"Mirzə dayının verilişlərə dəvət olunması üçün nə əziyyətlər çəkdiyimi Allah bilir"

22-05-2020, 10:21           
"Mirzə dayının verilişlərə dəvət olunması üçün nə əziyyətlər çəkdiyimi Allah bilir"
Teref.az Kulis.az-a istinadən “Ulduzlu çərşənbə” layihəsindən Xalq artisti Brilliant Dadaşova ilə müsahibəni təqdim edir.
- Karantin günlərini necə keçirirsiniz?
- Əlbəttə hər bir insan bu dünyaya sınaq, imtahan üçün gəlir. Allah insana xeyir və şər işlər görməsi üçün müxtəlif imkanlar yaradır. Seçimsə öz əlimizdədir. Bu çətin günləri dövlətimizə inanaraq, güvənərək, hökumətimizin bizə məsləhət gördüyü şəkildə keçirirəm. “Evdə qal” çağırışına əməl edirəm. Həyat şirin bir nemətdir. Çalışıb özümüzü qorumalıyıq. Amma mən ölümdən heç vaxt qorxmamışam. Çünki ölümün də bu dünyadakı imtahanın davamı olduğuna inanıram.
- Seçilən hər insanın bir uğur hekayəsi və bu hekayədə baş rollarda olan insanlar var. Çox güman ki, bu sizdə də belə olub. Kimlər var uğur hekayənizdə?
- Çox çətin sual oldu. Bu mövzuda kitab yazmaq olar. Ən başa getsək, mənim sənətçi olaraq var olmağımın əsas səbəbi Süleyman Dadaşov, Qızxanım Dadaşova, Məlik Dadaşov, Rafael Dadaşov, Sədaqət Dadaşova, Hökümə Nəcəfova, Hüseyn Ərəblinski kimi Azərbaycan incəsənətinə öz möhürünü vurmuş insanların ailəsində dünyaya göz açmağımdır. Məni səhnəyə çıxmağa məcbur edən təkrarsız sənətkarımız, qardaşım qədər doğma olan Akif İslamzadə, mədəniyyətimizin dühası, caz ustası Rafiq Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev, Şəfiqə Məmmədova, Rahilə Cabbarova da mənim uğur hekayəmdə danılmaz rola sahibdirlər. Onların yeniyetmə bir qıza olan inamı, etimadı, mənə göstərdikləri düzgün yol sayəsində bu gün bu yerdəyəm. Acısı ilə, sevinci ilə bütöv bir həyat məktəbi keçmişəm.
- Ananızı çox erkən itirmisiniz. Ondan sonra hansı acıları yaşadınız, nə kimi çətinliklər gördünüz?
- Hər bir anasız uşaq nə yaşayıbsa, hansı hissləri keçirib, nə kimi haqsızlıqlarla qarşılaşıbsa hamısını yaşamışam. Ona görə də uşaqlara və ümumiyyətlə zəif insanlara qarşı olunan haqsızlıqlara dözümüm yoxdur. Həyətimizdəki anaların öz qızlarını müdafiə etmək üçün etmədiyim günahları mənim boynuma atmasından tutmuş bu gün tanınmış olduğum üçün üstümə atılan böhtanlara qədər hər şey məndə güclü immunitet yaradıb.
- Sizi hər zaman formada görürük. Hətta mən bəzən dostlar arasında zarafatla deyirəm ki, mən qocaldım, Brilliant Dadaşova yaşlanmadı. Qadını təravətli saxlayan nədir; pul, yoxsa yaxşı gün?
- Virusların, xəstəliklərin dünyaya meydan oxuduğu bir vaxtda puldan bəhs ediriksə... Deyim ki, mən ailə quranda cehizlik bir fincanım da olmayıb. Yeniyetmə vaxtlarımda qadın toylarından qazandığım pulla universitetdə həndəsə-riyaziyyat fənlərindən dərs deyən, quru maaşla bizi böyüdən atamın evini təmir etdirdim. Hər dövrdə ev təmir etmək, tikmək bahalı olub. Bacılarımla lotereya oynayıb ilk məbləği alan kimi (bu məbləğ ovaxtkı pul ilə 12 min rubl idi – B.D.) qəpiyinə qədər evimizin təmirinə xərclədim. Evin kiçiyi olmağıma baxmayaraq, böyüdükdən sonra mərmərin tapılmayan və bahalı vaxtında anamın məzarını məhz mən tikdirdim. Onu demək istəyirəm ki, anasız böyüdüyüm üçün cehizim yox idi, amma əlimə düşən pulu lazım olan yerlərə xərcləyirdim. Ruzini verən Allahdır. Heç vaxt deməmişəm ki, bacılarım böyükdür onlar etsin niyə mən edim? Atamın da məzarını özüm tikdirmişəm. Baxmayaraq ki, hamımız pul qazanmışıq. Sözüm gənclərədir! Hər şeyi böyüklərdən gözləmək düzgün deyil. Puldan, gözəllikdən, ağ gündən söz açdınız deyə mən də həyat hekayəmi danışıram. Ömür boyu ətrafda bir qəpiyini də özündən başqa heç kimlə bölüşməyən bir çox insanlar görmüşük. Maddiyat da Tanrının imtahanlarından biridir.
- Bildiyim qədərilə, bir əliniz həmişə bacılarınızın üstündə olub.
- Məsələn, əmim oğlu Rafael Dadaşov qızının nişanında qonaqların dəvət olunandan ikiqat artıq gəldiyini görüb haqlı olaraq həyəcan keçirirdi. Onda bizim oğlumuz 8-9 yaşında idi. Çox nadinc olduğu üçün nişan günü yıxılıb möhkəm əzilmişdi. Mən evə qayıtmazdan əvvəl son qəpiyimə qədər nişan xərcini restorana ödədim ki, əmim oğluna hesabın çatdığını desinlər. Bacılarımın uşaqlarının cehizləri, institutu, maşını... Hətta illər əvvəl Rafael ilk dəfə ürək əməliyyatı keçirəndə ödənişini etdim. Neftçilər xəstəxanasında rəhmətlik Fəxrəddin doktor dedi ki, sənə halal olsun! Belə əmiqızı ilk dəfədir görürəm.
Əmim Məlik Dadaşovun bütün yas və dəfn xərclərini ödədikdən sonra evimizdə bir qəpik qalmasa da Allah onun əvəzini tez bir zamanda yetirib. Bütün bunları ona görə danışıram ki, biləsiniz, heç vaxt arsız olub, yalnız öz gözəlliyimi düşünməmişəm. Dünya fanidir. Zəhmət və qazanc hamısı bu dünyada qalacaq.
- Çox bahalı işlərə imza atırsınız hər zaman. Gəliriniz çıxarınızdan çoxdur?
- Bilirsiniz, estrada musiqisi muğam kimi tar, kamança ilə kifayətlənmir. Estrada bahalı janrdır. Bizim oxuduğumuz saysız-hesabsız mahnılardan sadəcə birinin bəstəkar, aranjeman, studiya xərcləri 3-4 min manat tələb edir. Səhnə geyimləri, klipləri nəzərə alsaq xərclərimizin qazancımızı üstələdiyini görərik. Buna baxmayaraq, çox şükür edirəm bugünkü günümə. Cehizsiz ərə gedən bir qız həyat yoldaşımla əl-ələ verib borcla-xərclə də olsa ev də aldıq, bağ da, maşın da. Siz bölüşməyi bacarın, qohum-əqrəbanın problemlərini öz şəxsi borcunuz zənn edin. İnanın, Allah bunların əvəzini mütləq verəcək. Bir də məsləhətim odur ki, sağlam həyat tərzini seçsin insanlar. Siqaret, içki kimi pis vərdişlərdən uzaq dursunlar. Az yemək yesinlər, bacardıqca çox idman etsinlər. Həyat sizi yaralı quş kimi kainata atsa da, qanadlarınızı var gücünüzlə çırpın ki, yerə düşmədən uçasınız.
- İstedadlı və şöhrətli bir nəslin davamçısısınız. Və siz bacılar da bu istedadı çox gözəl bir şəkildə mənimsədiniz. Amma ən çox parlayan siz oldunuz. Sizi daha çox önə çıxaran nə idi? Şansınız, yoxsa istedadınız?
- Zəhmətkeş olmağım. Bir də ailəmizin, atamın, əmilərimin tərbiyəsinə dünyagörüşünə uyğun, onlara bənzəyən həyat yoldaşı seçməyim. Sənətə olan sonsuz inamım, sevgim. Yəqin, bunlara səbəb kimi baxmaq olar. Bacılarımın öz istedadlarını məhv etmələrinin səbəbini əfsus ki, ailəmizin mentalitetinə uyğun olmayan həyat yoldaşı seçmələri ilə, həyat yoldaşlarının qadına şiddəti təbliğ etmələri, musiqinin, sənətin nə olduğunu anlamayan insanların əlinə düşmələri ilə əlaqələndirirəm.
- Billiant xanım, Mirzə Babayev və Məlik Dadaşovla aranızda küsülülük olması ilə bağlı uzun illər söz-söhbət dolaşdı və hələ də davam edir. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Mirzə dayı ilə küsülü olmamışam, amma aramızda bir balaca inciklik yaranmışdı. Mirzə dayının verilişlərə dəvət olunması üçün nə əziyyətlər çəkdiyimi Allah bilir. O dövrdə kanallarda çalışan redaktor və rejissorlar da bunu təsdiq edə bilər. Mənə çox pis təsir edirdi Mirzə dayının efirdən uzaqlaşdırılması.
- Mən xatırlayıram ki, sizin Mirzə Babayevlə aranızda çox yaxşı münasibət olub. Yəqin, Mirzə Babayevin efirə buraxılmamasının səbəbini ən yaxşı siz bilirsiniz. Onu niyə efirə qoymurdular?
- Səbəbini soruşanda deyirdilər ki, Mirzə canlı yayımda lazım olanı da danışır, olmayanı da. Bilirsiniz, Mirzə Babayev açıq sözlü, fitnə-fəsaddan, yalandan uzaq insan idi. Bu da sovet hökumətinin yeni dağıldığı illərdə bir çoxlarına xoş gəlmirdi. Çünki Mirzə dayı onların xoşuna gələn və gəlməyən sözləri açıq-açıq efirdə demək gücündə idi. Hətta o vaxtlar belə bir şayiə də yayılmışdı ki, Mirzə Babayev toy məclislərində içib özünü idarə edə bilmir. Toyu bərbad idarə edir. Halbuki mən Mirzə dayının spirtli içki içdiyini görməmişdim. Mirzə dayı da o dövrdə bir çoxları kimi maddi çətinliklərlə qarşı-qarşıya qalmışdı. Məni toy məclislərinə dəvət edəndə onu da özümlə aparırdım. Toy sahiblərinə deyirdim ki, mənə verdiyiniz məbləğdən özüm ona qonorar ödəyəcəm, sizdən Mirzə dayı üçün əlavə ödəniş istəmirəm. Amma icazə verin toyu birlikdə idarə edək. Təbii ki, duetlər, yeni televiziya çəkilişləri, toy məclisləri Mirzə dayıda ikinci nəfəs yaratdı və hər kəs artıq onu verilişlərə dəvət etməyə başladı. Hətta onun solo konsertini təşkil edən şirkətlər tapıldı. Mirzə dayının guya solo konsertini təşkil edib, pulun çox hissəsini özləri götürüb ona az məbləğ ödədilər. Onu dekorasiyasız, özəl işıq effektləri olmadan, orkestrsiz, səhnədə sadəcə iki-üç musiqiçi ilə tamaşaçı qarşısına çıxması üçün dilə tuturdular. O da yaşlı insan idi, uşaq kimi hamıya inanırdı. Mən bu hiylələri anlayırdım deyə mane olmağa çalışırdım. O da məndən, təbii, təşkilatçıların təkidi ilə inciyirdi ki, niyə mən o konsertlərdə iştirak etmirəm. O yaşlı insanı hər fürsətdə dəfələrlə belə aldatmaları onların öz vicdanlarına qalsın.
Əmim Məlik Dadaşovla küsülü olmağımızı isə ilk dəfə sizdən eşidirəm (gülür). Əmimlə mənim münasibətim həmişə çox yaxşı olub. Hətta o institutda yıxılandan sonra bir həftə gecə və gündüz evə getmək şərti ilə yanında mən və Salman əmimin oğlu Alik qalmışıq. Həkim, dərman və sair ödənişlər mənim boynuma, əmimi qaldırmaq kimi ağır işlər isə Alikin öhdəsinə düşmüşdü.
- Mən bu barədə çox eşitmişəm. Oğlu Rafael Dadaşovun bacınızla ailə qurmasına qarşı çıxdığını da deyirlər.
- Bacım Sədaqətin əmim oğlu Rafael ilə ailə qurmasına nə atam, nə də əmim razı olub. Çünki deyirdilər hər ikisi ərköyün, inadkardır. Bir-biri ilə yola getməzlər. Onlar heç kimi dinləməyib evləndilər. Evləndikdən sonra doğurdan da heç yola getmədilər. Tez-tez münaqişələr yaşanırdı. O günlərdə atamla əmimi bu vəziyyət çox narahat etmişdi. Onların dərdləşməsindən bütün qohumlar danışırdı. Siz mənə indiyə qədər heç kimin vermədiyi sualları verirsiniz. Mən də bütün Azərbaycan bir ailəymiş kimi, hamının ailəsində belə talelər yaşanır deyə bunları gizlətməyi lazım bilmirəm.
- Brillant xanım sosial medianın aktiv istifadəçisi olan sənətçilərdənsiniz. Keçmişdə insanların məşhurlarla bağlı fikirləri dar çevrələrdə dolaşırdı. Kimsə sənətçinin qarşısını kəsib mənfi-müsbət fikirlərini söyləyə bilmirdi. Bu gün dövr dəyişib. İstənilən şəxs sosial şəbəkədə sənətçiyə ağlına gələni ünvanlaya bilir. Sizə də yazılır bu qəbildən olan şərhlər. Və belə şərhlərə reaksiyanız diqqət çəkir. Sənətçinin bu qədər əlçatan olması, tamaşaçının onun haqqında hər şeyi görməsinin, bilməsinin hansı müsbət və mənfi tərəfləri var?
- Əslində, mən sənətimi sevən, mahnılarımla yaşayan, musiqimlə sevinib, kədərlənən insanlarla ünsiyyətdə olmağı, onlara diqqət etməyi xoşlayıram. Ümumiyyətlə, təbiət etibarilə dialoqu çox sevirəm. İnstaqram və Feysbuk bizə heç tanımadığımız şəxslərlə ünsiyyət qurmaq imkanı yaratdı. Yaxşı hisslər elə gözəl emosiyalar bəxş edir ki, insan bu hissləri ifadə etməkdən həzz alır. Uzun illərdir, bu qədər, çoxu da ahıl yaşda olan tamaşaçı ordusunun sevgisi ilə yaşayıram. Bəli, düz qeyd etdiniz ki, təhqir, şər-böhtan yazan istifadəçilər də var. Biganəlik insana qarşı ən qorxunc münasibətdir. Düşünürəm ki, onları da diqqətsiz qoymaq olmaz (gülür). Çünki o insanların sayəsində həyatı öyrənirik. Həyatın qəddar, acımasız üzünü görürük. Şəxsi həyatlarının nə qədər acı olduğu su kimi aydındır. Bu barədə kitab yazmaq olar yəqin ki.
- Açığı, mən sizin çox da ünsiyyətcil bir sənətçi olduğunuzu düşünmürdüm. Allah rəhmət eləsin, Rafael Dadaşovun hüzründə jurnalistləri müdafiə etdiyinizi görəndən sonra şəxsinizlə bağlı düşüncələrimdə bir dönüş yarandı. O vaxta qədər elə bilirdim çox təkəbbürlüsünüz.
- Hansı hərəkətlərimə görə sizdə bu fikri yaratmışdım? “Kolleqalarımın” təsviri ilə?
- Zahiri görünüşünüz belə təsir bağışlayırdı desəm qane edər?
- Ola bilər. O soyuqda jurnalistlərə isti çay vermək əvəzinə onların işlərinə mane olmağa çalışanlar məni əsəbiləşdirdi. Jurnalistlər səhər tezdən iş başında idilər, zəhmət çəkib bir tikə çörəkpulu qazanan insanlardır. Əmim oğlunu üç-dörd gün tanıyan və mənim heç tanımadığım adamlar özlərini can yandırırmış kimi göstərirdilər. Və jurnalistləri qovurdular. Mənim haqsızlığa dözümüm yoxdur.
- Estrada janrı bu gün tənəzzül dövrünü yaşayır desəm yəqin, razılaşarsınız. Fərqli səslər var, istedadlı gənclər var, amma istiqamət sizin dövrünüzdəki istiqamət deyil. Niyə sənətçilər uzun müddət zirvədə qala bilmir? Halbuki bu gün imkanlar sizin dövrünüzdəkindən qat-qat yüksəkdir.
- Bu barədə heç danışmayaq. Çünki səmimi ola bilməyəcəm. Bir şey düşünüb, başqa cür danışmaq da mənim üçün ən ağır yükdür. O ağırlığın altında qalmaq istəmirəm.
- Məncə, peşəkar musiqiçi olaraq bu sualın cavabını məhz siz verməlisiniz. Nədir sizi qeyri-səmimiliyə sürükləyən?
- Bu, mənim üçün çox əhəmiyyətli və ciddi mövzudur. Ona görə də istəyirəm bu mövzuya ayrıca bir zaman ayıraq. Qısa olaraq budəfəlik fikrimi belə ifadə edim. Azərbaycan estrada musiqisini bəstələmək üçün Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mirişli, Səid Rüstəmov, Emin Sabitoğlu, Rauf Hacıyev və saymaqla bitməyən musiqiçilər konservatoriyalar bitirib sənətin zirvəsinə ucalmışdılar. Onlar dühalar idi... İndi isə cəmi üç-dörd bəstəkar adı çəkmək olar. Onlar da əsl estrada musiqisinə tələbat az olduğuna görə, demək olar ki, gündəmdən kənarda qalıblar.
- Ötən əsrdə sənətçilər daha çox mahnıları, klipləri ilə gündəm olurdu, indi yedikləri, içdikləri, hərəkətləri, geydikləri, aldıqları ilə gündəm olur. Belə mühitdə ayaqda qalmaq sizin üçün çətindir deyil ki?
- Bəli “yalnız brend geyinirəm” deyənlər, səhnədə səs əvəzinə akrobatik hərəkətlərin nümayişi ilə diqqət çəkənlər, pulla mükafat alanlar, pulla təbliğat qurub, başqasını gözdən salanlar, pulla özünü təriflədənlər və buna bənzər hər şey... Belə bir mühitdə biz də iki-üç nəfər sənəti, estrada musiqisini, bayaq sadaladığım bəstəkarları yaşatmağa çalışırıq.
- Erməni musiqiçisinin ifasına “Super” yazmağınız cəmiyyət tərəfindən aqressiv qarşılandı. Addımınızın bu dərəcədə ajiotaj yaradacağını hesaba almamışdınız deyəsən?
- Bu barədə danışanlar o qədər dezoinformasiya yaydılar ki. Bu haqda əsl həqiqəti bilməyib, özünü bilmiş kimi göstərib fikir bildirənlərə təəssüf edirəm. Nə isə. “Kral Lir”i oxumayanlara öz təbiətimi anlada bilmərəm. Kralın kiçik qızı Kardeliyaya bəslədiyim simpatiyanı indi daha yaxşı anlayıram. Şekspir onu pafoslu kəlmələrdən, saxta sevgi göstərişindən uzaq bir insan kimi qələmə alıb. Bu, əsl insani keyfiyyətdir. Məndə yaxşı musiqiçilərə qarşı nifrət yoxdur. Müharibə şəraitində olsaq belə musiqiçilərin sülh tərəfdarı olan insanlar olduğuna inanıram. Ələlxüsus da mənim köklərimdən gələn, türk soyunun adını daşıyan “Tərəkəmə” havasını qarmonda ifa edən ola.
- Brilliant xanım, bir çox yerli müğənnilərin Türkiyə şou-biznesinə qoşulmaq cəhdləri uğursuzluqla nəticələndi. Siz Türkiyə ilə sıx əlaqəsi olan bir sənətçisiniz. Amma deyəsən, sizin belə bir cəhdiniz olmadı. Yoxsa oldu da sizdə də nəticə vermədi?
- 1991-ci ildə ilk dəfə məni TRT-yə dəvət etdilər və İstanbulda solo konsertim çəkildi. Sonra Ankara studiyalarında “Azərbaycanın səsi” adlı audiokasetim yazıldı. “Sevəcəyəm” adlı mahnıma klip çəkildi. Sonra saysız televiziya və radio təklifləri aldım.
O dövrdə Azərbaycanda hərc-mərclik baş alıb gedirdi. Biz öz zəhmətimizlə halal çörəyimizi el şənliklərindən, toylardan qazanmışıq. O dövrdə toya gələn, demək olar ki, hər kəs cibində qanunsuz silah gəzdirirdi. Balaca uşaqla evdən çıxmaq belə təhlükəli idi. Sözlərimdən heç kim inciməsin. Mən sadəcə öz xatirələrimi danışıram. O vaxt məni heç bir səbəb göstərmədən AzTV-dəki işimdən çıxartmışdılar. Baxmayaraq ki, 1989-90-cı illərdə ifa etdiyim “Haydı, igidlər, birləşin daha”, “Qan içənin, baş kəsənin büstünə bax” kimi vətənpərvərlik mahnılarına görə dəfələrlə AzTV rəhbərliyindən töhmət almışam. Amma çox inandığım Xalq Cəbhəsi hakimiyyətə gələn kimi birinci işləri məni işdən azad etmək oldu. Təbii ki, burdan köçməyi qərarlaşdırdım. Bakıdakı evimizi satana qədər hakimiyyətə artıq Ulu öndərimiz gəldi. Bizim ümidimiz yarandı. Evi satmaq fikrimdən daşındım və Türkiyəyə köçmək fikrini də unutdum.
- Ümumiyyətlə, o mühitə bələd bir sənətçi olaraq bunun səbəbini necə izah edərdiniz: Niyə bizim sənətçilər Türkiyədə populyar ola bilmir?
- Orda fəaliyyət göstərmək üçün orda da yaşamaq lazımdır. Mən sonralar onların təklifi ilə “Seyhan Müzik”dən 2 CD çıxartdım. Bir neçə klipim çəkildi. Bu yaxınlarda kifayət qədər məşhur olan Kamal Aslan prodakşnında yeni klip və singl hazırladıq. Mənim Norveçdə, İsveçdə, Amerikada, Hindistanda, Almaniyada və başqa bir çox ölkələrdə CD-lərim çıxıb. Amma bütün bunlar sadəcə sənət naminə görülən işlərdir. Sizə deyim, əslində, onların sənətçiləri Bakı toylarına - Azərbaycanda konsert verməyə daha çox can atırlar. Çünki burda bizə qıymasalar da, onlara yüksək məbləğdə qonorar verilir.
- Ötən ay danışanda konsertə hazırlaşdığınızı demişdiniz. Necə oldu konsertin aqibəti?
- Hələ ki, dayandırmışıq. Məşq də edə bilmirik. Təxirə salmaq haqqında düşünmürəm.Amma onu da bilirəm ki, məşqsiz çox çətin olacaq. Böyük bir orkestrlə olacaq konsert. Bir faiz də imkan olsa, mən bu konserti təxirə salmayacam. Çünki insanlar böyük bir stressdən çıxacaqlar. Onlara müsbət enerji, gözəllik ötürmək olacaq missiyamız. Təbii ki, bu konsertdə qazanc barəsində fikirləşməyəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.