Millət vəkilindən hökumətə ilginc ittiham…
18-01-2016, 13:44
“Nazirlər Kabinetinin yuxarı eşalonunda makroiqtisadiyyatı yüksək səviyyədə bilən bir nəfər də olsun adam yoxdu”; “Devalvasiyanın bütün ağırlığını xalqın üstünə atmaq olmaz”
elimesimliİqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli moderator.az -ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
-Prezidentin unu və taxılı ƏDV -dən azad etməsi büdcəyə neçəyə başa gələcək?
-Bu suala aydın cavab verməkdən ötrü əvvəlcə onu qeyd edək ki, 2016-cı ilin büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb. Amma 2016-cı ilin əvvəllərinə neftin qiyməti artıq 30 dolların altına enib və bir sıra proqnozlar həmin psixoloji həddinin də son hədd olmayacağını və neftin qiymətinin daha da aşağı düşəcəyini vurğulayırlar. İşlər düzgün qurulsa, ötən il dekabrın 21-də manatın 50 faizə yaxın devalvasiyası və ondan sonra da manatın ucuzlaşmaqda davam etməsi neftin qiymətinin aşağı düşməsi nəticəsində büdcədə gözlənilən itkiləri bir qədər aşağı, bir qədər yuxarı olmaqla kompensasiya edə bilər. Amma devalvasiya, xüsusən də 50 faizlik kəskin devalvasiya çox ağır məsələdi və daha çox dollarla krediti olanlara, eləcə də qiymətlərin artması nəticəsində aztəminatlı və orta təbəyə mənfi təsir göstərir. Ona görə də devalvasiyanın bütün ağırlığını xalqın üstünə atmaq olmaz. Bu işdə bir neçə həftəlik gecikmələr belə, əvvəlcə sosial, sonra isə daha ciddi fəsadlara, kataklizmlərə yol aça bilər. Bu baxımdan, büdcəyə neçəyə başa gəlməsindən aslı olmayaraq əhalinin xeyrinə bir sıra addımlar atmaq lazımdı. Manatın devalvasiyası ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycana buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bunun nəticəsində taxılın və unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb. İşlər düzgün qurulsa, bu addım, taxıl və taxıl məhsulları, eləcə də çörək bazarında əvvəlki qiymətlərə qayıtmaq baxımından müəyyən ucuzlaşmaya səbəb olmalıdır ki, bu da əhalinin xeyrinədir. Azərbaycan ərazisinə malların idxalına əlavə dəyər vergisi hesabına bu ilin büdcəsinə 1 milyard 120 milyon manat daxil olacağı proqnozlaşdırılıb. Azərbaycan olaraq son illər dənli bitkilərin idxalına 340- 430 milyon dollar xərcləyirik ki, onun da əksəriyyəti buğdaya görədir. Bu rəqəmlərdən çıxış edərək Azərbaycana buğda idxalı və digər məqamlarla bağlı ƏDV-dən azadolunmanın büdcəyə neçəyə başa gələcəyini Maliyyə Nazirliyi hesablayacaq və devalvasiyadan büdcəyə gözlənilən daxilolmalardan çıxacaq. Alınan rəqəm devalvasiyadan büdcəyə gələnlərin fonunda kiçik bir rəqəm olacaq.
-Banklar 10 min dollaradək istehlak kreditlərini əvvəlki 1,05 məzənnəsi ilə qaytarsa nə qədər ziyana düşəcəklər?
– Gəlin əvvəlcə real həyatı əks etdirən belə bir məqamdan başlayaq: Orta gəlirli bir Azərbaycan vətəndaşı xaricdə yox, konstitusion surətdə manatın yeganə ödəniş vasitəsi elan olunduğu öz ölkəsində, yəni Azərbaycanda deyək ki, ili 28 faizə 3 il müddətinə 7800 manatlıq kredit götürüb ailəsinə lazım olan bir əşyalar, məsələn, məişət texnikası alıb. Ötən ilin 21 fevral devalvasiyasına bir neçə gün qalmış onun kredit aldığı bankdan zəng edib manatla olan borcunu dollara çeviriblər və ya yenidən həm də dollarla uçota alıblar. Fevralın 21-də 34 faiz, dekabrın 21-də isə 48 faiz devalvasiya olub. Manatın ucuzlaşması prosesi gedir və hələ tunelin sonunda işıq görünmür. Manat devalvasiya uğrayır deyə həmin vətəndaşımız bankdan götürdüyü 7800 manatın müqabilində ondan bir neçə dəfə artıq pul ödəməlidir? Ona görə də biz Milli Məclisin 30 dekabr tarixli iclasındakı çıxışımızda bu məsələnin ədalətli həlli kimi ağırlığın “dördbucaq sistemi” üzrə ədalətlə bölüşdürülməsini təklif etdik. Banklar bir neçə milyarda bərabər həmin ziyan ağırlığının altına təkbaşına girə bilməz. Çünki bankdakı pulların yalnız bir qismi onların öz resurslarıdır, əksəriyyət əhalinin əmanəti və xaricdən cəlb edilən vəsaitlərdi. Yəni bəzi məlum istisnaları kənara qoysaq, hər iki tərəfdə əmanətçi və kredit alan qismində əhalinin mənafeləri durur. Ona görə də bu işdə Mərkəzi Bank və Dövlət kommersiya banklarına kompensasiya, ucuz kredit resursları vermək və sair variantlar vasitəsilə kömək olmalıdır.
-Devalvasiyadan bir ay keçir, amma hökumət hələ də var-gəl edir. Bu qərarsızlıqdır, yoxsa etinasızlıq?
– Bizdə hökumət deyəndə, Nazirlər Kabineti nəzərdə tutulur. Bu baxımdan fikrimizcə, əsl səbəb sizin dediyiniz kimi, nə qərarsızlıqdı, nə də etinaızlıq. Düzdü, hərəsindən bir az ola bilər, amma, bu daha çox idarəetmə və tənzimlənmənin mahiyyətindən və qüsurlarından doğan məsələdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Konstitusiyanın 119-cu maaddəsinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti: Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir və sair. Yəni Nazirlər Kabineti sadalanan istiqamətlər üzrə bir-biri ilə əlaqəli vahid siyasət yeridilsin deyə, koordinəəedici fəaliyyət göstərməlidir. Ən ümumi koordinasiya isə təbii ki, Prezidentin səlahiyyətlərinə aiddir. Amma reallıq budu ki, Nazirlər Kabineti öz səlahiyyətləri çərçivəsində koordinasiyaedici funksiyanı yerinə yetirə bilmir. Ona görə də pul sektoru müəyyən dərəcədə istisna olunmaqla (tək əldən səs çıxmaz), ümumiyyətlə Nazirlər Kabinetinin kordinəedici fəliyyəti əsasında makroiqtisadi tənzimlənmə məsələsi Azərbaycanda obrazlı şəkildə desək, “avtopilota” qoyulub, manata görə bütün məsuliyyət Mərkəzi Bankın sədrinin, büdcəyə görə isə Maliyə Nazirinin üzərindədir. Bəs Nazirlər kabinetinin kordinasiyaedici rolu?. Nazirlər Kabinetinin yuxarı eşalonunda makroiqtisadiyyatı müasir tələblərə cavab verən, yüksək səviyyədə bilən bir nəfər də olsun adam yoxdu. Koordinasiya işinin bundan sonra da bu cür “avtopilotda” davam etməsi indiyə qədərkindən qat-qat risklidir və ağır nəticələr verə bilər. Məhz müasir dövrün tələblərinə cavab verən çevik hökumət modelinin reallaşdırılmaması koordinasiya işinin də səmərəliliyini aşağı salıb. Ona görə, ciddi iqtisadi əsas olmadan fevralın 21-də şok devalvasiyaya gedildi. Ondan sonra dərhal “Təxirəsalınmaz Tədbirlər Paketi” hazırlayıb həyata keçirilməsi əvəzinə süni qiymət artımına qarşı tədbirlər istisna olmaqla digər istiqamətlərdə öz həllini gözləyən işlər görülmədi. “Təxirəsalınmaz Tədbirlər Paketi” ni reallaşdırmaqla yanaşı yumşaq devalvasiyanı davam etdirmək əvəzinə 10 ay vaxt itirib “üzən məzənnə” siyasətinə keçid adı altında, əslində isə sırf 21 fevraldakından da sərt 48 faizlik növbəti devalvasiyaya gedildi. Məhz daha çox dediyimiz bu səbəbdəndir ki, hökumət uzun müddət Azərbaycan iqtisadiyyatının neftdən asılı olmadığı və sadəcə xammal valutası olan və neftin qiyməti 100 dollardan yuxarı olanda güclü görünən, neftin qiyməti aşağı düşdükcə isə zəif bir valyutaya çevrilən manatın ətrafında “ən güclü valyuta” illüziyası ilə yaşadı. Məhz daha çox bu səbəbdəndir ki, hökumət indi də neftdənkənar sahənin 65 faizə çatdığını bildirir, amma bu 65 faizin ölkənin dükan-bazarlarında elə 65 faiz səviyyəsində də mal və xidmətlərlə yer tutmaması kimi cox ciddi məsələnin vaxtında obyektiv araşdırıb, təsirli tədbirlər görə bilmir ki, manatın arxasında neftdən başqa heç olmasa 5-10 yerli malımız dursun. Bu məsələni həll etmədən manatın nisbi sabitliyini etibarlı şəkildə necə təmin edəcəyik? Bunlar edilsə, manat dünya bazarında neftin qiymətindən indiki qədər asılı vəziyyətdə olmaz. Neftin qiyməti 100 dolardan yuxarı olanda hökumət qiymətlərin hələ xeyli müddət belə yüksək olacağını güman edib, işlərini bayaq dediyimiz kimi, bir növ “avtopilot” rejiminə qoyub, bir hissəsi öz funksiyalarını layiqincə yerinə yetirməyə davam etsə də, digər hissəsi öz işləri ilə məşğul olub. Amma 21 dekabr devalvasiyasının iqtisadiyyata, maliyyə sektoruna, banklara, əhaliyə nə qədər ciddi təsir göstərməsi, fəaliyyətsizliyin bundan sonra da davam etdirildiyi halda vəziyyətin nə qədər gərgin və riskli olacağı açıq-aydın göz önündə olduğundan, artıq hökumətdə toplanma gedir. Bunun nəticəsidir ki, Milli Məclis vaxtından əvvəl işinə başlayacaq. Gələn həftədən Milli Məclisdə vacib sənədlərə baxmağa başlayacağıq. Hökumət “ Təxirəsalınmaz Tədbirlər Paketi” hazırlamalı və həyata keçirməlidir. Həmin “Paket”də nəzərdə tutulanların hüquqi təminatı ilə bağlı qanunvericilikdə zəruri dəyişiklikləri vaxtında Milli Məclisə təqdim etməlidir.
– Hökumətdə həm də ortaq məxrəcə gəlinə bilinmədiyi deyilir…
– Əsl həqiqət sağlam diskussiyalar zamanı ortaya çıxır. Bu baxımdan hökumətdə yaranmış vəziyyətdən çıxışın optimal yolunun tapılması istiqamətində diskussiyaların olması yaxşı haldır. Amma indi elə vəziyyətdir ki, bir sıra fundamental məsələlərə münasibətdə diskussiyaya yer yoxdu. Məsələn, məmur monopolistlər bundan sonra da əvvəlki kimi fəaliyyət göstərməkdə davam edəcəklərsə, məhz onların fəaliyyəti ölkənin müstəqilliyinə ciddi zərbə vurmaqla yanaşı, həm də birmənalı şəkildə 1 manatlıq malı 5 manata satmaqla xalqı soymaqda davam etmək demək olacaq. Ona görə də, belə məsələlərdə ortaq məxrəc yoxdu: ya monopoloya, korrupsiya, məmur özbaşınalıqları bundan sonra da davam edib ölkəni uçurma aparacaq, ya da ki, həmin problemlər aradan qaldırılmalı və Azərbaycan indiki vəziyyətdən az itki ilə çıxıb, inkişafına davam etməlidir. Birinci yol impavizasiya və iflas yolu, ikinci yol isə çox böyük zəhmət tələb edən tərəqqi yoludur. Azərbaycanın sərvəti əhalisi ilə tərs mütanəsibdi. Amma əhalinin çoxunun maaşları ilə qiymətlər də çox vaxt tərs mütanasibdir. Umuram ki, Azərbaycanın müstəqil bir dövlət kimi taleyinin və xalqın maraqlarının diqtə etdiyi tərəqqi yolu seçiləcək və bu “tərs mütanasibliklər” aradan qaldırılacaq. Bu yol cəmiyyət həyatının bütün sahələrində radikal, demokratik islahatlardan keçir və həmin istiqamətdə artıq islahatlar başlayır. İqtisadiyyatda ciddi struktur islahatları aparılıb neftdənkənar sahələrin hərtərəfli və rəqabət qabiliyyətli inkişafı təmin edilməli, regionları bəzi icra başçılarının qazanc yeri obyektindən çıxarıb orada yaşayanların güzəranının yaxşılaşdırılması relslərinə qoymaq lazımdır. Əsaslı kadr islahatları da daxil olmaqla idarəetmənin təşkilatı srtukturu radikal surətdə dəyişdirilməli, dünyada gedən proseslərə vaxtında və adekvat reaksiya verə bilən çevik hökumət modelinə keçilməlidir. Həm də baxışlarından asılı olmayaraq hər kəs müstəqil bir dövlət kimi Azərbaycanın taleyi üçün öz üzərinə düşən məsuliyyətini dərk etməli, Azərbaycan dövlətçiliyi üçün risklərlə dolu çox həssas bir dövrün başlandığının fərqində olub, təxribatlara və digər bu kimi qərəzlərə uymamalıdır.
– Bəs haqqında danışdığınız “Təxirəsalınmaz Tədbirlər Paketi” ni necə təsəvvür edirsiz?
– “ Təxirəsalınmaz Tədbirlər Paketi”nin standart məqamları artıq aydındı: Hökümət təxirə salmadan bir birini tamamlayan addımlar atmalı və bu zaman aşağıdakı məsələrin həllini önə çəkməlidir: dollarla krediti olan vətəndaşların düşdüyü ağır durumun yüngülləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi; təbii qiymət artımı ilə süni qiymət artımınn bir-birindən fərqləndirilməsi, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə monitorinqlərin dairəsinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyat keçirilməsi; əhalinin aztəminatlı təbəqələrinin: azmaaşlıların, çoxuşaqlı ailələrin, pensiyaçıların, əlilllərin qiymət artımı nəticəsində məruz qaldıqları maliyyə itkilərinin kompensasiyası; 2016-cı ilin büdcəsinə yenidən baxılması, lüzumsuz və səmərəsiz xərclərin ixtisarı hesabına büdcə xərclərinin optimallaşdırılması, xərclərin əhəmiyyətli hissəssinin inkişafın prioritet sahələrinə, hökumətin sosial öhdəliklərinin vaxtında yerinə yetirilməsinə və devalvasiyanın əhaliyə vurduğu ziyanın qarşılanmasına yönəldilməsi; daxili bazara daha çox lazım olan və idxalı əvəz edə bilən və ixrac qabiliyyəti olan malların istehsalının, nomenklaturasının genişləndirilməsinin təşviqləndirilməsi və dəstəklənməsi; inhisarçılığa, korrupsiya və məmur özbaşınalıqlarına qarşı sistemli mübarizə aparılması; kiçik və orta sahibkarlığın qarşısında duran bütün maneələrin aradan qaldırılması bu vacib sahənin hərtərəfli inkişafına köməyin gücləndirilməsi və sair. Sadəcə həmin məsələri formal üsullarla yox, bir mərkəzdən koordinasiya olunmaqla sistemli şəkildə və yüksək səviyyədə gerçəkdən həyat keçirmək lazımdır.