“Ay bala, get, özündən danış, başdan-ayağa “silikon”san”
16-06-2020, 17:13

“Digər müğənnilər kimi qulluqçum yoxdu ki, hazır yeyim-içim. Bütün işlərimi özüm edirəm. Ona görə də karantində mənim artıq çəki almaq kimi bir problemim olmadı”.
Bu sözləri “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı ifaçı Zahidə Günəş bildirib. O, karantin zamanı təxirə salınan el şənliklərindən də söz açıb. İfaçı qazanc yerinin yalnız toylar olduğu üçün hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirib.
“Martın 14-dən işsiz oturmuşam, vəziyyətim çox pisdir. Bildiyiniz kimi bir övladım var, ona özüm baxıram. Mən çox qürurlu insanam. Quru çörəyə möhtac olaram, ancaq heç vaxt kiməsə ağız açmaram. Oturmuşam evdə, Allaha dua edirəm ki, tezliklə toylar başlasın, gedib öz halal zəhmətimlə pulumu qazanıb, ailəmi dolandırım. Digər müğənnilər kimi sponsorum yoxdur ki, məni dolandırsın. Mənim gəlirim toylardan, el şənliklərindəndir. Ona görə də hazırda maddi çətinliklərim var”.
Əməkdaşımızın “Niyə sizdən sonra səhnəyə gələn ifaçılar daha çox tanındılar, siz isə kənara çəkildiniz?” sualına Zahidə Günəş belə cavab verib.
“Mən bu sənətə çox gənc olanda başlamışam. 17-18 yaşımdan səhnədəyəm. Özümə xas olan ifa tərzim var və bu tərzi səhnəyə mən gətirmişəm. Sonradan məndən 10-15 yaş böyük olan ifaçılar da bu tərzdə oxumağa başladılar. Onlar məşhurlaşdılar, lakin mən səhnədən uzaqlaşdım. Çünki heç kəsə yalvarmağı sevmirəm. Bildiyiniz kimi, bu işi inkişaf etdirmək üçün maddi dəstək, sponsor lazımdır. Ömrümdə heç kəsə buna görə ağız açmamışam. Hər bir şeyi öz əziyyətimlə, zəhmətimlə etmişəm. Məclislərdən qazanıb, mahnı yazdırıb, aranjiman etdirmişəm. O vaxtlar mən yenicə oxumağa başlayanda hara gedirdimsə deyirdilər ki, Azərbaycanın Neşe Karaböcəyi gəlir, məni ona bənzədirdilər”.
İfaçı, açıq-saçıq geyinmədiyi üçün insanlar tərəfindən tənqid edildiyini də dilə gətirib.
“Mən ağır təbiətli biriyəm. Heç vaxt açıq-saçıq geyinməyi sevməmişəm. Məclislərə, efirlərə də gedəndə hər zaman qapalı geyinməyi sevirəm. Təsəvvür edin, mənə baxıb deyirlər ki, yenə “çuşka”, “kolxoz” Zahidə Günəş gəldi. Bu insanlar hansı təfəkkürlə düşünürlər, məgər bağlı geyinənlər “çuşka”, açıq geyinənlər dəbli olurlar? Bu dəqiqə də soyunan müğənnilər gündəmdədirlər. Ən çox onları efirə dəvət eidrlər. Sonra da insanlar başlayırlar sosial şəbəkələrdə haqqımda ağızlarına gələnləri yazmağa. Belə olanda da həvəsdən tez düşürəm”.
Müğənni Xalq artisti Məleykə Əsədovanın xalası qızı olduğu haqqında yayılan xəbərlərə də münasibət bildirib.
“Məleykə Əsədova ilə aramızda heç bir qohumluq əlaqəsi yoxdur. Ancaq biz bacı kimi çox yaxınıq, uşaqlıqdan ailəvi dost olmuşuq, sənətə ilk gəldiyim vaxtlardan, indiyə qədər ən böyük dəstəkçim Məleykə xanım olub”.
Söhbət zamanı ifaçı bəzi həmkarlarına sərt ismarıclar yollamağı da unutmayıb.
“İndi müğənnilər arasında yeni dəb düşüb, bir-birlərinin “ağızlarını əyirlər”, təlxəklik edirlər. Ay bala get, özündən danış, başdan-ayağa “silikon”san, ağzına yiyəlik et. Vallah, mən bunların 99 faizini tanıyıram, kim adını dəyişib, kim nə işlə məşğuldur. Biri var, adını çəkməyəcəm, populyar müğənnidir. Bir gün oğlumla marketə getmişəm, satıcı qız mənə deyir ki, “Zahidə xanım, burada bir müğənni var idi, sizi görən kimi piştaxtaların arxasında gizləndi”. İnanın, çox təəccübləndim. Sonra yadıma düşdü ki, axı mən onu adını dəyişməyib, 10 manata toylarda oxuyandan tanıyıram. Ona görə də keçmişini bildiyim üçün məndən qaçır. Mən 200 ABŞ dolları müqabilində məclislərdə iştirak edəndə, həmin o müğənni 10 manata yalvara-yalvara toylara gedirdi. Dünən səhnəyə çıxıblar, bu gün artıq cangüdənlə gəzirlər. Sənət bax bu qədər ucuzlaşıb. Mənim fikrimcə, əsas insanın təmiz adıdır, mən də bahalı avtomobil sürüb, dəbdəbəli villada yaşaya bilərdim. Ancaq mənim üçün hər zaman təmiz adım önəmli olub. Alnı açıq, üzü ağ dolanıb, heç kəsdən asılı olmamaq mənim həyat şüarımdır”,- deyə o, bildirib.
Zahidə Günəş sadiq dostu, teleaparıcı Zaur Kamala minnətdarlığını da bildirib.
“Bir zamanlar özümə çox qapanmışdım, heç yerə çıxmaq istəmirdim. Zaur Kamal məni bu depresiyadan xilas etdi. İnanırsız, gəldi məni güclə efirə çıxardı. Heç bir təmənna güdmədən, mənə mənəvi dəstək oldu. Buna görə mən ömrümün sonuna qədər ona minnətdar olacam. Zaur əsl dostdur”.
Sonda ifaçı, efirlərdə tez-tez görünməməsinin səbəbini də açıqlayıb.
“Efirlərə tez-tez çıxmağı mənasız hesab edirəm. Qalmaqallı verilişlərə dəvət olunanda imtina edirəm. Çünki, bir az əsəbi insanam, kimsə mənə artıq söz desə, digər müğənnilər kimi sakit dura bilməyəcəyəm. Bu da qalmaqal yarada bilər, hər zaman belə şeylərdən uzaq durmağa çalışmışam”,- deyə, o, fikrini tamamlayıb.