"Cəmil bəyin özü bu barədə fikir söyləməyənə qədər bununla bağlı fikir söyləmək doğru olmaz" - Pənah Hüseyn

13-06-2020, 10:29           
"Cəmil bəyin özü bu barədə fikir söyləməyənə qədər bununla bağlı fikir söyləmək doğru olmaz" - Pənah Hüseyn
Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə ötən həftənin gündəmini dəyərləndirdik. Milli Şura sədri Cəmil Həsənlinin hakimiyyətlə dialoq və görüşlərə qatılanları “tryapka” adlandırmasından, Sülhəddin Əkbərin 1992-93-cü illərdəki cəbhə hakimiyyəti ilə bağlı səsləndirdiyi sensasion fikirlərdən danışdıq.
AXP sədri Pənah Hüseynin hafta.az-a müsahibəsini təqdim edirik:
- Pənah bəy, ötən həftə ölkənin əsas gündəm mövzularından biri Dağlıq Qarabağ məsələsi idi. Bir çoxları hesab edir ki, hazırda münaqişənin həlli üçün əlverişli şərait yaranıb. Siz necə düşünürsünüz, münaqişənin həlli ilə bağlı hansı konkret addımlar atılmalıdır?
-Münaqişənin həlli ilə bağlı konkret olaraq filan addım atılmalıdır – prizmasından yanaşılması doğru olmazdı. Təbii ki, bununla bağlı mülahizələr söylənilə bilər. Çünki bunun üçün kifayət qədər informasiyaya malik olmaq lazımdır. Ölkənin hərbi gücü, diplomatik imkanları ilə bağlı yetərli informasiyalar olmalıdır. Eyni zamanda, uzun illərdən bəri aparılan, konkret məzmunu açıqlanmayan danışıqlar barədə məlumatlı olmaq gərəklidir. 30 ildir ki, Azərbaycan ərazisinin 15 faizi -bəzən 20 faiz də işlənir – işğal altındadır. Ölkənin ərazi bütövlüyü pozulub. Konstitusiyaya görə ərazi bütövlüyünün bərpa olunması və bu istiqamətdə addımlar atılmalıdır. Konstitusiyaya görə, bunun bərpa olunması, beynəlxalq hüquqda və ölkə konstitusiyasında nəzərdə tutulan, silahlı qüvvələrdən istifadə olunmaqla addımların atılması siyasi hakimiyyətin görəvidir. Biz bir həftə, 10 gün sonra filan addımlar atılsın deyərəkən ümumi yanaşmaları nəzərdə tuturuq. Buraya ölkənin iqtisadi, hərbi gücünün artırılması kimi məsələlər daxildir. Buraya demokratik və iqtisadi islahatların aparılması, sosial ədalətin bərpa olunması, o cümlədən silahlı qüvvələr daxilində korrupsiyanın kökünün kəsilməsi aiddir. Ölkənin hərbi, iqtisadi və insani resursları səfərbər olunmalıdır. Bu işlərin aparılması üçün ölkədə legitimlik yaradılmalıdır. Bu istiqamətdə kompleks işlərin həyata keçirilməsi üçün düzgün addımlar atılarsa, silahlı qüvvələrdən istifadə olunmaqla xalq öz torpaqlarının azad edilm'si istiqamətindəki addımları dəstəkləyər. Bu prosesdə iştirak edər. Beləliklə, torpaqları işğaldan qurtarmaq olar. Ümumi, konseptual yanaşma bundan ibarətdir.
-Bəs hərbi və diplomatik sahələrdə konkret olaraq hansı addımlar atılmalıdır?
- Hərbi və diplomatik sahədə, eləcə də danışıqlar məsələsində konkret olaraq hansı addımların atılması ilə bağlı daxili və xarici amilləri hərəkətə gətirən konkret sənədlər hələ 90-cı illərin sonundan başlayaraq tərtib olunub. Ümumi şəkildə müəyyən təkliflər də edilib. Son dövrlər Qarabağ Komitəsi tərəfindən belə sənədlər təqdim olunub. Hələ o dövrdən istər siyasi qüvvələr, istərsə də, ictimai sektor tərəfindən belə təkliflər hazırlanıb və təqdim edilib.
- Bəzi şərhçilər hesab edir ki, əgər Azərbaycanda siyasi hakimiyyətlə müxalifət birləşsə, vahid mövqe ortaya qoya bilsə, bu, Ermənistanın qəti məğlubiyyəti ilə nəticələnəcək. Eyni zamanda, qeyd olunur ki, belə bir birlik hazırda Azərbaycanın siyasi mühitində yoxdur…
- Ölkənin öz torpaqlarını azad etməsi üçün daxildə milli birliyin yaranması şübhəsiz ki, siyasi hakimiyyətlə siyasi müxalifətin işbirliyini tələb edir, nəzərdə tutur. Əlbəttə, bu amil istənilən ölkədə dərhal onun hərbi-siyasi gücünü artırar. Bu məsələdə məsuliyyət ilk növbədə hakimiyyətdəki siyasi qüvvənin üzərinə düşür. Ölkənin bütün resurslarının hakimiyyətdə olan qüvvənin əlində cəmləşdiyinə görə. Eyni zamanda, bu məsələdə ölkə daxilindəki siyasi qüvvələrin – hakimiyyətlə müxalifətin bir yerdə olması zəruri şərtlərdən biridir. Yeri gəlmişkən, Azərbaycan müxalifəti – mən qeyd etdiyim müxalifət – öz təşəbbüslərində daim bir müddəanı səsləndirib ki, döyüş əməliyyatları başlanarsa, hətta siyasi fəaliyyətlərini dayandıra bilər. Bu, 1998-ci ildən üzübəri qəbul olunmuş bütün sənədlərdə vurğulanıb. Azərbaycanda siyasi proseslərə təsir imkanına malik olan müxalif qüvvələrinin, eləcə də digərlərinin mövqeyi bundan ibarətdir. Şübhəsiz ki, istər müxalifət, istərsə də iqtidar daxilində bu məsələdə fərqli düşünənlər də var. Bu məsələdə həlledici məqam siyasi hakimiyyətin iradəsidir. Bir daha təkrar edirəm. Hətta mövcud şərait daxilində Azərbaycan müxalifəti tərəfindən dəfələrlə siyasi bəyanat verilib ki, müxalifət ölkədə, Qarabağda, ümumiyyətlə, işğal olunmuş torpaqların azad olunması məsələsində bütün addımlara getməyə hazırdır.İqtidarın hər hansı bir təkliflə çıxış etməsi və müxalifətin bu məsələdə hakimiyyətlə razılaşmaması ilə bağlı Azərbaycanın ən yeni tarixində faktla rastlaşmamışam.
-Pənah bəy, ötən həftənin qalmaqallı açıqlamalarından biri Milli Şuranın sədri Cəmil Həsənlidən gəldi. O, siyasi hakimiyyətlə dialoqa gedənləri “tryapka” adlandırdı. Siz də dialoqlara, görüşlərə qatılmısınız. Milli Şura sədrinin belə bir ifadəsinə münasibətinizi bilmək istərdik…
- Cəmil bəyin o cür açıqlaması ilə tanış deyiləm. Bu barədə təxmini fikirləri mətbuatdan eşitmişəm. Müxtəlif fikirlər var. Mövqeyimi bilmək istəyirsinizsə, əlbəttə, arzu olunan odur ki, Azərbaycanın siyasi müxalifəti onları birləşdirən ümumi hədəflər uğrunda əməkdaşlıq etsinlər. Hətta öz qüvvələrini birləşdirsinlər. Münasibətim konkret olaraq bundan ibarətdir. Cəmil bəyin özü bu barədə fikir söyləməyənə qədər bununla bağlı fikir söyləmək doğru olmaz. Həm iqtidara, həm də müxalifətə münasibətdə bu cür ifadələrin işlədilməsi arzuolunan deyil.
-Ötən həftənin ən qalmaqallı açıqlamaları keçmiş Milli Təhlükəsizlik Nazirnin müavini Sülhəddin Əkbərdən gəldi. AXC hakimiyyəti dönəmində rəhbərlikdə təmsil olunan bir sıra şəxslərin “KQB” agenti olduğunu söylədi. Bu barədə fikriniz nədir?
-Bu barədə Zərdüşt Əlizadə 30 ildir danışır. Deyir ki, guya o zaman iqtidarda olanlar sonradan hakimiyyəti öz əlləri ilə Heydər Əliyevə təqdim edib. Ayaz Mütəllibov da bu barədə fikirlərini kitabında yazıb. Vaqif Hüseynov öz memuarlarında bu barədə yazıb. Yəni, bildirmək istəyirəm ki, bu ittihamlarda yeni heç nə yoxdur. Elçibəy və AXC düşmənləri bu fikirləri müxtəlif dövrlərdə səsləndirblər. Həmin dövrdə məsul vəzifələrdən birini tutmuş Sülhəddin Əkbərin milli hökumətlə bağlı bu cür fikirlər səsləndirməsi heç xoş olmadı. Hətta xeyli hiddətə səbəb oldu. 4 iyun hadisələrinin müzakirə olunduğu bir vaxtda bütün gündəm dəyişdirdi bu açıqlamalar. Konkret şəxslər yox, milli hökuməti hədəf alan açıqlamalardır.
-Pənah bəy, müxalif düşərgə yenə də bir illik iqtidar dövründən qalma intriqalarla bir-birinə ittihamlar səsləndirirlər. "Köhnə köhnədə qaldı" prinsipinə əsaslanıb niyə yeni cığır açmırlar? Niyə birləşə bilmirlər?
-Təbii ki, yenilənmə olmalıdır. Müxalifət daxilində yeni cığırların açılması prosesi getməlidir. Bu aydındır. Tənqid də olmalıdır. Amma etik çərçivədə. Təssüf ki, biz hələ də iqtidar-müxalifət, eləcə də müxalifətdaxili münasibətlərdə buna nail ola bilməmişik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.