Sülhəddin Əkbərdən Surət Hüseynova sərt cavab: "Onu başa salsınlar ki, sussun, danışmasın" - MÜSAHİBƏ

1-06-2020, 08:10           
Sülhəddin Əkbərdən Surət Hüseynova sərt cavab:
Bir neçə gün sonra 1993-cü il 4 iyun hadisələrinin 27-ci ildönümü tamam olur. Son dövrlərdə həmin hadisələrin “əsas oyunçusu” olan Surət Hüseynov “YouTube”-da bir-birinin ardınca geniş müsahibələr verir və həmin dövrün proseslərinə öz prizmasından mövqe bildirir. O dövrdə Azərbaycanda Milli Təhülkəsizlik Nazirinin birinci müavini və hadisələrin bilavasitə iştirakçısı olan Sülhəddin Əkbər bu mövzuda Moderator.az-ın bəzi suallarını cavablandırıb.

– Sülhəddin bəy, 4 iyun hadisələrinin mahiyyəti barədə qısaca olaraq nə deyə bilərsiz?

– Bu hadisə barədə gənc nəsil həqiqətləri bilməlidi. Ona görə də birinci onu vurğulamaq lazımdır ki, bu çevrilişin arxasında hansı xarici güclər dayanmışdı? Nəzərə almaq lazımdır ki, bu hadisə xarici dəstəkli hərbi qiyam idi və dövlət çevrilişi ilə başa çatdı. Yəni, Azərbaycanda ilk dəfə demokratik yolla seçilmiş prezident hakimiyyətdən uzaqlaşdırıldı. Bəs xarici dəstək verən qüvvələr hansılar idi?

Başda, təbii ki, Rusiya idi, bu, açıq şəkildə baş verirdi. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) və Federal Təhlükəsizlik Xidməti (FSB) bu qiyamın əsas təşkilatçısı idilər. Həmin dövrdə Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya qiyamdan öncə gəlib dövrün Baş naziri Pənah Hüseynlə görüşmüş və açıq formada təhdid etmişdi.

Digər tərəfdən, İran və “Dəmirəl Türkiyəsi” də dəstək verirdi. Türkiyə dövlət olaraq deyil, məhz “Dəmirəl Türkiyəsi”.

Burada bir neçə transmilli şirkəti də unutmaq olmaz – BP və “Lukoil” başda olmaqla. Onların da marağı o idi ki, Azərbaycanda sabitlik pozulsun, hakimiyyət dəyişsin və yeni hakimiyətdən geopolitik risklərin artdığını bəhanə gətirərək, neft müqavilələrində daha böyük güzəştlər tələb etsinlər. Mən bu barədə onların haqqında gələn kəşfiyyat məlumatlarından ibarət arayışlara əsasən deyirəm. Bunlar xarici faktorlar idi.

Daxildə isə bir sıra müxalifət partiyaları və ayrı-ayrı nüfuzlu şəxslər dəstək verirdi. Bu adları çəkmək üçün isə gərək obyektiv istintaq getsin və biz də o istintaqda konkret deyək ki, hansı partiya, hansı şəxs qiyama dəstək verirdi və sair. Anca çox təəssüf ki, bu gün bununla bağlı istintaqın olmasında heç kim maraqlı deyil və üstündən 27 il keçib. Təbii ki, mövcud hakimiyyət də bu hadisənin açılmasında maraqlı deyil.

Üçüncü, burada günahkar tərəf hakimiyyətin özü idi və hakimiyyət daxilində də Rusiyaya işləyənlər də olub, Heydər Əliyevlə əlaqədə olanlar da olub, Surət Hüseynovla əlaqədə olanlar da olubdu.

Qiyamın anatomiyasını başa düşmək üçün o dövrdə Rusiyanın silahları kimlərə verməsinə diqqət yetirmək lazımdır. Bu silahlar Bakıda Rəhim Qazıyevə, Gəncədə Surət Hüseynova, Lənkəranda Əlikram Hümbətova verilirdi. Baş verən hadisədə də həmin şəxslərin və silahların roluna baxmaq lazımdır.

– Bu gün qiyama dəstək verənlərin adlarını çəkə bilərsiniz?

– Bu, bir tərəfdən artıq tarixi məsələdi, onu xalq qiymətləndirməlidi. Digər tərəfdən, bayaq dediyim kimi, bunun üçün obyektiv istintaq getməlidi. Mən öz hakimiyyətimizi təmizə çıxarmaq üçün birtərəfli fikir söyləmək istəmirəm. Cinayət fərdidi və məhkəmə qərarı da olmadan heç kimi cinayətkar adlandırmaq olmaz.

– Bu gündən baxanda 4 iyun hadisələrinin nəticələrini necə qiymətləndirirsiniz?

– Birincisi, Azərbaycanda respublika quruculuğu dayandırıldı, milli dövlət quruculuğu dayandırıldı, Azərbaycanın demokratik inkişafı dayandırıldı. Hakimiyyət xalqın əlindən alındı, işğaldakı torpaqların qaytarılmasının qarşısı alındı. Ən ağır nəticələri bunlar oldu.

İkincisi, daha beş rayonumuz düşmən tərəfindən işğal olundu.

Üçüncü əsas nəticə isə, bugünkü Azərbaycanda yaranan durum, işğal altındakı ərazilərlə bağlı hazırkı vəziyyətdir.

– Surət Hüseynovun son müsahibələrində səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiz?

– Bu qiyamda əsas aktyor Rusiya və onun əks-kəşfiyyat idarəsi idi. Surət Hüseynov orada sadəcə bir oyunçu olub və qiyamda o, önə sürülmüş fiqurdu. Burada da onun xarakterindən istifadə olundu. İndi onun danışıqlarında da görürsünüz. Bu adam hələ bu gün də anlamır ki, hansı prosesdə iştirak edibdir və bu proses Azərbaycana nəyə başa gəlibdir. Onlarla günahsız Azərbaycan oğlunun orada qanı tökülüb, onlar avtobusda güllələniblər, hər şeyi bir qırağa qoyaq, heç olmasa, bunu belə anlamır. Ona görə də anlaqsız adama nəsə deməyin bir mənasının olduğunu düşünmürəm. Yəni, o, hələ də anlamır ki, nə baş verib və nədə iştirak edib.

Bu tip adamları, yəni, özü haqqında həddindən artıq yüksək fikirdə olan ambisiyalı adamları qızışdırmaq çox asandı. “Sən aslansan”, “sən qaplansan”, “səndən böyük yoxdu” deməklə, “onlar kimdilər, hər şeyi sən edirsən və orada da sən oturmalısan” deyərək qızışdırırdılar. Digər tərəfdən də onu qorxudurdular ki, onlar səni həbs etmək istəyirlər, əzmək istəyirlər, ya sən bunu əvvəlcə etməlisən, ya da onlar səni məhv edəcəklər. Beləliklə də, onu bu işə razı salıb, yönləndirə bildilər. O özü bunu anlamasa da, qoy yanındakı anlaqlı adamlar onu başa salsınlar ki, heç olmasa sus, danışma.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.