“Rüstəm Usubovun 3 qızının hərəsinin 10 villası var” — Hafiz Hacıyev

23-05-2020, 19:21           
“Rüstəm Usubovun 3 qızının hərəsinin 10 villası var” — Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müsahibə verib.


Həmin müsahibəni təqdim edir:


- Hafiz müəllim, Ağstafanın yeni icra başçısı Seymur Orucov ölkə prezidentinin onlayn qəbulunda olarkən AXC-Müsavat hökumətini sərt tənqid edib. Gənc icra başçısının bu çıxışını necə qiymətləndirirsiniz?


- Bəziləri istəyirlər ki, sözlə özünə xal yığsın. Hazırda ölkədə dialoq mühiti yaranıb, bəzi insanların bu işlərə əl qoyması yersizdir. Gedib normal işlərini görsünlər, rüşvət almadan xalqa xidmət eləsinlər. AXC-Müsavat hakimiyyətində nə baş veribsə, biz deyirik. Cənab prezident deyib deyə, onu təqlid etməyə ehtiyac yoxdur. Çalışırıq ki, ölkədə barışıq mühiti yaransın. Müxalifətdə hamı satqın deyil. Hamının üstündən xətt çəkmək lazım deyil. O icra başçısı uşaqdır, hörmətli Şəmsəddin müəllimin də kürəkənidir, gərək, elə şeylərə yol verməsin. Hamımız bir torpağın övladlarıyıq. Bu cür süni nüfuz qazanmaq yersizdir. Yaxşı gələcək vəd etmir.


- Siyasi müşahidəçilər hesab edirlər ki, icra başçıları, ümumiyyətlə, məmurlar siyasətlə məşğul olmalı deyillər. Siz bu barədə nə düşünürsünüz?


- Çox düzgün fikirdir. Məsələn, Seymur Orucov gedib Ağstafada özündən əvvəlki məmurun buraxdığı nöqsanları düzəltsin. Rayonlarda vəziyyət ağırdır, yol, işıq, qaz yoxdur, ona diqqət etsinlər. Bunların siyasətlə nə işi var? Siyasətlə məşğul olmaq istəyirlərsə, gəlib bizi kimi partiya sədri olsunlar, ac-susuz yaşasınlar, onda bilərlər ki, vəziyyət necədir. Məmur, nazir, niyə siyasətlə məşğul olmalıdır? Siyasətlə məşğul olmaq üçün Prezident Aparatının şöbəsi var. Buraxacaqları nöqsanları kiminsə adına yazmaqdan ötrü siyasətçi olmağa dəyməz. Gedib təsərrüfatla məşğul olsunlar, rayonlara sərmaya qoydursunlar. Belə ucuz hörmət qazanmağa ehtiyac yoxdur. Onların bu davranışları normal deyil.


Ölkədə kifayət qədər partiya və sözünü deyən insan var. Bizim sahəyə qarışmasınlar. Biz onların sahəsinə qarışmırıq. Demirik ki, gedib rayonda rüşvət alırsız, kartları cibinizə qoyursuz, rayonda özünüz üçün keçi saxlayırsız və s. Əbülfəs Qarayev kimi mədəniyyəti olmayan bir adam gedib mədəniyyət işləri ilə məşğul olurdu. Onların siyasətə qarışması, kimlərisə tənqid etməsi düzgün deyil.


- Məmurların hər fürsətdə tarixə baş vuraraq Elçibəy hökumətini tənqid etməsi nə dərəcədə düzgündür? Elçibəyin komandasında yüksək vəzifə tutan bir şəxs kimi niyə bu ittihamları cavabsız buraxırsınız?


- Mən heç bir iddianı cavabsız qoymamışam. Düzə düz, əyriyə əyri demişəm. Olan nöqsanları da, yaxşı işlərimizi də dilə gətirmişəm. Mənim özümdən götürək, 55 ton qara kürü vermişəm, niyə yaxşı işimi demirlər? Deməzlər də... Bəzi insanlar var ki, onlar bizə baş qaxıncıdır. İndi qaçıb gizləniblər. Ədaləli mövqe tutmaq lazımdır. AXC-Müsavat dövründə böyük nöqsanlar olub, onlara görə Azərbaycan milli hakimiyyəti əldən getdi. Hamısı cəzasını çəkdi. Düzdü, hələ də Avropaya işləyən Əli Kərimov çöldədir. Bunu da çox şişirtməyə, bir illik hakimiyyətdən çox şey ummağa dəyməz.


- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dövlət başçısına müraciət edərək Müdafiə naziri olmaq istədiyini dilə gətirib. Bəs siz özünüzü hansı posta layiq hesab edirsiniz?


- Biz ölkədəki ən yüksək postlara layiq olan insanlarıq. Məsələn, əgər bu gün respublikada Ərzaq Təminatı və Kənd Təsərrüfatı Komitəsi yaradılsa, mən oraya rəhbərlik edərəm. Azərbaycana xaricdən gələn malların qarşısı alınar, ölkənin öz taxılı, kartofu, soğanı, əti olar. Bu gün ətin qiyməti 14 manatdır, mən rəhbər olsam, ətin qiyməti 6-7 manat olar. Bizdə görülüb ki, hər kəsin var-dövləti vəzifədən gedəndən sonra üzə çıxır. Rüstəm Usubovun nələri üzə çıxdı? Zakir Qaralovu yoxlasınlar, görsünlər ki, onun triliyonları var. Niyə gedənin arxasınca danışırıq? Mənim kimi zamanında danışsınlar.


Buna görə də düşünürəm ki, biz ən yaxşı vəzifələrə layiqik. Vəzifədəkilərin hərəsi bir yolla gəlib. Canı sağ olsun prezidentin, artıq hər şeyi gözəl bilir və bunun qarşısını alır. Biz istəyirik prezidentə kömək edək. Usubov milyardları yedi, niyə cavab vermir? Yeyib dağıtmağa nə var ki...


Nənəm də qəbirdən çıxıb 3-5 milyard oğurlayıb rahat yeyə bilər. Mən vaxtilə deyirdim ki, Zakir Qaralov ləyaqətsiz baş prokurordur. Ciddi qəbul etmirdilər. Keçmiş baş nazirin müavini Əli Həsənovun ölkəni dağıtdığını deyəndə də susurdular, qınayırdılar. Amma nəticə ortadadır. Bu gün də getməli olan nazirlər var. Mədəniyyət naziri bu qədər qələtlər elədi, getdi. Digərləri də edirlər, qalmalı deyillər.


Rüstəm Usubovun 3 qızının hərəsinin 10 villası, avtomobili var. Deməli, o cinayətkardır, yoxsa haradan bu pulları haradan alacaq? Biz isə dövlət başçısına sadiqik, rüşvətxorlara qarşı ciddi mübarizə aparacağıq. Düşünürəm ki, ölkə müxalifətindən də bu problemlərin həllində istifadə etmək ağıllı addım olar. Əgər Əli Əliyev deyirsə ki, mən Müdafiə naziri olaram, bu çox normal haldır, onu da sınamaq olar. Çoxları söz deməyə qorxur, amma bizim hər şeyə gücümüz çatır. Sadəcə təbii ki, Əli Əliyevə bu imkanı verməzlər.


- Müşahidəçilər yeni kadrların hakim partiyanın üzvləri arasından seçilməsini bir o qədər də yaxşı hal hesab etmirlər. Onların fikrincə, digər siyasi partiyaların da potensialından istifadə etməyin vaxtı çatıb. Sizin partiyada icra başçısı, nazir postunu tutmağa layiq olan kadrlar varmı?


- Ana, dədə, bacı müxalifət “biz belə edərik, elə edərik” deyir. Gəlib bir vəzifə tutsunlar. O vəzifəni batırandan sonra artıq səsləri çıxmayacaq. Bizə gəldikdə isə niyə yoxdur ki? Aramızda həddindən artıq layiq olanlar var. Müxalifətdən də olsun, iqtidardan da...


Bizim də, YAP-ın da içində ləyaqətli adamlar var, bunu seçməyə dəyməz. Məqsədimiz ölkədə inkişafın olmasıdır. Ermənilərin Şuşada parad keçirməsini istəmirik. Parlamenti Şuşaya köçürmək istəyirlər, bunun qarşısını birgə almalıyıq. Müxalifətdə də ləyaqətli adamlar var. Onların da potensialından istifadə olunmalıdır.(yenisabah.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.