"Biz siyasi təşkilat və yaxud partiya yaratmırıq, dövlət qururuq..."
22-05-2020, 21:49
Ən son yazışmamızda Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli ilə razılaşmışdıq ki, çox da dərinə getməyək. Dedim ona ki, sən doğru bildiyini nə qədər istəyirsən söylə. Mən sənə baş qoşmayacağam. Onun apardığı kampaniyaya indiyədək tək bir cümə ilə cavab verməmişəm.Ayıb bilmişəm/ Başqaları nə deyər-demişəm. Amma olmur. Vallah olmur. Artıq Ələkbərli bizi hədələməyə başlayıb. Bir yazısına başlığını belə qoydurur: Mən sizə xəbərdarlıq edirəm! Adamlar da elə bilərlər ki, biz hansısa cinayət eləmişik. Bir adamdan soruşarlar, axı sən kimsən? İki adam tanımadığın və 20 ildə iki dəfə yolun düşmədiyi rayondan deputat olmaqmıdır səni belə “cəsarətli” edən? Elan olunan Qərbi Azərbaycan (irəvan) Respublikanın təşəbbüs qrupunda iştirak edənlərdən nəyin artıqdır və buradakı insanlara qara yaxmaq sifarişini kimdən aldın?
Biləsiniz əziz oxucualar, deputat Əziz Ələkbərlinin qarayaxma kampaniyası təkcə mənə qarşı deyil. Bu işə könül verən minlərcə insana qarşıdır. İlk günlərdə təxribatçı fikirləri ilə ortaya atılanda da ona baş qoşmadım. Əhəmiyyət vermədim, dediklərinin mənasız söz yığını, məntiqsiz, gülünc və zərərli olduğunu hər kəs gördüyündən ona ciddiyət qatmağa gərək olmadığını düşündüm. Ən düzü də bu idi. Və günün birində özü mənimlə təmas qurdu və ona anlatmağa çalışdım ki, Qərbi Azərbaycan höküməti qurmaq ideyası artıq ideaya olmaqdan çıxıb, o artıq reallıqdır. Siz etməmisiniz, biz etmişik. Nə fərqi var? Nəticədə ümumi iş görmüş olarıq. Gəl daşı tök ətəyindən. Buna qarşı getmək sənin özünü hörmətdən salar. Yaxın gəlmirsənsə, get işinlə məşğul ol, bizə mane olma. Dünyanın ən müxtəlif ölkələrindən bizim təşəbbüsümüzə səs veriblər. Səndən də, bütün Qərbi Azərbaycandan olan adamlardan dəstək umuruq. Anlatdım ki, sən də Qərbi Azərbaycanlıların “kvotasından” seçilmisən. (Dedi ki, yox? məni YAP-dan seçilmişəm.) Bunları, əslində etməyə borclusan. Bunu etmirsənsə, özün bilərsən, get işlərinlə məşğul ol. Çəkil qarşımızdan. Və razılaşdıq. İfadə eynən belə idi: “Sən yoluna, mən yoluma...”
Amma həmin gündən bu günə bu adam durmur bir yerdə, qapı qapı gəzir, TV-lərə çıxır, qəzetlərə müsahibələr verir, özü öz yazısını bir neçə dəfə paylaşır, paylaşır, tolları vasitəsilə paylaşır... Nədi dedikləri? Eyni şeylər... Nələr söylədiklərini sadalayıb sizi yormaq istəmirəm. Məsələn, dediklərindən biri budur: Qaçqınlar Cəmiyyətində onlar keçən ildən başlayaraq icma yaratmağa başlayıblarmış, dediyinə görə 100 - ' yaxın icma da varmış.... İcma da nədir? Bir dəftər, oraya da kəndlərin və orada yaşayanların adları yazılıb. Bu işdə iştirak edənlərin dediklərini deyirəm, bizim indi elan etdiyimiz Qərbi Azərbaycan hökümətini sən demə icmaları inkişaf etdirməklə quracaqlarmış (son dərəcə sayğı ilə qarşılayıram!), sonrakı illərdə onları böyüdəcəklərmiş, sonra bu kənd icmaları böyüyüb- böyüyüb olacaqmış Qərbi Azərbaycan İcması, sonra Ermənistandan bu icmaların oraya qayıtmağını tələb edəcəklərmiş, Ermənistan da bu icmaların orada fəaliyyətinə və adamların qayıtmasına icazə verəndən və orada əhalimiz yerləşəndən və dövlət strukturlarında yer alandan sonra Qərbi Azərbaycanlılar üçün dövlət tələb edəcəklərmiş, ya da hansısa oluşum istəyəcəklərmiş. Siz bu nağıla inanırsınızmı?
Amma onu da deyim ki, başladıqları həmin “icma oyununu” davam elətdirmək üçün mənim hesablamalarıma görə Əziz müəllimə daha 30 il lazımdır, çünki indiki Ermənistanda yaşayış məntəqələrinin sayı 100 deyil, daha çoxdur. Bir fikri deyərkən, dediyin sözün məsuliyyətini anlaman lazımdır, heç kəs qanmaz deyil. Axı sən artıq Milli Məclisdəsən, heç olmasa orada Azərbaycan Demokratik Cümhuriyyətinin tarixini vərəqlə ( Orda kitablar var), 28 may 1918-ci ildə icma var idi? Sənin sözündən belə çıxır ki, Demokratik Cümhuriyyətini elan edənlər gözləməli idilər icmalar formalaşsın, siyahılar tutulsun, cəmləşsinlər bir yerə, sonra Cümhuriyəti elan etsinlər. Tarixi şərait necə diqtə edirsə, ona uyğun da hərəkət edilir, cənab deputat. Qarsda Cənubi – Qərbi Qafqaz Cumhuriyətinin elan olunması da belə olub. Digər təcrübələr də var. Ancaq sən anladığın kimi olmalıdır?
Adamdan onu da soruşarlar, Qərbi Azərbaycan Respublikasını elan etmək yolu həmin o “icma yolu” idisə, niyə onu bir il, il yarım əvvəl deyil, on il, iyirmi il bundan öncə başlamırdınız? Başqa şeyləri demirəm, bunun da bir hesabını soranlar tapılacaq yəqin... Adamdan onu da soruşarlar 30 il bu işlə məşğul olasan, amma onu yaratmağa cəhd etməyəsən, üstəlik bu işi görmək istəyənlərin üstünə topla tüfənglə gedəsən - bunda bir müəmma var deməkdir. Nədir o müəmma, Əziz müəllim? İnsan məcbur düşünməyə başlayır ki, bəlkə bunu qəsdən ediblər, otuz ildən artıq bu “işi” monopoliya alan adamlara sadəcə olaraq belə bir oluşumun ortaya çıxması sərf eləməyib bəlkə? Bəlkə burda da erməni barmağı var? Sən ehtimal etdiyin kimi, biz də belə ehtimallar irəli sürə bilərik və əlimizdə əsaslar da var ki, bu işin reallaşmasına maneələr olub. Qaçqınlar Cəmiyyətinin arxivi niyə it-bata düşüb? Oradakı sovet pasortları indi bizə lazımdır. Onların qorunub saxlanmasına kim məsuliyyət daşıyır? Qaçqınlar Cəmiyyətindəki zəngin arxiv özü də necə oldu, qeybə çəkildi. Bəlkə yerini deyəsən Əziz müəllim? Mənim yadımdadır, QC-də çalışanların, könüllü bu işə qoşulanların yardımı ilə minlərcə insanın başına gətirilən hekayələr yazıya alınmışdı. Bir hissəsi “Vətən səsi” qəzetində Teynur Əhmədovun baş redaktor olduğu dövrdə dərc olundu. Qalanı hardadır? Bu və digər sənədlər indi bizə lazımdır. Sizdən rica edirik, verin beynəlxalq təşkilatlara çıxaraq. Bu məsələ ilə bağlı bir araşdırma komissiyası, ya da jurnalist araşdırmasını mütləq başladacağıq. Sizə görə deyil, bizim üçün prinsipial əhəmiyyət daşıdığına görə.
Mən hörmətli deputat Əziz Ələkbərlinin bu və başqa məsələlərə azərbaycansayağı yanaşmasını da indi anlayıram. Hərənin bir obyekti- filan. Onun isə heç nəyi yox. Möhkəm yapışıb Qaçqınlar Cəmiyyətindən. Amma onu anlamış deyiləm ki, biz bu respublikanı elan etməzdən 20 gün əvvəl ona göndərdiyim bəyannaməyə niyə “baxmayıb”. Özü də deyir ki, bu işə ən azından 5 dəfə təşəbbüs edilib, amma başarılı olmayıb. O bəzi şeyləri ehtimal etdiyi kimi, mən də ehtimal edirəm ki, Əziz müəllim düşünüb ki, buna 4-5 dəfə təşəbbüs edilib, alınmayıbsa, bu dəfə də inşallah alınmaz. Amma bu dəfə olanların fərqinə varınca Əziz müəllim bunu həzm edə bilmir və mənə verdiyi sözü belə tutmur, ikilikdə yazışmamazı belə unudur. Hətta aramızda bu da olmuşdu ki, kimsə sosial şəbəklərdə ona qarşı nəsə işlədəndə, götürüb mənə yazmışdı ki, sənin adamların məni təhqir edir. Onun dediyi adamı gerçəkdən tanımırdım. Amma bununla belə həmin şəxsi tanıyanlardan rica etdim ki, Əziz müəllimdə işləri olmasın... Özünə də dedim, yaxşı, bunu da etdik... Daha nə istəyirsən? İstəyirsən mən Azərbaycan xalqına müraciət edim ki, hörmətli deputatımız Əziz Ələkbərli ilə işiniz olmasın. Özüm də facebook yazdım ki, biz Əziz müəllimlə anlaşdıq. Təqdir etdilər. Yaxşı ki, bu yazışmalar müasir texnolgiyaların üstünlüyü sayəsində bilgisayar yaddaşına həkk olunub. İstənilən vaxt yayınlaya bilərəm. Amma yenə durmur.. Özü bir yana dərhal bir- iki qul-beçəsini də səfərbər edib ki, statuslar yazdırır, etiraz edirlər. Özü isə yekə- yekə xəbərdarlıq edir. Sanki cinayətlərimizi bilir, bizi suç üstündə yaxalatdırıb. Trollarının yazdıqlarına 50 nəfərdən ən az 49-u etiraz etsə də, onları kəskin şəkildə qınasa da yenə davam edirlər.. Tapşırıq alıblar yəqin . Mən inanmazdım ki, Əziz müəllimin də trolları olsun. Onun özündən və iki-üç özü kimisindən və mənim yaxşı tanıdığım bir FETÖ-cudan başqa başqa bizim atdığımız addıma heç kəs qarşı çıxmır.
Biz bunlara yenə əhəmiyyət verməzdik. Amma “xəbərdalıq edirəm” kimi qabiliyyətsiz cümləsini onun özünə qaytarmaq üçün bu yazını yazmaq zorunda qaldım. Həm də bunun bir sonu olmalıdır, ya yox? Budur, iki gün əvvəl “Yeni TV” də məntiqsiz və mənasız cümlələri ilə adamın ətini tökdü. Budur, bu gün də yenə “Yeni Musavat” qəzetinin qapısını döyüb, yenə “çevir tatı, vur tatı” və prokuror Əziz Ələkbərli bizə də ciddi xəbərdarlıq edib! Redaksiya da gecə- gecə yazını mənə göndərib ki, qarşı tərəf kimi mövqeyinizi bildirin! “Yeni Musavat”dakı yazını oxuyan elə bilər ki, biz bir cinayətə imza atmışıq. Neyləmişik, dostlar? Mən bilmirəm, bəlkə atdığımız addım doğrudan da cinayətdir. Cinayətdirsə dayandıraq bu işi. Əzizin də ürəyi sakitləşsin. Düşünün bunları, Azərbaycan xalqı. Biz 30 ildə Əziz Ələkbərli kimilərin eləmədiyi bir addımı atmış və Qərbi Azərbaycan (İrəvan ) Respublikasını elan eləmişik. Bu suçdursa qanun qarşısında Türk demiş, “ boynumuz qıldan incədir”.
Əziz müəllimin ittihamına baxın: Bizim elan etdiyimiz bu respublika gələcəkdə ermənilərin Dağlıq Qarabağda elan etdikləri qondarma qurumu legitimləşdirəcək. Heç əlaqəsi var? Lap tutaq ki, Əziz müəllim bu təhlükəni ”görüb”. Bəs onun özü elan etsəydi, bu təhlükə aradan qalxacaqdı? Bu məntiqi siz dəyərləndirin. Başqa bir yerdə başqa bir şey deyir. Deyir respublikanın elan edilməsinə deyil, onun vaxtının düzgün seçilməməsinə etiraz edirik. Niyə? Biz etibarımızı azaltmaq üçün gah pandemiyadan, gah ölkədə gedən islahatlardan, nə bilim nələrdən danışır... Qələmə verməyə çalışır ki, biz bunu elan etməklə islahatlara mane oluruqmuş... Nə əlaqəsi var? 5-ci kolondan –zaddan da danışır. Heç özü də bilmir nə deyir? Nə məqsədlə etdiyini bilməyə nə var. Əziz müəllim! Məlumunuz olsun ki, biz Qərbi Azərbaycan (İrəvan ) Respublikasının yaranması ilə bağlı ilk rəsmi məktubu və bəyannaməni Azərbaycan prezidenti cənab İlham Əliyevə göndərmişik.
Əziz müəllimin digər bütün arqumentləri gülüncdür. Və deyim ki, bəzən ermənilərin mövqeyi ilə üst-üstə düüşür. Bunu elə belə demirəm. Paşinyanın şəxsi qəzeti olan “Haykakan jamanak” qəzetində yazılanlarla Əziz müəllimin “şübhələri” üst-üstə düşür. Qəribədir deyilmi? Bizim respublikanın Türkiyədə elan olunması məsələsinə Əziz müəllimlə “Haykakan jamanak” qəzetinin baxışı tamamilə eynidir. (Lazım gələrsə həmin yazının tərcüməsini də mətbuatda yaya bilərik). Bəli, Əziz müəllim də “Haykakan jamanak” da deyir niyə bu respublika Türkiyədə elan olunmuşdur. Əziz müəllim niyə deyir, istəyir ki, Türkiyə bu işdən əndişələnsin və bu işə mane olsun. Əbəs cəhddir. Bax Əziz müəllim, ermənilərin elan etdikləri və bizdən fərqli olaraq bir erməninin belə qarşı çıxmadığı “Sürgündə Qərbi Ermənistan Respublikası” bir qurultayını Şuşada keçirib, digər birini Amerikada, o birini Fransada- Sevrdə edib... harda uyğun şərait var orda. Onlar bu respublikanı elan edəndə heç bir erməni ortaya “icma oyunu“ atmayıb. Mən onların quruluş tarixçəsi ilə bağlı Türkiyədə bir konfrans vermişəm. Məruzənin bir kopyasını göndərəcəm, ya da paylaşacam, oxu, gör orada ermənilər hansı yolla gediblər. Özü də ona izah edirik ki, ay deputat yoldaş, Türkiyədə elan olundu deyə bir şey yoxdur. Onu videokonfransla elan etmişik. Video konfransın məkanı Türkiyə deyil, virtual aləmdir, hər hansı ölkə, məkan deyil. Yenə də dediklərini təkrarlayır. Bir də bu respublikanın harada elan olunmasının bir fərqi var? Elə alqı oluşdurmaq istəyirsən ki, biz Azərbaycan hakimiyyətini saymamışıq? Bu 1937 il yanaşması deyil, nədir?
Lap tutaq ki, bu konfrans Türkiyədə olub. Burada nə təhlükə var? Amma baxın, əziz dostlar hörmətli Əziz müəllim qorxur ki, biz “xarici ölkə kəşfiyyatının maliyyə qanadının altına düşərik”. Dövlətçidir axı? Özü də bu fikri Əziz müəllim o zaman demişdi ki, biz respublikanı iki gün əvvəl elan etmişdik. Və demişdi ki, biz hansısa iş adamına yardım tələbində bulunmuşuq. Cəmi iki gün keçmişdi. Adamdan sorula bilərdi ki, iki gün içində hansı xəfiyyən belə məlumat gətirmişdi, Əziz müəllim? Mən sizə yazmışdım belə təxtribatlarla məşğul olmayın. Başqa vaxtlar özünüzü türkçü, Türkiyə tərəfdarı göstərirsiniz. Demək belə deyilmiş?
Əziz Ələkbərlinin “iradlarından“ biri də bizim Təşkilat Komitəsinin üzvlərinədir. Trolları da yazhayazdadırlar. Bir qüsur axtarmaqdadırlar. Bilməlisən ki, Əziz müəllim, sizdən fərqli olaraq biz heç kəsi buraya yığmamışıq. Respublikanın elanından sonra Qərbi Azərbaycandan olan alimlər, ziyalılar buna qoşulmağa başladılar və onların hər birinin bu işə könül verməyinin qarşısına bir kimsə əngəl ola bilməz. Bizim heyət kifayət qədər yetkin, dövlətini, vətənini sevən və könüllü bu işə bağlanan adamlardır. Biz siyasi təşkilat və yaxud partiya qurmuruq. Biz dövlət qururuq. Siz bir şəxs olaraq da, təşkilat rəhbəri olaraq da bizim mühattabımız deyilsiniz. Bütün qaçqın təşkilatları bizim yanımızdadır. Bizim hədəfimiz bəllidir. O təcavüzkar Ermənistan dövlətidir. Haqq və hüquqlarımızı müdafiə etmək üçün biz bir yola çıxdıq. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan ) Respublikasını elan etdik. Millətimizin, dövlətimizin gücünə güc qatmaq üçün! Bu işdə bizə mane olanlar tarixin zibilliyinə atılacaqdır.
Qafar Çaxmaqlı,
Ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru