“Övladlarım cəbhə bölgəsinə düşsə, narahat olmaram, çünki...”

12-06-2020, 08:28           
“Övladlarım cəbhə bölgəsinə düşsə, narahat olmaram, çünki...”
Aparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramovanın daha iki oğlu hərbi xidmətə yola düşür. Bununla da cütlük üç əsgər valideyni olacaqlar. Dünən isə sosial şəbəkədə izləyicilər onların fotolarına təriflər yağdırsalar da, qarğış edənlər də olub.

Moderator.az-a açıqlamasında Z.Bayramova hələ xəstə olan vaxtında da ona qarğışlar yazan adamların olduğunu bildirdi:

“Ötən ilin oktyabr ayında böyük oğlum əsgər getdi və indi də iki oğlumu hərbi xidmətə yola salacam. Bununla da mən üç əsgər anası olacam. Mənim şəkilimə qarğış yazanların psixoloji durumları yerlərində deyil. Əgər mənimlə düşmənçiliyin varsa, bu öz yerində. Mənim oğlum axı bu vətənin əsgəri olacaq. Bu həm də sənin oğlun deməkdir. Hətta düşmənimin də balasına arzu etmərəm ki, əsgərlikdə həlak olsun. Düzdü, şəhidlik böyük zirvədir, amma niyə şəhid olaq ki, elə qalib gələk də. Heç bir övladımıza ölüm arzulamıram. Kimsə onların qarışıyla yaranmayıb ki, onların qarğışıyla da ölsün. Mənim xəstəliyim dövründə də sosial şəbəkədən qarğış yazanlar olurdu. Ömrü verən isə Allahdır, o, hər şeyi gözəl bilir. Bunların dedikləri biz az könül bulandırmaqdır.

Böyük oğlum sərhəd qoşunlarında xidmət edir, ali təhsillidir. İndi yola düşəcək övladlarımdan isə ortancıl oğlum ali, kiçik oğlum isə orta təhsillidir. Onların içində ən çox fəxr etdiyim kiçik oğlumdu. May ayında 18 yaşı tamam oldu və möhlət alıb qəbul imtahanına sala bildik. O, isə bu möhlətdən imtina edib dedi ki, əsgər gedirəm və sonra gəlib oxuyacam. Övladlarım cəbhə xəttinə düşsə, bundan narahat olmaram. Çünki orda xidmət edən əsgərlər də elə mənim balalarımdır və elə narahat olsam, onlar üçün narahat olmalıyam. Mən Allahıma çox inanan adamam və o, nə ömür veribsə, onu da yaşayacaq. Təki o ömrü şərəfli yaşaya bilsin. Arzu edirəm ki, bütün əsgərlərimiz sağ gedib, sağ qayıtsınlar. Allah bütün əsgərlərimizi qorusun. Analarımız əsgər anası olduqları üçün qürur duysunlar. Çünki elə xəstə övladlarımız var ki, analar deyir ki, kaş sağlam olub əsgər gedəydi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.