“Ən böyük var-dövlətim İskəndər Həmidovun oğlu olmağımdır”
31-05-2020, 00:42
Daxili İşlər naziri, general-leytenant, deputat, ən əsası müasir Azərbaycan tarixində iz qoymuş bir şəxsiyyətin oğlu olmasına baxmayaraq, son dərəcə təvazökar, mədəni, səmimi, ünsiyyətcil insan olan Məcid Həmidovla atası, mərhum İskəndər Həmidovla bağlı “GündəmXəbər” qəzetinin “Seçmələr” rubrikasızda maraqlı söhbətimiz baş tutdu.
-Məcid bəy, zəhmət olmasa öz soyunuz – Həmidovlar haqqında qısa məlumat verərdiniz
-Həmidovlar nəsli-kökü Türk “Kolanı” tayfasına mənsubdurlar. Kolanı tayfası yalnız indiki Azərbaycanda deyil, Cənubi Azərbaycan, Şərqi Anadolu, İraq, Türkmənistan və digər coğrafiyalarda da yaşayıb, yaşayırlar. Ata-babalarım tarixən Qarabağ bölgəsində yaşayıb, daim də vətən-torpaq uğrunda işğalçılara qarşı savaşıblar. Atamın ana babaları Əsgərxan ilə Məmmədxan Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmış “Difai” təşkilatının üzvləri olub və ermənilərə qarşı savaşıblar. Hətta adlarını qeyd etdiyim babalarım rəşadət, cəsarət, qəhramanlıq göstərərək daşnak ermənilər ilə rus kazaklarına qarşı tarixdə baş vermiş Papravend döyüşlərində də iştirak edərək, onları ağır məğlubiyətə uğradıblar. Bu barədə Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində də geniş söhbət açır. Yəni biz belə bir nəslin nümayəndəsiyik.
-Böyük şəcərəyə sahib İskəndər bəy digər coğrafi məkanlardakı qohum-əqrabalarını axtarıb tapıbmı?
-Mən bu barədə məlumatlandırılmamışam. Deyilənlərə görə, Təbriz tərəfdə qohumlarımız var. Amma nə qədər yaxın-uzaq olduqlarını bilmirəm. Nəki yaxın qohumlarımız varsa hamısı Qarabağda yaşayanlardır.
-İskəndər Həmidov işdən, vəzifədən kənar evdə ailə başçısı, ata kimi necə insan idi?
-Ailədə son dərəcə səmimi, ünsiyyətcil, mehriban insan idi.
“Ən böyük var-dövlətim İskəndər Həmidovun oğlu olmağımdır” - EKSKLÜZİV MÜSAHİBƏ
-Sizi ata-oğul münasibətindən başqa birləşdirən digər dəyərlərdə vardımı?
-Ailədə valideynlə övladlar arasında münasibət bir istiqamətli olmamalıdr. Ata ilə övladlar arasında yoldaşlıq, dostluq, sirdaşlıq da olmalıdır. Bu baxımdan atam hər iki oğlu ilə (qardaşı Nofəli nəzərdə tutur) münasibətdə həm dost, həm böyük qardaş olmağı bacarmışdı. Hətta bəzən siyasətdən, tarixdən, tarixi şəxsiyətlərdən müzakirələr apararaq depatçı kimi də münasibətlər qura bilirdi.
-Deməli, siyasi, tarixi mövzularda tez-tez debatlarda edirdiniz?
- Debatlarımız tez-tez olmasa da, olanda olurdu (gülür). Müxtəlif mövzulardan saatlarla müzakirələr edərdik.
-İskəndər bəy çox savadlı insan idi, tarixdən debatlarınız hansı mövzular üzərində gedirdi?
-Qədim sivilizasiyalardan, şumerlərdən, qədim türklərdən, etruskların dünya mədəniyətinə verdiyi tövhələrlə bağlı söhbətlərə geniş yer verirdi.
-Deməli, İskəndər bəy birmənalı olaraq özünü türk adlandırırdı?
-Atam özünü türk adlandırmırdı, o birmənalı olaraq türk idi və bozqurd İskəndər olaraq tanındı. Atam istər meydan hərəkatlarında, istər döyüş meydanlarında, istər vəzifələrdə, istərsə də həbs həyatında olsun daim öz türk şərəfini, ləyaqətini hər şeydən üstün tutan insan idi.
-Etnik mənşə ilə bağlı sualı ona görə verdim ki, bəzi müxalifət “rəhbər”ləri, siyasi “xadim”lər etnik mənşəyləri türk olsa da türkəm sözünü deməyə dilləri gəlmir.
-Çingiz Aytmatovun “Manqurt” əsəri var. Orda bir ana övladını öz nəslinə, el-obasına qaytarmaq üçün çırpındığı halda, həmin “övlad” onu dünyaya bəxş edəni oxla öldürür. Öz türk etnik mənşəyini dilə gətirməyə utananlar müəllifin əsərindəki manqurtlardandır. Həmin manqurtlara onu demək istəyirəm ki, erməni hər zaman bizi türk adı ilə öldürüb, övladlarını da türkə nifrət ruhunda böyüdüb, böyüdür, böyüdəcək də. Özünün türk olmasını danan həmin “müxalifətçi”lərin vətənə-millətə bağlılıqlarında böyük problemləri var. Ona görə də o cür “müxalifətçi”ləri tanımıram, tanımaq da istəmirəm.
-Sizin ixtisasınız nədir?
-Tarixçiyəm. Qardaşımda tarixçidir. Hal-hazırda AMEA-sı Tarix İnstitunun “Arxeologiya və etnoqrafiya” şöbəsində kiçik elmi işçiyəm, Tunc dövrünə aid elmi araşdırma aparıram.
-Nə üçün atanızın yolunu gedərək paqon sahibi yox, tarixçi oldunuz?
-Yuxarıda da qeyd etdiyim kimi evimizdə daim tarixdən söhbətlər gedərdi. Bu da tarixə məndə maraq yaratmışdı və seçimimi də onun üzərində etdim.
-Atanız bu seçiminizi necə qarşıladı?
-Mən və qardaşım universitetə qəbul olanda atam həbsdə idi. Tələbə adını qazanmağımızı biləndə çox sevindi, seçimimizi də hörmətlə qarşıladı. Atam hər zaman deyərdi: “Belə çətin vaxtlarda sizin öz savad, bacarığınızla universitetə qəbul olmanız mənim üçün xöşbəxtlik, baş ucalığıdır. Həbsdə məni ən çox yaşadan sizin bu şad xəbəriniz idi”.
-Neçə nömrəli məktəbi və hansı universiteti bitirmisiniz?
-247 saylı orta məktəbi və Bakı Dövlət Universitetinin tarix fakultəsini.
-İstər məktəbdə, istərsə də universitetdə təhsil aldığınız vaxtlarda İskəndər Həmidovun oğullarına hər hansı təzyiq, mənəvi repressiyalar olubmu?
-Xeyr
-Məktəb və universitet həyatınızda tarix dərsliklərində atanızla bağlı kobud təhrifləri oxuyanda, bu haqsızlıqlar barədə nə düşünürdünüz?
-Tarixdə şəxsiyətlərlə bağlı təhriflər olub, olacaq da. Gec-tez tarix özü təhrifləri aradan qaldıracaq.
Bəzi misallar çəkim. Putin Rusiya Prezidenti olduqdan sonra hər vasitə ilə İosif Stalindən mələk obrazı yaratmağa çalışır. Amma faktlar, arxiv sənədlər başqa gerçəklikləri ortaya qoyur.
70 ildən çox bolşevizmə qarşı savaşan insanların çoxu ilə bağlı həqiqətlərdən xəbərsizdik. Məsələn, 1920-ci ilin aprelində qırmızı orduya qarşı mətinliklə döyüşən, son nəfəslərinə qədər silahı yerə qoymayan Azərbaycan Cümhuriyət ordusunun 350 nəfər zabit, əsgər heyəti ilə bağlı heç nə bilmirdik. Bu barədə uzun illər araşdırma aparan yazıçı Arif Əliyev “Yalama” (2017-ci ildə “Altun kitab” nəşri 2017 -A.İ) sənədli povestini qələmə aldı, rəhmətlik rejissör Rövşən Almuradlı isə həmin əsər əsasında “Əsgərlər unudulanda ölürlər” (2018-ci ildə “ARB” televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır - A.İ) adlı sənədli film çəkib xalqa təqdim etdi.
Son zamanlar bəzi ağzıgöyçəklər heç bir fakt-sübuta əsaslanmadan deyirlər ki, güya atamı vəzifələrdə irəli çəkən SSRİ daxili işlər naziri Bakatin olub. Bakatin özü isə xatirələrində yazır: “İskəndər Həmidov mənim əlimi sıxmadı və nalayiq ifadələrlə məni təhqir edib toplantını tərk etdi”. Bu uydurmanı yayanların əgər oxuma bacarıqları varsa, gedib o kitabı açıb həqiqətləri görsünlər. Qısası atam haqqında qarayaxma kompaniyası təşkil edən bəzi yazıq insanlar nə qədər çalışırlarsa çalışsınlar, tarix özü zamanla həqiqətləri yerbəyer edəcək.
-İskəndər bəyin daxili işlər naziri vəzifəsindən istefa verməsi ailədə necə qarşılandı?
-Çox normal. Biz əslində sevindik də, çünki atamın gecəsi-gündüzü yox idi, çox arıqlamışdı. İş vaxtı axşam saat 7-8-də bitməsinə baxmayaraq, əksər hallarda evə gecə, gecəyarısı gəlib çıxırdı.
-Atanızın həbs həyatı barədə nə deyərdiniz?
-Həqiqətə qalsa, atam həbsdəki həyatından olduqca az danışardı, bizdə sual verməzdik. Kriminal aləm, oğru dünyası ilə elə də tanış deyiləm. Amma lotu Qulinin həyatı barəsində kitab var, orda atamın məhbus həyatı barədə məlumatlar var. Belə bildiyim qədəriylə atam içəridə daha çox idmanla məşğul olar, ibadət edər, quran oxuyardı.
-Həbsdən çıxan atanız daha çox nə işlə məğul olardı?
-Atam hərbiçi, polis iş rejiminə daim sadiq qaldı. Tezdən evdən çıxar axşamlar, gecələr qayıdardı. Daha çox kasıb, sadə, insanların toplaşdığı yerlərə baş çəkər, onların dərd-sərlərini dinləməyi sevərdi. İstər deputat, istər nazir, istərsə də bir sıravi vətəndaş olduğu vaxtlar olsun, atam daim xalqının təhlükəsizliyini, sosial rifahını fikirləşən, bacardığı qədər insanlara yardımını əsirgəməzdi.
-2003-cü ildə həbsdən çıxan atanız daha 17 il ömür sürdü. Onun çoxmu xəstəlikləri vardı?
-Təbii ki, 9 il həbs yatmış atamın xəstəlikləri vardı. Ürəyində problemləri olmasına baxmayaraq, siqaret də çəkirdi. Artıq yaşı yetmiş idi, bu da öz sözünü deyirdi. Bir neçə dəfə Türkiyədə əməliyatlar keçirdi, onlardan da biri ürək əməliyatı idi. Ağlımıza gəlməzdi ki, nə vaxtsa atamın beyninə qan sızar, 32 gün komada qalar bu səbəbdən onu itirərik..
-Sonuncu dəfə atanızla nə vaxt dərdləşmişdiniz?
-Dərdləşməyimiz olmayıb. Sonuncu dəfə komaya düşən gün “City Holpital”a yerləşdirəndə gördüm, son sözümdə o oldu ki, “narahat olma hər şey yaxşı olacaq”.
-İskəndər bəyin sağlığında ondan ata halallığını almışdınızmı?
-Mən və qardaşım atam hələ həbsdə olanda ondan halallığımızı almışıq.
-Siz tarixçisiniz bilirsiniz ki, bir çox siyasi, hərbi xadimlər öz xatirələrini qələmə alıb. Atanızın buna ömrü yetmədi. Amma böyük ehtimal onun cızma-qaraları, qeydlər var. Nə vaxtsa İskəndər Həmidovun kağız üzərindəki qurumuş mürəkkəbli həqiqətlərini, yaşantılarını, arzularını nəşr etdirəcəksinizmi?
-Əlbəttə. Amma bu gələcəkdəki plandır.
-Deməli, İskəndər bəyin kifayət qədər cızma-qaraları var
-Atamın ən böyük cızma-qarası özüməm.
-İskəndər Həmidovun oğlu olmaq nə deməkdir?
-Baş ucalığıdır. Atamın atdığı hər bir addımına görə qürur duyuram. Mənim ən böyük var-dövlətim İskəndər Həmidovun oğlu olmağımdır.
Abdulla İsmayıloğlu
GundemXeber.Az