“Azərbaycan bu məqsədlə razılıq verdi ki…” - Keçmiş səfirdən Xudafərindəki qalmaqallı tikinti ilə bağlı ŞOK AÇIQLAMA
24-05-2020, 10:10
İranın Azərbaycanda keçmiş səfiri, politoloq Əfşar Süleymaninin müsahibəsi:
- Əfşar bəy, İran koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biridir. Bunu infeksiyanın İranı hazırlıqsız yaxalaması ilə yanaşı, pandemiyaya qarşı mübarizənin effektiv aparılmaması ilə izah edənlər də var. Siz bu barədə nə düşünürsünüz?
- Hər halda İran dövləti koronavirus pandemiyasına qarşı bir sıra tədbirlər həyata keçirdi. Hesab edirəm ki, ümumi götürdükdə İranın koronavirusa qarşı mübarizəsi pis deyildi. Burda bir məsələ də var. Bu bəlaya qarşı mübarizədə vətəndaşlar da fəal olmalı, dövlətə kömək etməlidir. Onlar qaydalara riayət etməli, sağlamlıqlarının qorunması üçün lazım olan tədbirləri görməlidir. İranın daxilində vəziyyət çox fərqli idi. Amma hər halda İran pandemiyanı lokallaşdırmaq üçün müəyyən işlər gördü. Təbii ki, nöqsanlar da var idi. Bəzi şəhərlərdə yoluxma çox, bəzilərində lap az olmuşdu. Karantin qaydaları bir az gec elan olundu və bunula bağlı da tənqidlər mövcud idi.
- Bəzi ölkələrdə artıq pandemiya lokallaşdırılıb. Hətta özünü qalib hesab edənlər də var. Sizcə, İran bəşəriyyəti təhdid edən bu bəla ilə mübarizədən qalib çıxa bildimi?
- Bəli. Hesab edirəm ki, İran bu məsələdə qalib çıxıb. Doğrudur, problem tam olaraq həll olunmayıb. Bu digər ölkələrdə də belədir. Amma vəziyyət əvvəlkindən xeyli dərəcədə fərqlənir. Əgər əvvəllər kütləvi yoluxma və ölüm halları var idisə, indi artıq belə deyil. Yoluxma və ölüm halları kəskin şəkildə azalıb. Virusa tam qalib gəlmək üçün vaksin hazırlanmalıdır. İndi dünya bununla məşğuldur. Digər tərəfdən bu bəlanın kökü axtarılır. Necə yaranıb, təbii prosesdir, yoxsa süni şəkildə yaradılıb və s. bu kimi suallara cavab axtarılır. Müxtəlif iddialar, mülahizələr səsləndirlir. ÜST də bu virusun nə zaman bitəcəyi haqda da konkret vaxt deyə bilmir. Ona görə də qələbə hələ tam əldə edilməyib.
- Koronavirus pandemiyasından sonra dünya düzəninin dəyişəcəyi barədə müxtəlif mülahizələr irəli sürülür. Bu mülahizələri bölüşürsünüzmü və İranı gözlənilən dəyişikliklərə hazır hesab edirsinizmi?
- Post-koronavirus dövründə dünyanın dəyişəcəyi barədə çox fikirlər səsləndirlir, proqnozlar verilir. Müəyyən dəyişikliklər əlbət olacaq. Xüsusilə, dünya artıq başa düşür ki, siyasi, hərbi, iqtisadi məsələlərdən başqa insanların sağlamlığı da önəmlidir. Eyni zamanda koronavirus göstərdi bəşəriyyət gözlənilməz təhdidlərə açıqdır. Yəni, qəfildən insanlıq üçün ciddi təhlükə yaran bilər. Ona görə də elmin, texnologiyanın, səhiyyənin inkişafı prioritet olmalıdır. Amma beynəlxalq münsaibətlər sistemində hələ ki, əhəmiyyətli dəyişiklik yoxdur. Yenə də güc faktoru əsas götürülür. Pandemiya dövründə ABŞ-ın İrana, Çinə qarşı atdığı addımlara baxın. Halbuki indiki dövrdə qlobal həmrəylik nəticəsində koronavirus təhdidindən qurtula bilərik. İndinin özündə antivirusun tapılması uğrunda da rəqabət gedir, əməkdaşlıq o qədər də ciddi deyil. Bu məsələlər göstərir ki, beynəlxalq aləmdə əsas məsələ gücdür. Bundan başqa gözlənilməz təhdidlərə qarşı ola bilər ki, ümumi bir fond yaradılsın, bu tipli halla qarşılaşanda dünya hazırlıqlı olsun. Həmçinin sığorta məsələləri də önə çıxa bilər. Koronavirusdan sonra mənim fikrimcə beynəlxalq aləmdə hansı ölkə güclüdürsə o öz gücünü saxlayacaq. Əgər indiyə kimi olan strategiyalar və ya rəhbərlikləri dəyişilməsə, ədalət məsələləri önə çıxmasa böyük dəyişiklik olmaya bilər. Yəni fikir və düşüncələr dəyişməlidir. Eyni zamanda əməkdaşlıq güclənməlidir. Amma düşünürəm ki, bu olsa belə zaman keçdikcə yenə də siyasi, iqtisadi, texnoloji və həmçinin səhiyyə sahələrində rəqabətlər daha da güclənəcək. Eyni zamanda hərbi rəqabət də öz ağırlığını saxlayacaq.
- Koronavirusla bağlı müstəqil təhqiqatın aparılması gündəmə gəlib. İranın bu məsələdə mövqeyi barədə nə deyə bilərsiniz?
- Əlbəttə, bu məsələ ilə bağlı təhqiqata ehtiyac var. Bu müstəqil şəkildə də ola bilər. Amma elə ölkələr var ki, onun müstəqil təhqiqat aparmaq imkanları məhduddur. Dünya ölkələrinin elmi və texniki potensialı eyni deyil. Ona görə də təhqiqatın birgə aparılması daha səmərəli ola bilər. Olsun, müstəqil təhqiqat da aparılsın. Bu təhqiqatların nəticələri təhlil edilsin və nəhayət, bu bəlanın kökü tapılsın. Fikrimcə, bu təhqiqatlar beynəlxaql təşkilatların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti aparılsa daha yaxşı olar. Bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, Çin müstəqil təhqiqata razılıq vermir. Hər halda görünən budur ki, bu məsələ bir qədər uzanacaq. Hesab edirəm ki, istər koronavirusla bağlı təhqiqatlar, istərsə də infeksiyaya qarşı mübarizə birgə aparılmalıdır.
- Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə gərginlik yaranıb. Doğrudur, bununla bağlı Bakı və Tehran arasında saziş imzalanıb. Amma Azərbaycan cəmiyyəti erməni faktorunu əsas gətirərək bu layihənin dayandırılmasına çağırışlar edir. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Bu məsələ barədə İran və Azərbaycan tərəfi araında razılıq əldə olunanda mən öz ölkəmin Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışırdım. Yəni, o zaman hələ Azərbaycana səfir göndərilməmişdim. Bu məsələ bizim nəzarətimiz altında idi. Aydındır ki, həmin ərazilər Azərbaycanındır və işğal altınadır. Əslində söhbət belə oldu ki, onsuz da işğal altında olan bu torpaqlar Azərbaycana qaytarılmalıdır. O zaman Azərbaycan da bu layihədən bəhrələnəcək. Yəni, Azərbaycan tərəfi əslində bu məqsədlə razılıq verdi. Daha sonra erməni tərəfi ilə danışıqlar aparıldı və beləliklə, layihənin icrasına başlanıldı.Yenisabah