“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” – “Partiyamızda da islahatlar olmalıdır”

1-06-2020, 12:43           
“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” –
“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...”
Ölkə siyasətində baş verən hadisələr, hakimiyyətdə aparılan kadr dəyişiklikləri, korrupsiyaya qarşı mübarizə tədbirləri, gənc kadrların yüksək vəzifələrə təyinatı və s. bu kimi məsələlərlə bağlı “AzPolitika.info” YAP Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayevin fikirlərini öyrənib.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, artıq xeyli müddətdir Azərbaycanda kadr islahatları həyata keçirilir. Bununla paralel olaraq, rüşvət və korrupsiyaya qarşı sərt addımların atıldığına şahidlik edirik. Keçmiş deputat və icra başçısı olaraq, hökumətin addımlarını necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd edim ki, cənab Prezidentin kadr islahatlarını dəstəkləyirəm. Gənclərə yer verilir, onlar irəli çəkilir. Biz, Avropaya, elə qonşu Gürcüstana və ya Rusiyaya baxsaq görərək ki, orada da gənclər yüksək vəzifələrə təyin olunurlar. Təbii ki, mən bu prosesi dəstəkləyirəm, ölkəmizdə bütün sahələrdə islahatların aparılması kursunu müdafiə edənlərdənəm və inanıram ki, bu addımların nəticəsi olaraq dövlətimiz güclənəcək, vətəndaşlarımızın rifahı daha da yaxşılaşacaq. Ancaq şübhəsiz ki, yeni posta təyinat alan gənclərin də ixtisası yeni vəzifələrinə uyğun gəlməlidir. Habelə, onların müəyyən mənada həyat təcrübəsi də olmalıdır. Mən təsadüfi insanlara vəzifə verilməsinin tərəfdarı deyiləm.

Bildiyiniz kimi, Nazirlər Kabinetində, Prezident Administrasiyasında islahatlar aparıldı. Parlament buraxıldı, vaxtından əvvəl seçkilər keçirildi, habelə Milli Məclisin mərkəzi aparatında islahatlar oldu. Bunlar davamlı və sistemli şəkildə aparılan islahatlardır. Mən bu posesi dəstəkləyir və onun nəticələri olacağına inanıram.

- Bəs korrupsiyanın səviyyəsi və onunla mübarizəyə dair fikirləriniz nədən ibarətdir?

- Korrupsiya hər bir dövrdə olub və o, istənilən dövlət üçün bir bəladır. O cümlədən bizim ölkəmizdə də korrupsiya və rüşvətin əlamətləri var. Sözsüz ki, vəzifəyə təyin edilən şəxs millətin və dövlətin mənafeyini özünün şəxsi mənafeyindən üstün tutmalı, dövlət başçısının etimadını doğrultmalıdır. Təəssüflər olsun ki, bəzi icra başçıları, nazirlər, nazir müavinləri bu amili nəzərə almayıblar. Son hadisələr də deməyə əsas verir ki, yüksək vəzifəli məmurlarımız da korrupsiya və rüşvətə qurşanıblar. Ən dəhşətlisi isə işsiz, kasıb vətəndaşa dövlət tərəfindən minimum əmək haqqı qədər ayrılan vəsaitin mənimsənilməsi faktlarıdır. Təsəvvür edin ki, cənab Prezidentin bilavasitə göstərişi ilə rayon və kəndlərdə yaşayan işsiz insanlara aylıq vəsait ayrılır. Ancaq bu insanlara verilməli olan əmək haqqı kartları icra başçılarının kabinetlərindən çıxır. Bu, vətəndaşımıza və dövlətçiliyimizə qarşı xəyanətdir. Prezident etibar edib kiməsə vəzifə tapşırıbsa, deməli həmin dövlət məmuru onun etimadını doğrultmalıdır. Prezidentin dəfələrlə korrupsiya və rüşvətin əleyhinə sərt çıxışları olub. Məmurlara xəbərdarlıq edib, açıq deyib ki, kimsə rüşvət və korrrupsiya ilə məşğul olsa, ciddi cəzalandırılacaq. Son həbslər də göstərir ki, hüquq-mühafizə orqanları Prezidentin göstəriş və tapşırıqlarını yüksək səviyyədə həyata keçirir.

Mən 2000-2005-ci illərdə deputat olduğum zaman dəfələrlə belə halları qınamışam. Son dövrlərdə də çıxışlarım korrupsiyanın əleyhinə olub.

- Sizcə, əvvəl xəbərdarlıq etmək və sonradan bu xəbərdarlığı nəzərə almayanları həbs etməklə rüşvət və korrupsiyanın qarşısını almaq mümkündürmü?

- Korrupsiya xəstəlik, dövlətimiz və cəmiyyətimiz üçün bəladır. Təkcə dövlət başçısı deyil, bütün vətəndaşlarımız bu xəstəliyə qarşı mübarizə aparmalıdır. Cənab Prezident dəfələrlə müraciətlərində açıq şəkildə deyib ki, vətəndaşlarımız müraciət etsinlər, şikayət yazsınlar. Yəni vətəndaşlar bu işdə fəal olmalıdırlar. Cənab Prezident vurğulayır ki, ictimai nəzarət olmalıdır.

- Həbs edilən icra başçıları və digər məmurların demək olar hamısı sizin partiyanın - Yeni Azərbaycan Partiyasının üzvləridir. Sizcə, bu talançıların YAP üzvü olması hakim partiyanın nüfuzuna nə dərəcədə zərbə vurub?

- YAP-ın 700 mindən çox üzvü var. Həbs edilən icra başçıları və müavinləri arasında YAP üzvləri, hətta rayon təşkilatlarının sədrləri var. Amma onların bu çirkin əməllərini də məhz YAP sədri, ölkə Prezidenti açıb ortaya qoyur. Hüquqda cinayət törədən şəxs hansı siyasi partiya üzvü olmasından asılı olmayaraq əməlinə görə cavabdehlik daşıyır. Digər tərəfdən, məndə olan məlumata görə, cinayət əməli törədən və həbs edilənlərin çoxu sonradan YAP-a qoşulan şəxslərdir. Sözsüz ki, belə əmələ imza atan şəxslər partiyamıza utanc gətirirlər. Bu gün hakimiyyətdə Yeni Azərbaycan Partiyasıdır, parlamentdə partiyanın 70-dən çox üzvü var. Mən istərdim ki, belə hallar olmasın və onlara görə, partiyamız hədəfə gətirilməsin.

- 6 ay əvvəl YAP-da islahatların aparılması təşəbbüsü ilə çıxış etmişdiniz. Son olaylar göstərmirmi ki, həqiqətən də YAP-ın köklü islahatlara ehtiyacI var?...

- Cənab Prezident yeni Baş Naziri qəbul edib islahatlar mesajını verəndə, mən də açıq bildirdim ki, Prezident Administrasiyasında, parlamentdə və o cümlədən YAP-da da islahatlara ehtiyac var. Məntiqlə əgər Nazirlər Kabinetində, Prezident Administrasiyasında və Milli Məclisdə islahatlar aparılıbsa, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasında da islahatlar olmalıdır. Uzun illərdir ki, YAP-ın İdarə Heyətində, Siyasi Şurasında və rayon təşkilatlarında eyni adamlar fəaliyyət göstərir. Burada da islahatlar olmalı və gənclərə meydan verilməlidir. YAP İdarə Heyətində 20 nəfər təmsil olunur, Siyasi Şura üzvlərinin sayı 90 nəfərdən ibarətdir. Burada təmsil olunan yaşlı insanlarımız var. Vaxtilə vəzifədə olub, sonradan çıxarılanlar var. Bunlar nəzərə alınaraq, qeyd etdiyim istiqamətlərdə islahatların aparılmasına ehtiyac olduğunu düşünürəm.

- Bu yaxınlarda YAP-ın veteranlarından olan professor Əli Əlirzayev bəyan etmişdi ki, YAP-a sonradan gələnlər hakim partiyada əsas vəzifələri tutub...

- Əli Əlirzayev “91-lər”dəndir, partiyanın yaranmasında iştirakı olanlardan biridir, zamanında Siyasi Şuranın üzvü olub və sonradan oradan uzaqlaşdırılıb. Qeyd edim ki, YAP 1992-ci ilin noyabrında yaranıb və mən həmin vaxtdan partiyanın üzvüyəm. 1994-cü ilə qədər partiyanın Nəsimi rayon təşkilatına rəhbərlik etmişəm. İndi elə gənclər var ki, 1992-ci ildə doğulub. Həmin şəxslərin 2010-cu ildə YAP-a üzv olmasına təbii baxmaq lazımdır. Axı partiyanın özündə də bir inkişaf prosesi olmalıdır. Əgər partiya inkişaf edirsə, sözsüz ki, bura gənclərin axını da müşahidə ediləcək. İndi bizdə üzvlərimizin 60-70 faizini elə gənclər təşkil edir. Amma sözsüz ki, vəzifə naminə partiyamıza gələnlər, ondan sui-istifadə etmək niyyətində olanlar da olub. Lakin yararlı kadrlardan istifadə edilir, yararsız kadrlar isə çıxdaş olunur.

- Musa müəllim, sizin hazırkı siyasi fəaliyyətiniz nədən ibarətdir?

- Mən 2000-2005-ci illlərdə Milli Məclisin deputatı olmuşam. 2006-2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı işləmişəm. Bundan sonra YAP-ın qurultaylarında partiyanın Siyasi Şurasının üzvü seçilmişəm. Hazırda siyasi fəaliyyətlə məşğulam. Mətbuatda çıxışlar edirəm, cənab Prezidentin başlatdığı islahatlar siyasətini dəstəkləyirəm. Ancaq elə bir işlə məşğul deyiləm.

- Niyə sizin kimi təcrübəli YAP-çı, Heydər Əliyevi ən ağır dövrlərdə müdafiə edən biri işsiz qalıb?

- İşlə bağlı YAP-ın İcra katibliyinə müraciətim olub. Eləcə də Prezident Administrasiyasına məktub və müraciət göndərmişəm, dəfələrlə teleqram vurmuşam. Amma nəticəsi olmayıb. Cənab Prezident son çıxışlarının birində qeyd etdi ki, ona göndərilən məktub və müraciətləri gizlədiblər. Düşünürəm ki, digər məktublar kimi mənim yazdıqlarım da cənab Prezidentə çatdırılmayıb. Əvəzində, yazdığım məktublar və vurduğum teleqramların əks-sədası qeydiyyatda olduğum Yasamal rayon İcra Hakimiyyətindən gəlib. Yasamal rayon İcra Hakimiyyəti də mənə cavablarında yazır ki, bu iş onların səlahiyyəti daxilində deyil. Düşünürəm ki, yazdığım məktublardan partiyamızın sədri, cənab Prezidentin məlumatı olmayıb. Əgər məlumatı olsaydı, yəqin ki, bir işlə təmin edərdi və nəticədə 10 il işsiz qalmazdım.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.