Fəzail Ağamalı " Azərbaycanın Amerika ilə münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasında marağı var."
5-01-2016, 14:26
teref.az olaraq Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Azərbaycan-Amerika münasibətləri ilə bağlı “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Sizcə, fevralda Amerikanın Azərbaycana sanksiya tətbiq etməsi, məlum layihənin qəbul edilməsi reallaşa bilərmi?
- Deməzdim ki, bu adi layihələrdən biri kimi hazırlanıb. Nəzərə alsaq ki, Kriss Smit tanınmış konqresmenlərdən biridir və erməni diaporasının tam təsairi altında olan insandır. Ona belə bir layihənin hazırlanması üçün xüsusi tapşırıq verilib ki, sənəd Amerika Konqresində və Senatında olan erməmipərəst qüvvələrin fəal dəstəyi ilə qəbul olunsun. Lakin mən ümidvaram ki, onların bu niyyəti reallaşmayacaq. Ona görə ki bu layihənin Konqres tərəfindən qəbul olunması faktiki olaraq Azərbaycan-Amerika münasibətlərində çox ciddi problemlər yarada bilər. İnanmıram ki, Amerika bölgədə ən yaxın strateji müttəfiqi olan Azərbaycanı itirsin. Təbii ki, Amerikada Azərbaycanı sevən qüvvələr də var. Orada olan dostlarımız da sakit durmayacaqlar. İndi yəqin onlar arasında koordinasiya həyata keçirilir. Onlar layihənin qəbuluna imkanları qədər maneçilik törədəcəklər. Ümumiyyətlə isə, layihənin qəbul edilib edilməməsi barədə qəti fikir söyləmək çox çətindir.
- Bu layihə təkcə qeyd etdiyiniz kimi erməni lobbisinin yox, həm də Ağ Evin mövqeyi deyilmi?
- Ağ Evin özündə də erməni lobbisi yetərincə var. Bu gün ABŞ-ın Dövlət Katibi erməni lobbisinin tam təsiri altındadır. Con Kerri onların bütün gücüylə, maliyyə imkanları ilə saxlanılır. O birbaşa Ağ Evə təsiri olan insanlardan biridir. Ehtimalım ondan ibraətdir ki, antiazərbaycan qüvvələri həm Konqresdə, həm Senatda, həm də Ağ Evdə eyni məqsəd üçün fəaliyyət göstərirlər.
Burada ancaq Amerika dövlət başçısının, sağlam qüvvələrin iradəsi ortalıqda ola bilər. Ola bilsin ki, Amerikan prezidenti belə bir layihənin qəbul olunmasına imkan verməsin. Əgər layihə qəbul edilərsə, onun ləğv edilməsi çox böyük problem olar. Amerikanın təcrübəsində çox nadirən qəbul edilmiş hər hansı sənəd sonradan ləğv oluna bilər.
- Əvvəllər mediada Amerikaya qarşı kəskin fikirlər yer alırdı. Son günlərdə isə bunun şahidi olmuruq. YAP-çı millət vəkili də bu cür fikirlərin olmaması ilə bağlı mediaya çağırış etmişdi. Azərbaycan Amerika ilə münasibətlərin əvvəlki kimi olmasında maraqlıdırmı?
- Azərbaycanın Amerika ilə münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasında marağı var. Bu onun xarici siyasətində çox vacib xəttdir. Münasibətlərin hər hansı səviyyədə zəifləməsinə, korlanmasına razı deyilik. Smit Amerika demək deyil. O konqresmendir və ermənilərin təsiri altında olan adamlardan biridir. Biz gələcəkdə də bu cür təsirlərə məruz qalacağıq. Əminik ki, ABŞ-ın ağıllı insanları, erməni diasporasının təsiri altında olmayanlar Amerikanın maraqlarına xidmət edən addımlara yol verəcəklər. Biz çalışmalıyıq ki, Amerika siyasətində erməni təsiri minumuma ensin.
- Bəzi politoqların fikrincə, Amerikanın Azərbaycana sanksiya tətbiq etməsində məqsəd Azərbaycan Rusiyanın yanında olması ilə bağlıdır...
- Bu yanaşma doğru deyil. Azərbaycan Rusiyanın yanında deyil. Sadəcə Rusiya ilə qonşu ölkə kimi mehriban münasibətlərə malikdir. Bu da hökmən laızmdır. Biz qonşu dövlətlərlə mehriban münasibətlərə hər zaman üstünlük vermişik. Tutmuş olduğumuz bu xətt Azərbaycana hər zaman dividendlər gətirib. Azərbaycan siyasətində Rusiya amili yoxdur. Ölkə prezidenti heç bir tərəfin yanında deyil. Azərbaycan prezidentinin siyasəti Azərbaycanın yanında olmaqdır, ölkənin dövlət və milli maraqlarına xidmət etməkdir. Kimsə buna ruspərəst, qərbpərəst deyir. Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Azərbaycanın Qərblə qurmuş olduğu yüksək münasibətlər çərçivəsində həm ölkədə, həm də xaricdə şirkətlərimiz öz bizneslərini qururlar. Azərbaycan terrora qarşı Qərb ölkələri ilə bərabər öz imkanlarını ortaya qoyub. Əgər kimsə düşünürsə ki, biz Amerikanın Rusiyaya tətbiq etmiş olduğu sanksiyaları dəstəkləməliyik, bu Azərbaycanı sevməyən, onun güclənməsini istəməyən insanların düşüncələridir. Çünki vaxtilə İrana qarşı Qərb sanskiya tətbiq edəndə də onların yanında olmadıq. Hazırda Qərblə İran bütün xoşagəlməz münasibətlərə son qoyub və yeni mərhələ başlayıb. O zaman biz Qərbi dəstəkləsəydik, indi Azərbaycan necə vəziyyətdə olardı? İndi də Rusiyaya qarşı sanksiyalar varsa, Azərbaycan nə üçün Qərbin yanında olmalıdır? Düşünürəm ki, qətiyyən olmalı deyil.
- Belə iddialar da var ki, əgər Amerika Azərbaycanda insan haqlarının və demokratiyanın inkişafında maraqlı olsaydı, məlum layihə bundan çox-çox əvvəl qəbul edilərdi. Burada hansısa başqa maraqlar var...
- Amerikanın bəzi dairələrinin insan haqları və demokratiya kimi bəzi üsullardan istifadə edərək Azərbaycana təzyiq göstərməsinin arxasında ölkəmizi zəiflətmək onu özündən asəlı vəziyyət salmaq siyasəti durur. Azərbaycandan da çox Qərb ölkələrində demokratiyanın pozulduğunun, jurnalistlərin güllələndiyinin, həbsə salındığının şahidi olmuşuq. Necə olur ki, həmin ölkələrdə cinayətə yol vermiş şəxslər, hətta ölkə başçıları, baş nazirlər korrupsiya hallarına yol veriblərsə, istintaqa cəlb olunur, həbs edilir və burada demokratiya pozuldu deyilən yanaşma olmur. Azərbaycanda ayrı-ayrı şəxslər törətmiş olduğu cinayət əməllərinə, dövlətçiliyə qarşı atmış olduğu xəyanətkar mövqelərinə görə istintaqa cəlb olunursa, dərhal artıq Qərbdə erməni dirijorunun çubuğu ilə bütün xor kapellası hərəkətə keçir və demokratiya, insan haqları ilə bağlı müxtəlif musiqi nömrələrini ifa edirlər. Azərbaycan demokratiya yolunu tutub və bu istiqamətdə inkişaf edir. Elə ölkələr var ki, orada insan haqları çox pozulur, amma onlara gözün üstə qaşın var deyən yoxdur. Burada sadəcə Amerika da olan erməni lobbisinin əli var. Düşünürəm ki, Azərbaycanın daha dəhşətli düşməni dünyaya səpələnmiş etnik təşkilatlanmış ermənilərdir.
- Son olaraq, 2016- ci ildən iqtisadi və siyasi baxımdan gözləntiləriniz nələrdən ibarətdir?
- Biz neft amilini iqtisadiyyatımızda yaddan çıxarmalıyıq. Neftin olması bizim üstünlüyümüzdür. Ondan nə gəlirsə, bu da əladır. Ancaq bunu kənara qoyaraq, iqtisadiyyatımızın digər sahələrinin inkişafına diqqət etməliyik. Əgər müvafiq qurumlar bütün gücünü iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltsə, gömrükdə, vergidə aparılmış olan islahatlar daha sürətlə davam etsə, idarəçilikdə çevik üsullar tətbiq olunsa, neft amilinə söykənmədən iqtisadiyyatımızın dinamik şəkildə inkişafına nail olacağıq.