"Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... - deməli, o millət məhvə məhkumdur"

30-05-2020, 17:19           
"Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa... -
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış həkim Rəşid Mahmudovun Yenisabah.az-a müsahibəsi:

- Rəşid müəllim, qidaların tərkibi ilə bağlı müzakirələr son vaxtlar daha da intensivləşib. Hətta insanlar arasındakı cırlaşmanı da bununla əlaqələndirənlər var. Siz bu barədə nə düşünürsüz?

- Qida məsələsi çox çətindir, çünki hazırda qidalarımız bərbad haldadır, xüsusilə xaricdən gələn qidalar. Onlar arasında ən zərərlisi palma yağıdır. Bu yağdan istifadə edilməməlidir. Palma yağını marqarinə də, uşaq yeməklərinə də, ümumiyyətlə, çox şeyə qatırlar. Biz aldığımız kərə yağının neçə faizi palma yağıdır. Kişilərimizi kişilikdən salan, qadınların uşaq doğmasına mane olan, insanları kökəldən məhsullardan biri də palma yağıdır. Bu, bir bizim ölkəmizdə var. Dünya bundan imtina edib. Bundan əlavə çox qidalar var ki, onlar təzələnməlidir. Cipslər və bu kimi məhsullar satılmamalıdır. Onların tərkibinə xüsusi maddələr vurulur və onlar da orqanizm üçün təhlükəlidir. KFC və “McDonalds”dakı ətlərə baxın, bişirdikcə böyüyür. Polimerdi tamamilə, belə ət olmur. Həmçinin Çində süni yumurta, düyü hazırlanır, biz onu da ölkəmizə gətiririk, başa düşmürük ki, bunlar ölümə səbəb olan, insanları cırlaşdıran şeylərdir. Bütün ölkələrdə qida təhlükəsizliyi ilə məşğul olan qurum yaranıb. Bildirim ki, onun başında qida həkimi durmalıdır. Bizdə isə kimdən xoşumuz gəlirsə, onu Qida Təhlükəsizliyi Agentliyinin başına qoyuruq. Rayonlara gedib qida təhlükəsizliyi adı ilə rüşvət alıb gələnlər var. Şəxsən bizim rayonda da ediblər. Əgər bir ölkədə qida təhlükəsizliyində rüşvət alınırsa, deməli, o millət məhvə məhkumdur. Qida təhlükəsizliyini başqa şeylərlə qarışdırmaq olmaz.

- İddia olunur ki, kişilər arasında impotentliyin artmasında da qidaların mühim rolu var.

- Bəli, bu , tamamilə doğrudur. Az əvvəl də qeyd etdim ki, onlar kişilərimizi kişilikdən salır, qadınlarımız isə doğa bilmir. Çoxunun uşağı olmur, Aytən Səfərovanın yanına qaçıb süni uşaq yaradırlar. Bu, ölkəmizdə olan ən murdar amillərdən biridir.

- Həkimlər hesab edir ki, boşanmaların müəyyən hissəsi məhz sözügedən problemlə əlaqədardır. Bu fikirlə razısınızmı?

- Yediyimiz qidaların bir çoxunda kişiliyə təsir edən amillər var. Palma yağı isə əsas yer tutur. Çox kök olan qadınlar var, bütün gün yeyirlər, bax, onları da o günə qoyan xoşagəlməz qidalardır. Boşanmalarla bağlı olan fikir də doğrudur. Təbii qidalar olmasa, insanlar arasında inkişaf olmayacaq. Qidamızı təmin etməliyik. Hazırda süni ət düzəldirlər. Bu, xarici ölkələrdə də var. Qida xalqın yaşam tərzidir. Onun üzərində mükəmməl disiplin olmalıdır.

- Bu xəstəliyin yaranma səbəbi nədir?

- Qidadan əlavə bir neçə səbəb var. Burada psixika mühim rol oynayır. Həmçinin ailə tərzi, kasıblıq, narkotika və s. ona təsir edən şeylərdir. Siqaretin özü belə müəyyən qədər təsir göstərir.

- Bildiyimiz qədərilə yaranmış problemin tibbi yolla aradan qaldırılması mümkündür...

- Ola bilər. Bəzi insanlar bundan müalicə alıb və effektini görüb. Lakin effekt görməyənlər də var. Məsələn, dünya narkomaniyanın qarşısını ala bilirmi? Yox. Bunun da qarşısını tam şəkildə almaq çətindir.

- Zərərli bir neçə faktor sadaladınız, hansı ki, onları tamamilə yox etmək mümkün görünmür. Bununla əlaqədar impotentlərin də sayı arta bilərmi?

- Onsuz da çoxdur və durmadan da artır. Bununla bağlı ayrıca verliş hazırlamaq lazımdır. Mən hələ 2012-ci ildə bu haqda televizorda danışmışam. Hazırkı vəziyyət dəhşətdir. Bu, bir xəstəlikdir. Qadının kişi, kişinin qadın kimi davranması orqanizmdə hormon disbalansının yaranması ilə əlaqədardır. Xüsusilə, kişilərdə qadın hormonları artmağa başlayıb. Son vaxtlar bir çox kişilər yanaqlarını qızardır, dodaqlarını boyayır, fırlana-fırlana gəzirlər. Küçəyə çıxın, görün nə qədər “kişi” dufli geyinib gəzir. Əvvəl çox cuzi idi, çəkinirdilər, üzə çıxmırdı. İndi artıq sərbəst hərəkət edirlər. Düzü, hələ Məhəmməd Peyğəmbərin vaxtında bunlar var idi, amma çox az idi. İndi bunu təbliğ edirlər. İnsanları o yola getməyə məcbur edirlər. Seksapatologiya böyük bir elmdir və hazırda dünyada ən çətin sahələrdən biridir. Başqa ölkələrdə çox kişilər özlərinə uşaqlıq köçürdürlər, qadın olmaq istəyirlər, bəlkə bizdə də var. Həmçinin qadınların bəziləri kişi olmaq istəyir. Bunları cərrahi yolla edirlər.

- Hormonal problemi olan şəxslərə qidalarla bağlı nə məsləhət görürsüz?

- Təkcə qidanın boynuna atmaq olmaz. Kasıbı varlandıra bilərsizmi? Bayaq da dedim, kasıblıq, narkomaniyaya da böyük problemdir və bunların heç birinin qarşısını almaq mümkün deyil. Dövlət səviyyəsində addım atılmalıdır. Bu kimi şeylər qanunla tənzimlənməlidir. Ölkəyə bunların gəlməsinə qadağa qoyulmalıdır. Həkimin dərmanı ilə onların hamısını aradan qaldırmaq olmur. Birinə yüz dəfə de ki, narkotika pis şeydir. O bunu başa düşməyəcək, çünki mühitə düşür və istifadə etmək istəyir, sonda da görürsən ki, uşaq tamamilə əldən gedib. Ona görə də uşaqları nəzarətdə saxlamaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.