“Prezidentə xəyanət edənlərin anasını ağlar qoyacağıq” - Hafiz Hacıyev uyardı

19-01-2016, 11:14           
“Prezidentə xəyanət edənlərin anasını ağlar qoyacağıq” - Hafiz Hacıyev uyardı
Son günlərdə rayonlarda baş verən aksiyalarla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Göygölə gedib. Bu barədə “Yeni Müsavat”a partiya sədrinin özü məlumat verib. O, adlarını çəkməsə də, səfərini bəzi deputatlarla birlikdə təşkil etdiyini bildirib.

H.Hacıyev görüş barədə qəzetimizə açıqlamasında ölkə başçısına dəstək naminə belə addım atdığını söylədi: “Bütün dünya bilir ki, Hafiz Hacıyevin məqsədi nədir. Bu gün qardaşım ölkədə prezidentdir. Onu qoruyub-saxlamaq üçün həyatımı qurban vermişəm. Qardaşıma düzgün informasiyalar çatdırmırlar. Cənab prezident deyir ki, müəyyən iqtisadi ixtisarlar gedəcək, bəzi nazirliklər ləğv olunacaq, yaxud başqa bir quruma birləşdiriləcək. Bundan hakimiyyətdaxili bəzi insanlar narahat olurlar. Çünki vəzifələrini itirmək təhlükəsi ilə üzləşiblər. Həmin insanlar respublika səviyyəsində təxribat işləri aparmağa başlayıblar. Ona görə də rayonlara səfər edir, yaranmış təhlükəli vəziyyət barədə dövlətçiliyimizə doğru məlumat verirəm. Səfərim zamanı mənimlə bəzi deputatlar da olublar. Təəssüf edirəm ki, bu gün hakimiyyətdə olan vicdanını itirmiş bəzi şəxslər bölgələrdəki aksiyaları müxalifətin adına bağlayırlar. Burada müxalifətin heç bir rolu yoxdur”.

Partiya sədri səfərlərinin təhlükəli olmasına da aydınlıq gətirdi: “Mən həyatımı qardaşım İlham Əliyevə qurban vermiş şəxsəm. Bu günədək kirayədə yaşamışam, çox əziyyətlər çəkmişəm. Bundan böyük təzyiq, təhlükə ola bilərmi? Ölkəmizdə cərəyan edən hadisələrin səngiməməsinin başında iqtidar daxilindəki bəzi şəxslər dayanır. Bunlar Rusiya və Qərb tərəfindən öyrədilmiş insanlardır. Müəyyən dairələr var, istəyirlər ki, qardaşım İlham Əliyevin əlini Qərbdən üzsünlər. Ondan sonra isə çirkin əməllərini rahat şəkildə davam etdirsinlər. Buna imkan verməyəcəm. Rusiyaya xidmət edən qruplar çalışırlar ki, məni öldürsünlər. Bütün bunları təşkil edənlər ölkəyə xəyanət edənlərdir. Təsəvvür edin ki, aksiyalar Rusiya və Ermənistan sərhədlərinə yaxın ərazilərdə baş verir. Artıq 20 Yanvar faciəsi çatır, bundan çox narahatam. Çünki bu gündən istifadə edib ölkəni qana bürüyərlər. Geniş oxucu kütləniz olan qəzet və saytınız vasitəsilə həmin insanlara səslənirəm ki, əl çəkin İlham Əliyevdən. Bundan yaxşı başçı tapa bilməyəcəksiniz. Hansısa bir klan tapacaqsınızsa, qarşınızda Hafiz Hacıyevi görəcəksiniz. Ölkə prezidentinin arxasındayam. İmkan vermərik ki, ”Beşinci kalon"un üzvləri ölkəmizdə İlham Əliyevi təkləsinlər. Lazım gələrsə, Prezident Aparatının qarşısında İlham ƏIiyevin müdafiəsi istiqamətində mitinqlərə başlayacağıq. Üzvlərimiz həmin xəyanətkarların şəkilləri ilə aksiyaya çıxacaqlar. Ölkə başçısını ətrafında olan satqın, vicdansız insanlardan qorumalıyıq".

H.Hacıyev səfər təəssüratlarından da danışdı: “Xalqımızda böyük ruh düşkünlüyü var. 150 manat maaş alan vətəndaş bu gün özünə ət, qənd ala bilmirsə, necə yaşasın? Hökumətdə olan bir şəxs də xalqın arasına çıxmır. Görməmişəm ki, baş nazir və onun müavini xalqla görüşsün. Xalqın yuxarıdan gələn hər bir şəxsi görməyə böyük ehtiyacı var. Deputatlara demişəm ki, nə oturmusunuz kabinetlərinizdə, çıxın xalqın arasına. Qiymətləri qaldıran hər bir qurumun rəhbəri açıqlama verməlidir. ”Azərsun" bu gün qiymətləri qaldırır, amma açıqlama verilmir. Heç bir rəhbər kabinetindən çölə çıxmır. Çünki yerləri rahatdır.

Onların yalnız bir məqsədləri var - xalqın çətin durumundan istifadə edib, milyardlar qazansınlar. Bəzi nazirlər istəyir ki, ölkədə təxribat olsun, vəzifələrini qorusunlar. Bəyan edirəm ki, prezidentə xəyanət edənlərin analarını ağlar qoyacağıq. Bəzi deputatlar müxalifətdə olan şəxsləri təhqir edirlər. Hadisələri qızışdırmaq lazım deyil. Deputatsınız, milyardlar yemisiniz, oturun yerinizdə. Barışığa getməliyik. İcra başçısının biri deyir ki, arağa görə üsyan edirlər. Baxırsan ki, həmin rayon dindar yerdir. Bölgələrdə çörək növbəsinə dururlar, çünki ailələri acdır. Hanı açılan iş yerləri? Günahın hamısı qocalar evinə bənzəyən Nazirlər Kabinetinin üzərindədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.