“Batum konfransında tərəflər dil tapa bilməsəydi, Azərbaycan 3 yerə bölünəcəkdi” - MÜSAHİBƏ

28-05-2020, 13:00           
“Batum konfransında tərəflər dil tapa bilməsəydi, Azərbaycan 3 yerə bölünəcəkdi” - MÜSAHİBƏ
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasınan 102 il ötür.

Müsəlman Şərqində qurulmuş ilk demokratik dövlətimiz olan Xalq cümhuriyyəti 23 ay yaşasa da tariximizdə böyük iz qoydu.

1918-ci ilin mayında Cənubi Qafqazda ictimai-siyasi vəziyyət necə idi? Azərbaycan adında müstəqil dövlətin yaranması ideyası necə meydana gəldi?

Bu və digər suallarımızı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırır.

“Mart qırğınlarının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək idi”

- Zaur bəy, o dövrdə ictimai-siyasi vəziyyət necə idi? Müstəqil dövlət ideyası, Azərbaycan anlayışı, cümhuriyyət məfkurəsi necə meydana çıxdı?

-O dövrdə regionda vəziyyət stabil deyildi. 1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi həyatda iki böyük cərəyan - milli azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya paralel mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli azadlıq hərəkatı son nəticədə imperiyaların dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətlərin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya daha çox rejimləri dəyişmək mahiyyətinə görə imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli azadlıq hərəkatının öncülləri “Difai”, və “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini, çoxtərəfliliyini və xalqının böyüklüyünü göstərir. Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində fəaliyyət üçün əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi qızışdı. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni terror dəstələri Cənubi Qafqazda kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımın başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması XX əsrin əvvəllərində Azərbaycan xalqının milli özünüdərketmə prosesinin qanunauyğun və məntiqi nəticəsi idi. 28 may 1918-ci il tarixdə “İstiqlal Bəyannaməsi”nin elan edilməsi xalqımızın dövlətçilik tarixində mühüm dönüş anı oldu. Azərbaycan Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. “İstiqlal Bəyannaməsi”nə görə, Azərbaycanda ali hakimiyyət xalqa məxsus idi. Qanunverici hakimiyyət-parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi. Hərbi quruculuqdan başqa, 1918-ci il 17 iyun tarixli intibahnaməsinə görə dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliləşdirilməsi əsas vəzifələrdən biri idi. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalaşdırılması, o cümlədən Azərbaycan xalqının milli ruhunun dirçəldilməsi baxımından cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı. Cümhuriyyətin yaradılması və fəaliyyəti miqyasına görə daha geniş əhəmiyyət kəsb edərək ümumdünya mahiyyət daşıyırdı. Azərbaycan xalqı özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta yetirdi. Azərbaycanlılar ilk dəfə olaraq bütün islam dünyasına cümhuriyyətçilik məfkurəsini gətirərək bununla müstəmləkə zülmü altında yaşayan dindaş millətlərə də modern dövlət yaratmaq nümunəsi, azadlıq və demokratiya dərsi verdilər.

“Batum konfransında tərəflər dil tapa bilməsəydi, Azərbaycan bölünəcəkdi”

- Azərbaycan cümhuriyyəti qurulmasaydı, torpaqlaımız SSRİ-yə hansı formada birləşəcəkdi?

- Tarixi Azərbaycan ərazisində cümhuriyyət quruluşlu müstəqil dövlətin yaradılması və ona Azərbaycan adının verilməsi dünyada və regionda heç də birmənalı qarşılanmadı. Xüsusən Ermənistan, Qacar dövləti və Rusiyanın müxtəlif dairələrində Azərbaycan türklərinin müstəqil dövlət şəklində öz müqəddaratlarını təyin etmələri ciddi həyacan yaratmışdı. İlk olaraq qeyd edək ki, Cənubi Qafqaz Seyminin buraxılaraq yerində üç müstəqil dövlət yaradılmasına münasibətdə maraqlı olan dövlətlərin öz maraqları var idi. O zaman Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt irəli qoyulmuşdu. Batum konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi. XIX əsrin əvvəllərində Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra onun zəngin dövlətçilik ənənələrini də unutdurmağa, Azərbaycan xalqının bütövlüyünü məhv etməyə çalışırdı. İşğalla barışmayan Azərbaycan xalqının müqavimət hərəkatı amansızcasına yatırıldı, xalqın şüurundan müstəqillik duyğularını itirmək üçün onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. Bununla yanaşı, çarizm regionda mövqelərini möhkəmlətmək üçün özünə etibarlı sosial dayaq - məmur zümrəsi yaratmağa can atırdı. Eyni siyasət SSRİ-dövründə də davam edəcəkdi. Azərbaycanda rusların siyasətində heç nə dəyişəsi deyildi. Azərbaycan sadəcə onlar üçün istismar edilən bir dövlət kimi qalacaqdı.

“Bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar”

-Qafqaz İslam Ordusu gəlməsəydi, Cənubi Qafqazda türk cümhuriyyətinin yaranması mümkün olacaqdımı?

-Nuru paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-nə kimi bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq, Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizləyib və həmin ilin 15 sentyabrında Bakını azad edib. Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərilib. Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatı başlanıb və uğurlu döyüşlərlə türk-azərbaycanlı hərbçilər Şuşaya daxil olaraq, şəhərdə Azərbaycan bayrağını qaldırıb. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, işğaldan azad edilənədək, Bakı bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Türklərə qarşı soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu. Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Qafqaz İslam Ordusu Azərbaycanda qırmızı terror (bolşeviklər), ermənilər və ingilsilərlə müharibə aparan zaman Rusiyadan maliyyələşən qüvvələr Osmanlılara və Azərbaycan Cümhuriyyətinə qarşı informasiya-təbliğat cəhbəsi açır. Azərbaycanın milli qüvvələrini hədəfə alan bolşeviklər Bakı əhalisi arasında təbliğat aparır, yığıncaqlarda onları pantürkist, "Türkiyənin əlaltıları" adlandırır, əməkçi xalqın əleyhinə iş aparmaqda ittiham edirdi. Döyüşü müharibə meydanında deyil, təbliğatla udacağını ən münasib variantlardan hesab edən bolşeviklər Moskvadan Bakıya xüsusi təbliğatçılar qrupu dəvət etmişdilər. Xalqı Qafqaz İslam Ordusuna qarşı qaldırmaq üçün göndərilən təbliğat dəstəsinə F.Solnstev rəhbərlik edirdi. 1918-ci il iyunun 11-də F.Solntsevin sədrliyi ilə Hacıqabul stansiyasında keçirilmiş iclasda təbliğat işi üzrə komissiya yaradıldı. Komissiyanın vəzifəsi azərbaycanlı kəndlilər arasında yaymaq üçün təşviqat plakatları və müraciətlər hazırlayırdılar.

- 1918-ci ilin 3 noyabrında Naxçıvanda Araz Türk Cumhuriyyəti qurulub. Bu qurumun Azərbaycan dövlətçiliyində hansı rolu var?

-1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradıldı. Onun müdafiə etmək istədiyi Azərbaycan torpaqları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad mahalları, həmçinin, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər yerlər idi. Araz-Türk Respublikası Naxçıvanda naxçıvanlılar və şərurlular tərəfindən yaradılıb. Qeyd edək ki, 1918-1920-ci illərdə istər Naxçıvan Müsəlman Milli Şurasında, sonralar Müdafiə Komitəsində və Araz-Türk Respublikasında rəhbərliyi Cəfərqulu xan Naxçıvanski edib. 1918-ci il noyabrın sonunda yerli əhali Qafqazda altıncı olan Araz respublikasının müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Respublikası yarandığı ilk gündən ADR-i özünə arxa bilmiş, bölgədə baş verən hadisələri Azərbaycan Parlamentinə çatdırmışdı. Onun nümayəndələri (Bəhram xan Naxçıvanski, Hüseyn Cavid, Əli Səbri Qasımov və s.) Bakıda F.X.Xoyski və Tomsonla danışıqlarda iştirak edərək Naxçıvana ciddi yardım edilməsini xahiş etmişdilər. Danışıqların nəticəsi kimi Azərbaycan hökuməti Araz-Türk respublikasına polkovnik Ququşovun başçılığı ilə 10 zabit göndərir. ADR təmsilçiləri Teymur bəy Makinski, R.İsmayılov, doktor Qənizadə Naxçıvan, Şərur, Sürməli, Vedibasar bölgələrində əhali ilə çoxsaylı görüşlərdə iştirak edir, qaçqınların vəziyyəti ilə tanış olur, ölkə parlamentinə real vəziyyəti çatdırırdılar. Çox qısa bir zaman kəsiyində mövcud olan və fəaliyyət göstərən Araz Türk Cümhuriyyəti, əsasən, Naxçıvan bölgəsi və çevrəsinin ermənilərin güclü hərbi və siyasi - diplomatik təzyiqinə məruz qalması, bu dövrdə Azərbaycanda sözükeçən başlıca xarici qüvvənin (ingilislərin) Araz Türk Cümhuriyyətini dəstəkləməməsi və əslində, ermənipərəst mövqe tutması, Azərbaycan Xalq Cümhuriyyətinin Araz Türk Cümhuriyyəti ilə geniş əlaqələr yarada və ona yetərincə hərbi, siyasi, maliyyə yardımı göstərə bilməməsi və s. səbəblərə görə süquta uğradı. Araz Türk Cümhuriyyətinin süqutu ermənilərin 1919-cu ilin əvvəlində bölgəyə hücumları ilə bağlı yaranan ağır və mürəkkəb şəraitlə də əlaqəli idi.

“Ermənilərin üzərilərinə götürdükləri Batum öhdəlikləri də hüquqi fakt kimi ortaya qoyulmalıdır”

- İrəvanın 99 illiyinə icarə əsasında Ermənistana verilməsinin müddəti başa çatıb. Bu tarixi Azərbaycan şəhərinə iddia edə bilərikmi?

-İrəvanın Azərbaycandan alınaraq Ermənistana verilməsi ideyası 1912-ci ildə yaranıb. Türkiyə ərazisində dövlət qurmaqla bağlı onlara verilən vədlərin arxasından böyük dövlətlərin qaçması və Azərbaycan torpaqlarında paytaxt qurulması ideyası ermənilərə məhz bu tarixdə təklif edilmişdi. Batum konfransında imzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), İrəvan quberniyasının beşdəüç hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230 minini erməni, 80 minini müsəlman, 5 minini yezidi kürd və 11 minini digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin doqquzda bir hissəsini özündə birləşdirirdi. Bu, sübut edir ki, biz şifahi razılaşma ilə güzəştə getmişik. 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə göstərilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Milli Şuranın 44 üzvündən 28 nəfər iştirak edib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək, Milli Şuranın nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib. Deyib ki, Azərbaycan və Ermənistan federasiyaları öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb. Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlıların nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır. Ondan da əvvəl isə daha bir hadisə, 1918-ci ilin martında Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol da Türkiyəyə verildi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini xahiş etdilər. Fətəli xan da öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Hətta deyib ki, İrəvanın ermənilərə verilməsi qaçılmazdır. Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinin lehinə olub. Səsvermə zamanı yalnız 1 nəfər əleyhinə, 3 nəfərsə bitərəf olub. Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq haqqında müzakirə açılıb. Qısa fikir mübadiləsindən sonra Ermənistanla Azərbaycanın konfederasiyada birləşməsi məsələsi yekdilliklə qəbul olunub. İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı paytaxt kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. Ermənilər İrəvan şəhərini güzəşt nəticəsində (ssuda hüququ) əldə etdikdən sonra öhdəlik götürmüşdü ki, oradakı azərbaycanlılara toxunulmayacaq, tarixi binalara dəyilməyəcək və ən əsası İrəvanda Azərbaycana məxsus əşyalar və torpaqlar zərər görməyəcək. Lakin zaman göstərdi ki, ermənilər götürdükləri öhdəliklərin heç birinə əməl etməyiblər. Ermənilər İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri pozduqlarına və işğalçılıq siyasətini davam etdirdiklərinə görə İrəvanın verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib.

Yaranmış vəziyyətdə problem obyektiv və düzgün şərh edilməli, İrəvanın xanlıq kimi dövlət varisliyi və xanlığın əhalisinin milli tərkibi nəzərə alınmaqla, qanuni varisliyi təmin edilməlidir. Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclis Azərbaycan Milli Şurasının 29 may 1918-ci il 3 saylı Protokolunu denonsasiya (fransızca: pozmaq) etməli və BMT üzvü olan dövlətlərə öz qərarını bəyan etməlidir. Bunun üçün hüquqi prosedurlar çərçivəsində səlahiyyətli “Ləğvetmə Komissiyası” yaradılmalı, proses öyrənilməli və hüquqi araşdırmanın nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməlidir. Azərbaycan Cümhuriyyətinin tarixi-siyasi varisi kimi tələb hüququnun güzəşti, yəni prosessual tələb hüququ, Azərbaycan Respublikasının səlahiyyətlərinə daxildir və bu hüquqdan isə beynəlxalq hüquq çərçivəsində istifadə edilməlidir. Hüquqi prosedurlar çərçivəsində aparılan araşdırmalara beynəlxalq hüquq üzrə dünyada tanınan vəkilləri və alimləri də cəlb edilməsi də işin Azərbaycanın xeyrinə həll olunmasına yardımçı olacaq. Eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvləri ilə danışıqlar gedişində öz əzəli torpaqlarını ermənilərə güzəşt etməsini onların nəzərinə çatdırılmalıdır. Ermənilərin üzərilərinə götürdükləri Batum öhdəlikləri də hüquqi fakt kimi ortaya qoyulmalıdır. Çünki bütün XX əsr ərzində Ermənistanda Azərbaycan xalqına qarşı etnik təmizləmə, deportasiya və məqsədli qətllər təşkil edilib. Kütləvi deportasiyalar baş verib və tarixi abidələr dağıdılıb. Bu gün İrəvanda bir azərbaycanlı belə yaşamır. Bu isə nəinki Batum müqaviləsinin, beynəlxalq humanitar hüququn, həm də beynəlxalq mülkiyyət və varislik hüququnun da kobud şəkildə pozulmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.