Partiya sədrinin açıqlaması qalmaqal yaratdı - "Onu ciddi adam bilirdim"

11-01-2016, 12:50           
Partiya sədrinin açıqlaması qalmaqal yaratdı - "Onu ciddi adam bilirdim"
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında Milli Məclisdə təmsil olunan 3 deputatla bağlı ilginc açıqlama verib.

O qeyd edib ki, Azərbaycan Sosial Demokrat Partiyası, (ASDP) Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyasının sədrləri eks prezident Ayaz Mütəllibovun parlamentdəki kadrlarıdır. O bunu həmin adamların Rusiya meylli olmaları ilə əlaqələndirib.
Modern.az saytı məsələyə münasibət öyrənmək üçün adı “Mütəllibovun parlamentdəki adamları” məsələsində hallanan partiya sədrlərinə müraciət edib.

"Onu ciddi adam bilirdim"

ASDP sədri Araz Əlizadə Əli Əliyevi ciddi adam saydığından belə açıqlamanı gözləmədiyini deyib.

“Əli Əliyevi bu günə kimi ciddi adam bilirdim. Bu cür çıxış etməsini ondan gözləmirdim. Əvvəla ondan başlayım ki, Tahir Kərimli Xalq Cəbhəsindən gəlib. Əli Əliyev də Xalq Cəbhəsinin yetirməsidir. Mən isə həmişə sosial-demokrat olmaqla yanaşı Mütəllibova da müxalifətdə olmuşam. Burda bir məsələ var.

Mütəllibov demokratiyaya gedən yolu tutmuşdu. Əli Əliyev isə üzv olduğu Xalq Cəbhəsi partiyasından Vəhdət Partiyasına üz tutub. Düzü, belə mənasız fikirləri onda eşitmək mənə təəccüblü gəldi. Araz Əlizadə həmişə xalqın və Araz Əlizadənin adamı olub. Kimlərinsə adamı olmayıb”.

"Deputat olmaqdan ötrü dəridən-qabıqdan çıxıb"

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə Əli Əliyevin parlamentdə təmsil oluna bilməməsi səbəbindən qarayaxma işlərlə məşğul olduğunu vurğulayıb.

“Bu fikirlər cəfəngiyyatdır. Heç vaxt kiminsə adamı olmamışam. Əli Əliyevin bu cür çıxışı təhqir xarakteri daşıyır. Özü kiminsə adamı olub, mən yox. O, Milli Məclisə seçilmək, deputat olmaqdan ötrü həmişə dəridən-qabıqdan çıxıb. İstəyinə nail olmadığına görə qarayaxma işlərlə məşğuldur.

Vaxtilə Ayaz Mütəllibovun yıxılmasında müstəsna rol oynayanlardan biri olmuşam. Təbii, o vaxt Sovet imperiyasına qarşı mübarizə aparırdım. Konkert Mütəllibova qarşı yox. Hər halda, o, o vaxt dövlət rəhbəri idi. İndi Əli Əliyev mənim adımı kiminsə adamı olmaqda necə çəkir?!”

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev xarici ölkələrin birində müalicə olunduğundan məsələyə münasibət öyrənə bilmədik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.