Azərbaycanı gözləyən ən böyük təhlükə… – Sabiq maliyyə nazirindən gündəmlə bağlı sensasion açıqlamalar

3-01-2016, 22:55           
Azərbaycanı gözləyən ən böyük təhlükə… – Sabiq maliyyə nazirindən gündəmlə bağlı sensasion açıqlamalar
Devalvasiyanın şokunu yaşayan cəmiyyətdə cavabını gözləyən bir sıra suallara tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov özünəməxsus şəkildə izahat verib.
teref.az Moderator.az-a istinadən həmin müsahibəni təqdim edir:
– Saleh bəy, bəs deyirdiniz devalvasiya üçün heç bir şərait yoxdu?
– Bəli, haqlısınız, mən bunu demişəm və bu gün də bir daha təsdiq edirəm, devalvasiya üçün heç bir iqtisadi şərait yoxdu. Bu qədər iqtisadi imkanları olan ölkə üçün ali məqsəd böhrandan istifadə edərək ölkəni dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmək olmalıdır, Devalvasiya sürünmək, birtəhər vəziyyətdən çıxmaq deyil. Real obyektiv şərait yoxdu, amma subyektiv qərara görə heç bir şəxs cavab verə bilməz.
Mən bunu dəfələrlə demişdim ki, subyektiv və məntiqdən uzaq qərarlar istisnalıq təşkil edir. Amma subyektiv qərarın qəbulu üçün də heç bir əsas gözlənilmirdi. Çünki, valyuta və pul siyasətinin istiqamətləri əsasən ölkənin prezidenti və Mərkəzi Bankın idarə heyyəti tərəfindən müəyyən olunur.
Prezident dəfələrlə öz məramını elan etmişdi ki, məqsəd ölkəni inkişaf etmiş ölkələrin yolu ilə sürətlə irəli aparmaqdır. Bunu da təbii ki, devalvasiya yolu ilə etmək ən səmərəli üsul deyil. Mərkəzi Bank, şəxsən sədr, hər zaman möhkəm dəyərli valyuta tərəfdarı olub, hətta respublikanın əksəriyyət mütəxəssislərinin tədriclə yumşalma fikirlərinin əksinə olaraq. O ki, qaldı mənim imicimə, təki bu ölkənin imicini qoruyaq, ölkəmiz üçün hamımızın imicini qurban verək. Olan oldu, ötdü keçdi, bu devalvasiya da bir tarix oldu. Tarix isə mənim fikrimcə, gələcəyi qurmağa dərs almaq üçün öyrənilməli idi. İqtisadçılar, siyasətçilər və məmurlar bu gün tarixin qeybətini qırmaq yerinə, ölkənin bu qədər çürüyüb tarixə qovuşan zəngin resurslarını necə dövriyəyə cəlb edib ölkəni dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə necə çatdırmaq haqqında düşünməli idi. Bunun isə çox yolları var, amma ən başlıcası bu gün milləti depresiyadan, qorxudan çıxarmaq, ilk növbədə, cəmiyyəti özünün gücünə inandırmaqdı. Unutmayaq, biz cəmi 20 il əvvəl 2 mlrdlıq məhsul istehsal edirdik, 9 mln ton neft istehsal edirdik, onun da barelini cəmi 8-10 dollara satıb normal yaşayırdıq, indi nə oldu 50 mln ton neft istehsal edib, onun bir barelini 30-40 dollara satıb yaşaya bilməyəcəyikmi?
İnsan psixologiyasının müəyyən qanunauyğunluqları var, mən başa düşürəm, amma bunları tənzimləmək olar, bu bizim əlimizdə olan şeylərdi: pisdən yaxşıya çox rahat uyğunlaşırıq, amma yaxşıdan pisə çox ağır depresiya ilə müşahidə olunur. İnsan tələbatı sonzuzdu, resurslar isə məhdud, pul, var – dövlət şor su kimidi, içdikcə daha çox içmək istəyirsən. Bu amilləri nəzərə almaq lazımdı. Haradan gəlib hara çatmağımızı sizə çatdırmaqda yeganə məqsədim cəmiyyəti öz sonsuz gücünə inandırmaqdı. Əgər bu inam olmasa qul kimi yaşamağa məhkumuq. Çox qısa zamanda bu nailiyyətləri əldə edə bilən millət böyük gücə sahibdi, yüksək zirvələrə çata bilər. İnanın mənə. Suallarınızın çoxunda hiss edirəm, məni həddən artıq optimizdə günahlandırırsınız. Amma mən arqumnetlərə və faktlara inanıram, molla-münəccim uydurmasına yox. Sizə yalnız bir neçə ölkənin təcrübəsini gətirim. Məsələn, BƏƏ, Sinqapuru, Honkonqu, Tayvanı və s. Resurslarımız daha çox, insan gücü onlardan daha çox, start vəziyyətimiz çox daha yüksək, start üçün maliyyə imkanlarımız daha yüksək, hər tərəf – daha çox və daha yüksək, bəs nədi çatışmayan?
Bir yalnız təşkil edib, gücləri səfərbərliyə almaq və düzgün qərar çıxarıb işə başlamaq, iradə ortaya qoymaq. Belə bir iradəni ortaya qoyan iqtidar da var. Komandanın lideri prezident dəfələrlə bu istiqamətə sadiq olduğunu bəyan etmişdi. Bir şeyi tam əminliklə deyə bilərəm: biz bu işləri gördüyümüz halda çox yüksək inkişaf səviyyəsinə çatacağıq, görməsək də yeni düşündüyünüz fəlakət, yaxud Liviya, Suriya və ya İraq olmayacaq, necə yaşamıqsa, elə də davam edəcəyik. Amma, biz dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə və islam ölkələri içərisində inkişaf cəhətdən lider ölkəyə çevrilməyə məhkumuq.
– Devalvasiyanın müsbəti və mənfisi…
– Mənfisi daha çoxdu, nəinki, müsbəti. Mənfi cəhətləri: Ölkənin xeyli kasıblaması. Bütün müqayisələr dollarla aparılır, heç kim milli valyuta və ya alıcılıq qabiliyyəti araşdırmır. Beynəlxalq statistikada ÜDM 2014- cü il üçün 70 mlrd dollar göstərilmişdirsə, 2016 – cı il üçün təqribən 35 mlrd dollar olacaq və dünya da bu göstəriciyə uyğun olaraq qərar çıxaracaq. Eyni ilə adambaşına düşən ÜDM üzrə uyğun olaraq 7300 və 3700, orta əmək haqqı 570 və 298 dollar olur.Vətəndaşımızın 1 mln dollara olan əmlakı, binası, zavodu, fabriki, hoteli, mağazası bir ildə iki dəfəyə yaxın dəyərdən salındı. Çox xoşa gələn mənzərə deyil, öz əlimizlə dövlətimizi və vətəndaşlarımızı bu səviyyədə müflisləşdirdik. Bu həm də insanlarda bir ümidsizlik, depresiya sindromu, dövlətə, banklara etibarsızlıq yaratdı ki, nəticə etibarı ilə pulun ictimai dövriyyədən çıxarılmasına gətirib çıxardı. Pul qısqanc qadın kimidi, ona diqqəti azaltdın və ya aldatdınsa səni tərk edəcək. Halbuki, bu ilə qədər manata yaranmış ümid, etibar hesabına dünyadan, yalnız belə öz azərbaycanlılarımızdan, daxildə əhalimizdən milyardlarla vəsait cəlb edə bilərdik. Digər bir mənfi tərəfi, iqtisadiyyatda xaos yaratdı. Mülayim tənzimləmə iqtisadiyyata, eksporta müsbət təsir edir, bu çox vacibdi. Amma sıçrayışlı DV yalnız destruksiyaya səbəb olur. Əksəriyyət maşın, avadanlıq, istehsalat üçün dollarla alınıb daxili bazar üçün istifadə olunur, 78 manata aldığı bir köməkçi materialı adamlar indi 155 manata necə ala biləcək və ya birdən birə 78 manata satdığı məhsulu 155 manata necə qaldıra bilər. Amma bu təbii ki, yavaş – yavaş edilsəydi normal qaydada tənzimləmək olardı. Bəzi müsbət cəhətləri də yox deyil, bir qədər ixracı stimullaşdıra, qeyri – neft sektorunu inkişafına müəyyən təkan verə bilər. Faktor təhlili ilə götürsək 80% mənfisi, 20% müsbəti var. Fərq çox böyükdü.
– DV-da kriminal, korrupsiya elementlərinin ola biləcəyi ehtimalı varmı?
– Bəli, sıçrayışlı DV-lar adətən bu məqsəd üçün sıçrayışlı olur. Burada da inhisar özünü parlaq nümayiş etdirir. Ümumiyyətlə forex bir ticarətdi, buradan da ən ağıllılar qazanır. Dünya miqyasında bir çox maliyyəçilər forex hesabına milyonlar, milyardlar qazanmışlar. 1992-ci ildə hamımıza məlum, məşhur maliyyəçi Soros funt sterlinqin oynamasında milyarder oldu. Normal yumşalma prosesində bizdə də, ən ağıllılar qazana bilərdi, amma sıçrayışlı DV yalnız inhisara çıxışı olanlar qazana bilərlər. Təsəvvür edin, hökümət və məmurlar inadla qarantiya verirlər ki, DV olmayacaq, bir həftə ərzində tutaq ki, 105 mln manatı olan 105 mln dolları toplayır və DV elan olunan kimi yenidən 155 mln satır, bir həftədə 50 mln manat qazanır. Bunu yalnız dərin dövlət informasiyasına çıxışı olan şəxslər edə bilər. Mətbuatın yazdığına görə DV – dən əvvəl toplanan məbləğ təqribən 1 mlrd dollara yaxın idi.
Həm də bizim büdcəmiz əsasən neftdən gələn dollarla hesablanan valyuta hesabına formalaşır. Məsələn tutalım, büdcəyə çatacaq, 1 mlrd dollar 1050 mln manat verirdisə və bu büdcənin xərclərini tam ödəmirdisə, DV-dən sonra 1550 mln manat olacaq idi. Amma büdcə üçün yumşaq DV –də eyni effekti verməli idi. Monopolistlər üçün isə yumşaq DV belə effekti verə bilməzdi. Özəl sektorda oliqarxlardan başqa heç kimdə belə imkan yoxdu desək, zənn edirəm səhv etmərik. Fevvral DV-dən sonra belə halların olmasını prezident özü də vurğulamışdı və nəticə etibarı ilə də MTN-nin timsalında çox ciddi tədbirlər gördü. Əminəm ki, bu dəfə də günahkarlar cəzasını alacaq. Bunu aşkarlamaq üçün hesab edirəm DV-dan öncə valyuta birjasında əməliyyatlar araşdırılsın, əgər mümkünsə, dərc olunsun, hər şey gün kimi aydın olacaq.
-Siyasi proseslərin DV –a təsiri ola bilərmi?
– Və həm də necə. Azərbaycana ən böyük təhlükə AŞ-nın son qətnaməsi və ABŞ konqresinin sanksiyaları haqqında qanun layihəsidi. Nə erməni işğalı, nə cənub təhlükəsi, nə şimal hədəsi bizə o qədər zərər vura bilməz, nəinki, bu sadaladığımız sənədlər. DV zamanı adını çəkdiyimiz valyutanın müstəsna sahibi ABŞ-dı, o ölkə ki, bizə ciddi sanksiyalar nəzərdə tutur. Sanksiya şəraitində isə tarix boyu valyutasının dəyərini qoruyub saxlayan dövlət olmayıb. Bu proses təzə başlayıb, yalnız psixoloji təsiri külək kimi manatın yanından ötüb keçdi, tam mənası ilə işə düşəndə nə Rusiya, nə də İran qədər güclü ola bilməyəcəyik, yəni onların düşdüyü çox ağır vəziyyətdə də qala bilməyəcəyik. Daha pis vəziyyətə düşə bilərik. Təsəvvür edin, bütün kommunikasiya sistemimiz, internet, telefon, informasiya sistemimiz, valyuta rezervlərimiz, bank sistemimiz, investisiya mənbələrimiz, nəqliyyat sistemimiz, təyyarələrimiz, zavod və fabriklərimizdə, neft və qaz mədənlərimizdə işləyən maşın – mexanizmimiz, o sahələrdə dövr edən investisiyalarımızın demək olar ki, hamısı bu dövlətə məxsusdu, bir həftə internetimiz kəsilsə, bütün ölkə iflic ola bilər, bir həftə SWİFT bağlasalar, ölkənin qan damar sistemi dayanacaq. Bilirsiz, Dale Karneqi tələbələrinə dara düşən zamanı, vəziyyətdən çıxmaq üçün”belə hallarda Linkolin nə edərdi” sualını özlərinə verməyi və buna uyğun cavab tapmağı məsləhət görürdü.
Mən də şəxsən, belə ağır və çıxılmaz vəziyyətlər olanda bu balanslı siyasətin müstəsna müəllifi, böyük siyasi lider Heydər Əliyev nə edərdi, sualına cavab axtarmağa çalışıram. 90-cı illərin başlanıgıcında dörd tərəfdən düşmənçiliklə əhatə olunmuş münasibətləri necə məharətlə dostluğa çevirdiyinin canlı şahidi olmuşam, hesab edirəm, sonralar respublikanın belə sürətli inkişafının da əsas səbəbi bu gərginliyin götürülməsi olmuşdu. Bir dəfə yenə də o vaxt Azadlıq radiosu ilə yaranan gərginliyə ciddi reaksiya ABŞ dövlət departamentindən Azərbaycana çatmamış ləğv olunması, hətta bunun üstündə bir neçə məmurun ciddi cəzalandırılması görüntüsü ilə məsələnin tam həllinə hamı heyran qalmışdı. Hər zaman onun təkrarladığı “siyasətçinin əsas vəzifəsi düşmənçilik yox, dostlar qazanmaqdan” ibarətdir, sözləri hər bir siyasətçi üçün dərs olmalıdı. Siyasətçi emosiya və intiqam üçün iş görməyə başladığı zamanı onun siyasi həyatı bitmiş hesab olunmalıdı. Siyasətçi yalnız son nəticəyə işləməlidi. H. Əliyev heç zaman millət vəkilinin lətifəyə bənzər intiqam xarakterli Qətnaməsini işıq üzü görməyə qoymazdı (mən şəxsən o qətnaməni – Rövşən Rzayevin qətnaməsini ilk oxumağa başlarkən elə bildim ki, Zamin Hacının növbəti yumorudu, tam yazı stilləri də uyğundu). Mənə elə gəlir ki, H. Əliyev kəşfiyyatının məlumatlarına əsasən bu layihə qələmə alınmamış layihəni doğuracaq bütün səbəbləri aradan qaldırardı, çünki, o heç vaxt 3-5 gəncin, və ya qocanın, bir qadın jurnalistin və ya yumoristik qətnamə yazan deputatlarla dünyanın nəhəngi və demək olar ki, bu gün dünyanın sahibi ABŞ-ı müqayisə üçün tərəzinin bir gözünə qoymazdı.
Artıq çoxdan deputat komissiyası yaradıb, konqresə göndərərdi, dinləmələr başladardı, layihənin müəllifi ilə, onun seçiciləri ilə görüşlər təşkil edərdi, layihənin birbaşa müəllifi ilə əlaqələr yaradar, onu bizim parlamentə dəvət edərdi. Bu işə milyardlarla xərc çəkmək olar, çünki ABŞ trilyonlarla sərbəst vəsaitlərə malikdi, ondan məhrum olmamaq üçün.
Mən ABŞ-da yaşamışam və mənim müşahidələrim bütün müsəlman və keçmiş kommunist ölkələrində (dinə baxış müxtəlif olmasına baxmayaraq, əsas ideologiyaları eynidi) formalaşmış yanlış anlaşmanı diqqətinizə çatdırmaq istəyirəm:
1. ABŞ-ın rəhbərləri ilə hər şeyi həll etmək mümkünlüyü. Burada hər şey bizim düşündüyümüzün əksinədir. Hər hansı rəhbər xalqın, seçicilərin iradəsi olmadan heç nə edə bilməz. Hətta bu layihənin hazırlanması zamanı müəllifi ciddi surətdə seçiciləri ilə məsləhətləşmişdi. Hətta prezident istəsə belə ABŞ-ın düşməninə qarşı qeyri – qanuni və qeyri konvensial tədbir görə bilməz. Burada azad mətbuat var, müxalifət var, qanundan, konvensiyadan və məntiqdən kənar hər bir tədbir dərhal üzə çıxarılacaq. Nəzərdən qaçırdığımız ən ciddi şey odur ki, ABŞ və Avropa xalqı ilə işləmirik, yalnız rəhbərliklə məsələni bitmiş hesab etmiş oluruq.
2. ABŞ nəhəng dövlətdir, dünya birincisidi, ən azı əlli il bu liderliyi saxlayacaq. Demokratik ölkədir, hamı bir-birinə nəzarət edir, bütün xalq idarəçilikdə iştirak edir. Dünyanın ən böyükləri də bu dövlətin nəzarəti altındadı. Dünyada da heç kimə şər işlə məşğul olmağa imkan vermir, dünyanın formalaşmış düzənini qoruyur, hər kəsi özlərinin imzaladığı beynəlxalq qaydalara əməl etməyə çağırır, etməyəni isə sadəcə iqtisadi izolyasiyaya alır, həmin qaydalarla cəzalandırmağa çalışır. Şərə deyil, xeyrə yönəlik bir dövlətdi. Mən mühazirələrimin birində demişdim ki, əgər məni gözü yumulu dünyanın hər hansı bir guşəsinə atsalar, ətrafa baxıb dərhal nəticə çıxarardım, burada ABŞ olub, yoxsa yox. Harada ABŞ olubsa, orada inkişaf, çiçəklənmə, gözəllik, rifah var, harada yoxsa, orada adətən, cəngəllik, gerilik, aclıq, səfalət, müharibə və s. var. Müqayisə üçün Cənubi Koreya ilə Şimali Koreya, Şərqi Almaniya ilə Qərbi Almaniya, BƏƏ ilə Yəmən, Küveytlə İraqa, Suriya ilə Türkiyəyə, elə öz ölkəmizlə Ermənistanı və s. çox saylı nümunələrə nəzər sala bilərik, mən dediklərim, hər məkanda təsdiqlənəcək.
Mən həmişə ABŞ dövlətini nəhəng nüvə enerjisi ilə müqayisə etmişdim, bu enerji ona qeyri-normal yanaşanları yandırır, külə göndərir, normal yanaşanların isə məkanını cənnətə döndərir. Mənə elə gəlir ki, nəinki ABŞ, həmçinin bütün dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə qarşılıqlı əlaqələrimizi tam H. Ə. Əliyev prinsipləri ilə qurmalıyıq, Azərbaycan üçün düşmən dövlət yoxdur, ölkənin iqtisadi maraqları harada təmin olunursa, bütün diqqət ora yönəldilməlidi. Qüdrətli iqtisadiyyata malik olan xalqın müstəqilliyi əbədi olmalıdı.
-Bizim axırımız necə olacaq, manatla vəziyyət nə cür olacaq, iqtisadiyyatımız hara gedir?
– Sualların çoxu həyəcanla doludur və doğrudan ciddiyət təşkil edir. Insanların çox ciddi qorxu içində olduğu hiss olunur. Hətta o dərəcədə həyəcan təbili vurulur ki, adamın öz bildiklərinə də özünün şübhəsi yaranır. Amma bir daha təsdiq edirəm ki, heç bir ciddi təhlükə görünmür, orta səviyyədən yuxarı səviyyədə yaşamaq üçün ölkənin hər cür imkanları var. Bu gün yaranan ajiotaj da süni davranışın və o qədər də optimal olmayan qərarların nəticəsidir ki, bunları da tezliklə aradan qaldırmaq olar. Ən böyük problem ABŞ və Avropa ilə münasibətləri yoluna qoymaq lazımdır, bunsuz hər hansı addım böyük uğursuzluqla nəticələnəcək və çox böyük natarazlığa gətirib çıxara bilər. Amma münasibətlərin normallaşması böyük gələcək vəd edir, əvvəla, yenidən 20 trilyonluq bir kapital bazarına sərbəst giriş haqqı, dünyanın ən böyük elminə, texnologiyasına giriş hüququ qazanmış oluruq və bu imkanlardan düzgün istifadə şəraitində strateji məqsədimizə çatmaq imkanı qazanmış oluruq. Unutmayaq, qazandığımız bu nailiyyətlər bu ölkələrlə əlaqədardı, müstəqilliyimizin qarantı bu ölkədi, sərbəstliyə qədəm qoyduğumuz gündən ABŞ və ya Avropa heç nəyi bizdən əsirgəməmişdi, texniki yardımlar, təhsil, sərmayə, texnologiya və s. Bunları Azərbaycan xalqı zənn edirəm heç vaxt unutmayacaq.
Mənə elə gəlir ki, ümumiyyətlə, görülən tədbirlər olduqca az kimi görünür. Köklü islahatlar, istehsal, investisiya sürətlə artırılmalıdı, hər kəs öz tərəfindən işləri sürətləndirməli, genişləndirməlidi. Ölkənin sərəncamında olan böyük məbləğli maliyyə resursları ilə optimal manevr etmə mexanizmi yaradılmalıdı. Hər gecikdiriən gün ölkənin zərərinə işləyir.
Mənə elə gəir ki, ilk növbədə içəridə bütün qüvvələri səfərbərliyə almaq və qüvvələr arasında anlaşma, konsolidasiya və sülh yaratmaq lazımdı. Bu da yox deyil, amma yenə də daha sabit və qarantiyalı olmalıdı. Xariclə münasibətlər, xüsusilə ABŞ və Avropa ilə H. Əliyev prinsiplərinə uyğun olaraq, yenidən bərpa olunmalıdı, həm də qonşu ölkələrlə, xüsusilə Rusiya ilə dostluq münasibətləri daha da yaxşılaşdırılmalıdı. Ölkənin xarisi siyasət strategiyasında Çin, Yaponiya, Hindistanla, Koreya iə olan münasibətlər özəl xətlə qeyd olunmalıdı. Bu ölkələr də böyük kapital mənbəyidir və bundan yararlanmamaq sadəcə məntiqsizlik olardı.
Beləliklə, respublikada xarici alimlərin və iş adamlarının, səfirlərin iştirakı ilə qeyri – neft erasında Azərbaycanın sosial iqtisadi inkişaf doktrinası istiqamətində bir konfrans keçirilməsi və burada yeni istiqamətlərin, köklü islahatların, iqtisadi inkişafın yeni mərhələsinin problemlərinin müzakirə olunması, konkret qətnamə, qərar və yeni sənədlərin qəbul ounması və işə başlanılması çox səmərəsi olardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.