“Danışarkən cümləni bitirməyə gücüm çatmırdı”

2-06-2020, 00:00           
“Danışarkən cümləni bitirməyə gücüm çatmırdı”
Koronavirusa yoluxmuş Əməkdar artist Sərvər Əliyev: "Bu xəstəlik var, özü də bir bəladır”
Koronavirusla mübarizə, karantin tədbirləri, insanların bir qisminin xəstəliklə ölüm-dirim mübarizəsi aparması dünya tarixində yeni bir səhifədir. Maraqlıdır ki, buna inanmayanlar da var. Hətta tez-tez "niyə bizim ətrafımızdan heç kim bu virusa yoluxmur?” deyənləri də görürük. Ölkəmizdə karantin tədbirləri yumşaldıldıqdan sonra son günlər yoluxanların sayı artmaqdadır. Onların arasında yaradıcılıqla məşğul olan sənət adamları da var. Müsahibimiz də zamanında koronovirusun varlığına inanmayanlardan idi...
Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev başına gələnlər, koronavirusa necə yoluxması barədə suallarımızı cavablandırdı.

- Deyəsən, əvvəllər koronavirusun varlığına şübhə ilə yanaşırdınız...

- Səmimi desəm, bəli. Şübhə ilə yanaşmağıma baxmayaraq, özümü təcrid etmişdim. Evdən çölə çıxmırdıq, ehtiyac olmadıqca başqa yerə getmirdik. Marketə gedəndə belə spirtlə, əlcəklə, ağızlıqla gedirdik. Özümüzü çox güclü şəkildə qoruyurduq. Karantin qaydaları yumşaldıqdan sonra biz də bir az bu nizam-intizamı yumşaltdıq. Yenə də qaydalara riayət edirdik. 2 ay evdə gərgin karantin qaydalarına əməl etdikdən sonra banka getməli oldum. O gün evdən çıxdım və gördüyüm mənzərə heç də xoş deyildi. Belə ki, bankların qarşısında insanlar toplaşmışdı. Bu insanlar arasında sosial məsafə qorunmurdu, heç bir qayda-qanuna riayət olunmurdu. İnsanlar tıncıxır, maskanı ağzından çıxarırdı... Biri deyirdi "mən xəstəyəm, buraxın gedim”, o biri deyirdi "özümü yaxşı hiss etmirəm, getməliyəm” və sair. Mənə elə gəlir ki, bu virusa elə bankda yoluxdum. Əvvəllər polislər bu işlərə nəzarət edirdi. Amma gün keçdikcə insanların hövsələsi daralır və bu qayda-qanunlara riayət olunmur. Mən banka elə bir vaxtda getmişdim ki, insanlara sosial kartlar verilirdi. Buna görə də bankın qarşısında böyük bir növbə düzülmüşdü.

- Nədənsə biz filmlərdən, sosial şəbəkələrdən, mətbuatdan belə xəbərlər alanda, elə düşünürük ki, bizim başımıza belə hadisə gələ bilməz.

- Mən özümü qoruyurdum. Ancaq dırnaqarası baxırdım. Hesab edirdim ki, bu da qripin bir növüdür. Bu virusla bağlı bir çox materialları izlədim. Ancaq oxuduqlarımdan yola çıxaraq içimdə bir inamsızlıq vardı. Bu qədər ciddi olduğunu düşünmürdüm. Mənim böyük qızım hara getməyindən asılı olmayaraq, əlini-üzünü spirtləyirdi. Evdə bütün qaydalara güclü riayət olunurdu.

- Həkimlər sizin sağlamlığınızla bağlı nələr deyirlər?

- Əsas təhlükə sovuşdu. Oksigenim çatmırdı və bunun üçün məni bir neçə gün reanimasiyada saxladılar. Aparata qoşdular. Allah həkimlərimizdən razı olsun. Mən burda həkimlərin vəziyyətini görüb, insanlardan xahiş edirəm ki, heç olmasa, onların əziyyəti xatirinə özlərini qorusunlar. 3 aydır bu həkimlər ailələrini görmürlər. Hər səhər avtobus onları otelə aparır, ordan da xəstəxanaya gətirirlər. Özü də qalın kombinezonda, saçlarından tutmuş, ayaqlarına qədər tərin-suyun içində bizə qulluq edirlər. Təsəvvür edin ki, o paltarlarda bizə sistem qoşur, iynə vururlar. Vəziyyət göründüyündən də çətindir. Həkimlərimiz müharibə qanunları ilə işləyirlər. Burdan sizin vasitənizlə bütün həkimlərə minnətdarlığımı bildirirəm. Hazırda palatadayam, otaqda təkəm və burdan çıxmağa icazə vermirlər. Özümü qorumalıyam. Hər gün xəstəxanaya yeni yoluxan insanlar gətirilir. Onların bir-biri ilə əlaqə qurması, münasibət saxlaması qadağandır. Mən ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyim üçün yenidən o xəstəliyə yoluxa bilərəm. Ona görə də özümü hər şeydən təcrid etmişəm.

- Yəqin ki, elə bu xəstəliklərə görə də virusa tez yoluxmusunuz.

- Həkimlər deyir ki, şəkər, ürək, ağciyər xəstələri və xroniki xəstəliyi olan insanların immuniteti çox aşağı olduğu üçün onlar tez yoluxurlar. İnsanlar var ki, dözümlüdür, həkimə belə müraciət etmirlər. O prosesi ev şəraitində keçirə bilirlər. Mən də evdə beş gün o prosesi keçirdim. Amma gördüm ki, vəziyyətim yaxşılaşmır. Əməkdar artist Şəfəq Əliyeva da bu virusa yoluxmuşdu və mən ona zəng etdim, gördüm ki, onun dediyi bütün simptomlar məndə var. Mənə dedi ki, özünü yubanmadan həkimə çatdır. Çünki mənim ciyərlərimdə artıq pnevmoniya yaranıb. İki gün tez müraciət etsəydim, daha yaxşı effekt ala bilərdim.
İndi günü-gündən vəziyyətim yaxşılaşır, artıq qızdırmam yoxdur. 8 gün idi ki, qızdırmam düşmürdü. Çox şükür, qızdırmam yoxdur, iy bilirəm, dad bilirəm. Virusa yoluxan insan iy, dad bilmir. Dünən gecə axır ki, yata bilmişəm. Öskürürdüm, yata bilmirdim, danışa bilmirdim. Danışarkən bir cümləni bitirməyə gücüm çatmırdı. İki gün ölümün düz astanasında oldum və nəticədə qalib gəldim. Hiss edirdim ki, artıq gedirəm. Son anda həkimlər məni aparata qoşdular. Karantin günlərində evdə qalmaq daha yaxşı idi, nəinki gəlib xəstəxanalarda qalmaq. Bu, psixoloji bir travmadır. Burdan çıxandan sonra, qərara almışam ki, gedib meşələrdə qalım. Ucqar kəndlərdə dincəlmək istəyirəm. Ehtiyac olmadıqca, evdən çölə çıxmayın. Gedəndə də mütləq maska taxın, sosial məsafəni saxlayın. Hər kəs daşıyıcı ola bilər. Həkimlər deyir ki, insanlar daşıyıcı olduğundan xəbərdar olmur.

- Nədənsə sənət adamının yaradıcılığında qazandığı uğurlardan az danışılır, nəinki şəxsi, belə bir məqamda başına gələn hadisələrdən.

- Elədir. Martın 6-da Dağıstan teatr tarixində ilk dəfə Dərbənd Dövlət Dram Teatrında İftixar Piriyevin "Eşqin tikan dairəsi” əsəri əsasında tamaşa nümayiş etdirdik. Dağıstanın nazir müavini çıxışında dedi ki, mən neçə illərdir nazir müaviniyəm, ancaq belə mistik, fəlsəfi tamaşa görməmişdim. Orada iki il ərzində yeddi tamaşa hazırladım, bu tamaşalara sosial şəbəkələrdə elə də reaksiya verən olmadı. Adi bir şəkil qoyanda, daha çox reaksiya verilir, nəinki yaradıcılıqla bağlı nəsə paylaşanda. Bu virusa yoluxandan sonra telefonlarım dayanmır, məni axtarır, araşdırır, maraqlanırlar. Media nümayəndələri mənimlə maraqlanır, hər birinə təşəkkür edirəm. Çox istəyərdim ki, yaradıcı insanın yaradıcılığı ilə maraqlansınlar. Düzdür, cansağlığı həyatda hər şeydən üstündür. Sənət adamı üçün ən sevindirici hal onun yaradıcılığına verilən dəyərdir. Onun yaradıcılığının işıqlandırılması daha xoş olardı. Ancaq dar günündə insanın yanında olmaq, ona dəstək olmaq da gözəl hisslərdir. Buna görə də hər kəsə təşəkkürümü bildirirəm.

- Dediniz ki, ölümün astanasından dönmüsünüz. O an gözünüzün qarşısından nələr gəldi keçdi?

- O anı sözlə təsəvvür etmək istəmirəm. Sadəcə, həmin an ancaq "ay ana” deyirdim. Anam indi gecə-gündüz mənim üçün dua edir. 54 yaşım var. İnsan nə qədər yaşlanırsa-yaşlansın, düşdüyü bütün çətin anlarda, problemlərdə anasını çağırır.

- Karantin günləri bitdikdən sonra koronavirus pandemiyası ilə bağlı hər hansı bir tamaşa hazırlamağı düşünürsünüzmü?

- Mütləq. Hansısa roman və ya povesti götürüb, onun üzərində mövzuya tamam başqa cür yanaşacam. Açığı, bu virusa yoluxmamışdan əvvəl də belə bir şey düşünürdüm. Artıq bu hissləri yaşadıqdan sonra hesab edirəm ki, daha yaxşı alınacaq. Həkimlərin bu virusa və xəstəliyə qarşı mübarizəsi, sözün əsl mənasında bir fədakarlıqdır. Təsəvvür edirsinizmi, gənc həkimlər, tibb bacıları üç aydır övladlarını görmür, bütün günü bizim qulluğumuzdadırlar. Nə var, nə var, biz maska taxmağı özümüzə rəva bilmirik. Kimsə maska taxmırsa, mütləq ona reaksiya verilməlidir. İnsanları başqa necə məlumatlandırmaq lazım olduğunu bilmirəm. Qoy görsünlər ki, insanlar nələr çəkir. Bu xəstəlik var, özü də bir bəladır.

- Bundan sonranı ikinci həyat hesab etmək olarmı?

- Mən bu hadisələrdən sonra sanki yenidən doğuldum, həyata ikinci dəfə qayıtdım. Bəzən eşidirdim ki, pandemiyadan sonra yeni dünya olacaq. Mənim həyata baxışım da dəyişib. Özümə gələndən sonra düşünürəm ki, bu xəstəlikdən yaxa qurtarandan sonra özümü cəmiyyətdə necə aparacam. Kim maska taxmasa, reaksiya verəcəm. Lazım gəlsə, müvafiq qurumlara xəbər verəcəm. Bu işə ciddi yanaşmırlar. Bu dəyişiklik yaradıcılığımda da özünü göstərəcək.

- Bu yaxınlarda dövlət başçısı tərəfindən Prezident mükafatına layiq görüldünüz. Gözə və nəzərə inanırsınızmı?

- Mən Ağdamda baş rejissor olanda, prezident məni bu mükafata layiq görmüşdü. O zaman ürək əməliyyatı keçirdim və aldığım o pulu iynə-dərmana xərclədim. Kənardan baxıb bəxtəvərlik verənlər çoxdur. Əslində gözə də, nəzərə də inanıram. Nənəm hər zaman bir şey olanda, üzərlik yandırardı. İnsanların da haqqına girmək istəmirəm. Heç kimin heç kəsdə gözü yoxdur. Amma kiminsə qəlbindən keçir ki, o da mükafata layiq görülsün.
kaspi.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.