Təbii ki, bu məsələlər stimullaşdırıldıqca dövlət dili ayaqlar altına düşər
21-05-2020, 09:06
Tez-tez şahidi oluruq ki, hansısa mətbuat konfransında və yaxud rəsmi tədbirlərdə bəzi yüksək rütbəli məmurlar öz ana dilində səlist danışa bilmirlər. Bəzən bir-biri ilə uzlaşmayan sözlər, cümlələr, ifadələr işlədilir və gülməli vəziyyət alınır.
Bu mövzuda dəfələrlə mətbuatda, mediada tənqidlər səslənib, müzakirələr aparılıb. Lakin problem olduğu kimi qalmaqdadır. Suallar ortaya çıxır ki, öz dilini bilməyən məmur vətənini, millətini, dövlətini nə dərəcədə sevə, hörmət edə bilər? Ümumiyyətlə, ekspertlər məmurların öz ana dilində səlist danışması, öz ana dilini bilməsi üçün nə təklif edirlər?
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında yüksək rütbəli məmurların Azərbaycan dilində səlist danışa bilməməsinin böyük təəssüf doğurduğunu dedi: “Hətta onların arasında bacarıqlı insanlar var ki, öz sahəsinin mütəxəssisidir, peşəsini gözəl bilir, lakin ana dilini yaxşı bilmir. Hesab edirəm ki, vəzifəsindən asılı olmayaraq, hər kəs öz doğma, yaşadığı ölkəsinin dilini bilməlidir. Doğrudur, elə insanlar var ki, artıq onların yaşı ötüb və biz bu barədə onlardan əlimizi üzmüşük. Lakin elələri də var ki, öz üzərlərində çalışsalar, qısa müddətdə ana dilinə dərindən yiyələnib, həqiqətən gözəl danışa bilərlər. Çünki onların təfəkkürü, düşüncəsi var və öz ana dilində bunları ifadə edə bilərlər”.
Qulu Məhərrəmli qeyd etdi ki, problemi aradan qaldırmaq üçün məsələni tələb və qanuni şəkildə ifadə etmək lazımdır: “Bunun üçün ilk növbədə istək lazımdır. Daha sonra isə tələb və qanuni şəkildə ifadə etmək lazımdır. Məsələn, Ukraynanın Təhsil Nazirliyində Ukrayna dili üzrə Ali Şura var. Həmin qurum vaxtaşırı olaraq ali və orta məktəblərdə müəllimlərin ana dilini necə bilməsi ilə bağlı akreditasiyalar keçirir. Bu, çox ciddi məsələdir. Fikrimcə, bizdə də vəzifəyə təyin olunan adamlardan əsas şərtlərdən biri kimi Azərbaycan dilini yaxşı bilməsi tələb olunmalıdır. Əgər bu məsələ bir qanun şəklinə gəlsə, vəzifəyə hazırlaşan məmurlar doğma dilini mükəmməl öyrənərlər. Burada çətin heç bir şey yoxdur. Xarici dili bilmək onların karyeraları üçün necə vacibdirsə, ana dilini mükəmməl bilmək də o cür vacib hesab olunmalıdır”.
Yazıçı-publisist Mehriban Vəzir isə vurğuladı ki, 2013-cü ildə Azərbaycan dövlət dilinin güclənməsi ilə bağlı dövlət proqramı qəbul olunsa da, həmin proqramın heç bir bəndinə əməl edilməyib: “Sadəcə, dövlət öz qəbul etdiyi proqrama əməl etməlidir. İkinci bir tərəfdən, dünya təcrübəsi var, məsələn, inkişaf etmiş ölkələrdə, o cümlədən Pribaltika ölkələrində məmurlar işə qəbul olunanda ana dilindən imtahan verirlər. Bizdə isə bəzi yüksək rütbəli məmurlar öz doğma ana dilində səlist danışa bilmir. Dünyanın heç bir yerində bu cür hal yaşanmır. Ölkəmizdə bu sanki stimullaşdırılır. Həmçinin rus dili stimullaşdırılır, analar çalışırlar ki, övladları daha çox rus, ingilis dilini yaxşı bilsin - ya gələcəkdə yaxşı iş tapmaq üçün, ya da ölkədən getmək üçün. Təbii ki, bu məsələlər stimullaşdırıldıqca dövlət dili ayaqlar altına düşər. Beləliklə, məmurların öz ana dilində səlist danışması hakimiyyətin dövlət dilini sevməsindən, ona hörmət etməsindən, onu təbliğ və təşviq etməsindən asılıdır. Yəni bir daha qeyd edirəm, dil haqqında qəbul etdikləri qanunu icra etsinlər”.
“Yeni Müsavat”