla məşğul olsunlar.

— Ölkə başçısı bir neçə ay əvvəl medianın işini tənqid edərək bildirmişdi ki, Azərbaycanda ideologiya sahəsində ciddi boşluqlar mövcuddur. Az sonra bu sahəyə cavabdeh olan Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi, onun rəhbərlik etdiyi şöbə isə ləğv olundu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlərindən biri olaraq həmin ideoloji boşluqları nədə görürsünüz?

— Bilirsiniz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı partiyaya sınaqdan keçməmiş yad adamı qəbul etmək və onun rəhbər vəzifələrə irəli çəkmək səhv addım idi. Şəxsən mən hesab edirəm ki, bu cür şəxslər hərtərəfli araşdırılmalı, tam sınanmalı və daha sonra irəli çəkilməlidir. Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib. Belə halların olması təəssüfedicidir. Ancaq belə hallar dünya təcrübəsində mövcuddur. Ancaq düşünürəm ki, bu cür hallar nə qədər az olsa, o zaman bizim millətin işi daha düzgün qurular.

Şəxsən mənə Yeni Azərbaycan Partiyasının vəsiqəsini Ulu Öndər Heydər Əliyev özü təqdim edib. Bu gün də bu partiyanın və YAP Siyasi Şurasının üzvüyəm. Dəvət edildiyim bütün tədbirlərdə iştirak edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.