"Qızıl Məryəm"in qudası şok faktlar açıqladı - FOTOLAR

7-01-2016, 23:35           
"Qızıl Məryəm"in qudası şok faktlar açıqladı - FOTOLAR
"Balamın həbsində qayınanasının heç bir rolu olmayıb. Yayılan xəbər həqiqəti əks etdirmir".

teref.az xəbər verir ki, bu sözləri Axar.az-a övladı Günel Hüseynova tərəfindən qətlə yetirilən qızıl alverçisi Məryəm Nametzadənin qudası olmuş Firəngiz Süleymanova deyib.

Onun sözlərinə görə, 2007-ci ildə oğlu Elçin Süleymanov indi ana qatilinə çevrilən Günel Hüseynova ilə evlənib:

“Onlar təsadüfən tanış olublar. Elçin Günelin evinə gedib-gəlirmiş. Sonra oğlum xəbər tutub ki, qız ondan hamilə qalıb. Günel də qaçıb bizə gəlmişdi. Mən də el-oba adəti ilə oğlum üçün elçi getdim. Məryəm bizə çox yaxşı süfrə açmışdı. Məclisdə bacısı Fəxriyyə, rəfiqələri Südabə, Təranə iştirak edirdi. Elə 2007-ci ildə də toy eləmişik. Məryəmin bacısı əri Sənan özü toyda iştirak elədi, bəylə gəlini Quranın altından keçirdi”.

F.Süleymanova “Fəryad” filmindəki prototipin M.Nametzadənin həyat yoldaşı, Qarabağ qazisi Mehman Hüseynov olduğunu təsdiqləyib:

“Ancaq Elçinlə Günelin toyunda nə Məryəm iştirak elədi, nə də Mehman. Əvvəla, onlar həmin vaxt çoxdan ayrılmışdılar. Məryəm isə qızı qaçmışdı deyə, toyda iştirak etməyə utanırdı. Amma nəvəsinin, yəni Zəhranın 1 yaşını restoranda qeyd edəndə yüksək səviyyədə iştirak elədi, əvəzini çıxdı. Yəni, iki quda aramızda heç vaxt söz-söhbət, inciklik olmayıb. Güneldən də bir narazılığımız olmayıb. Sadəcə, ailə qurublar, sonra gəlin Binəqədi kəndində yaşamaq istəmədi. Məryəmin bacısı əri Sənan da onlara şəhərin mərkəzində ev verdi, ora köçdülər. Oğlum Elçinin həbsinə qədər birlikdə yaşadılar”.

G.Hüseynovanın keçmiş qayınanası qeyd edib ki, oğlu həbs edilən tarixdə Günellə ayrılıblar:

“Günel deyib ki, yolunu gözləyə bilmərəm və anasının yanına gedib. Amma həbsdə olduğu dövrdə Günelin xalası Fəxriyyə oğlumun yanına gedib-gəlirdi, ona sovqat, geyim aparırdı. Bizi narahat edən odur ki, Elçini qayınanasının tutdurduğunu yazırlar. Amma belə deyil. Sadəcə, aradakı soyuqluğun səbəbi Günelin Elçinin yolunu gözləməməsi oldu”.

O, qudasının ailədən maddi dəstəyi əsirgəmədiyini də söyləyib:

“Məryəmin bir əli elə Elçingilin üstündə olub. Amma özüm Məryəmin evində 3 dəfə olmuşam. O, işində-gücündə olurdu, vaxtı olmurdu. Amma bizə qızını görməyə tez-tez gəlirdi, bayramda bazarlıq edirdi”.

Günelin anasını qətlə yetirməsindən danışan keçmiş qayınanası bunları deyib:

"Günel niyə belə edib, bilmirik. Günel eqoist qız idi. Hamıya qarşı soyuq idi, heç kəsi bəyənmirdi. Onunla birlikdə tutulanlardan biri də xalası oğlu Nicat Eyvazovdur. Sənanın övladıdır və rəhmətlik Məryəm o uşağı çox istəyirdi.

Ümumiyyətlə, bu ailə yalnız özünü sevirdi. Kənar adamlara yuxarıdan aşağı baxırdılar. Günelin belə bir iş tutacağını kim ağlına gətirərdi? Heyrət içindəyik!”.

Qeyd edək ki, E.Süleymanov barəsində 2008-ci il avqustun 23-də Binəqədi Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, torpaq alveri ilə məşğul olub. İstintaq müəyyən edib ki, E.Süleymanov özünü Binəqədi bələdiyyəsinin vəzifəlisi kimi təqdim edərək qəsəbədə torpaq sahəsini satacağı vədini verib.

Bu zaman başqalarına aid torpaq sahələrini satmaq adı ilə Xəzangül Yusifova və Yaqut Əhmədovaya göstərməklə, onların hərəsindən 3 min dollar alıb.

Bundan başqa, vətəndaş Mehman Qədəşova torpaq sahəsi ayrılması haqda bələdiyyə sərəncamını ələ keçirib, sahibindən xəbərsiz Marifə Hüseynova adlı şəxsə 6 min dollara satıb.

Həmçinin, SOCAR-ın balansında olan torpaq sahəsini Elməddin Vəliyevlə əlbir olaraq Fazil Rüstəmov adlı şəxsə satıb və müqabilində 140 min dollar alıb.

Bu torpaqların SOCAR-ın balansından çıxarılmasında özünü şirkətin vəzifəlisi kimi təqdim edən tanışları Tofiq Əkbərovla əlbir olub. T.Əkbərov buna görə 110 min dollar alıb.

F.Rüstəmov sonunda dələduzluqla üzləşdiyini anlayaraq pulunu tələb edib və 64 min 300 dollarını geri alıb. Qalan pulun qarşılığında ona “Badukübə” tikinti firmasından mənzil verildiyi haqda müqavilə göstərilib. Amma şirkət xəzinəyə vəsait daxil olmadığını açıqlayıb.

Bu dələduzluqlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilən E.Süleymanov 7 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Məryəm Nametzadənin qonşuları onun keçmiş kürəkəninin qayınanasına qarşı dələduzluq etdiyi üçün 9 il müddətində həbs olunduğunu bildirmişdilər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.