“Mənim həbsim üçün Hikmət Hacızadə ilə Ayaz Mütəllibovdan razılıq alınıbmış” - Etibar Məmmədov
20-01-2016, 14:08
Azərbaycan yaxın siyasi tarixinin mürəkkəb və qanlı səhifələrindən biri olan 1990-cı il 20 yanvar hadisələrinin açılmayan metafizik qatları hələ də bir çox müzakirələrə və mübahisələrə yol açır.
Qanlı günlərə sayılı günlər qala Azərbaycanın başı üzərində dolaşan qara siyasi kütlələr, burulğanlar girdabından ölkə faciəsiz çıxa bilməyərək, əslində bir tarix yazdı.
Bu tarix qanlı olsa da, SSRİ imperiyasının təyinatına uyğun istifadə edilməyən tankların qarşısında 1990-cı ilin 20 yanvarında mətanətlə duruş gətirənlər əsl qəhrəmanlıq təcəssümü kimi yaddaşlara həkk olundu. Qan və itki hesabına Azərbaycanın milli dövlətçilik yolunda necə deyərlər, açılan yeni bir cığırın əsası məhz 20 yanvarla qoyuldu.
Amma həmin qanlı tarixin dövrün mürəkkəbliyi və labirintli siyasi şəraitində baş verməsi, qaranlıq məqamlara aydınlıq gətirilməsi məsələsinə də əngəl olur. Bu barədə çox deyilib, çox yazılıb, bu gün də həmin dövrdə aparıcı fiqur olan şəxslər bir-birini 20 yanvarda baş verən qırğına görə ittiham edir. “Filankəs qoydu qaçdı, filankəs xalqı qabağa verib öz gizləndi” kimi ittihamları eşitməkdən bəlkə də qulağımız mazol olub.
Hikmət Hacızadənin Etibar Məmmədova “etibarsızlığı”
Ona görə dırnaq içərisində yazdıq ki, bu iddia bizim subyektiv mühakimələrimiz deyil.
Belə ki, o dövrdə Azərbaycan siyasi tarixinin, ictimai fikrinin aparıcı qüvvəsinə çevrilən AXC-nin ilk İdarə Heyətinin üzvləri bir-birinə qarşı əks cəbhələrdə idi. Söhbət heç də 20 yanvar hadisələri ərəfəsində Zərdüşt Əlizadənin AXC sıralarını tərk etməsindən yox, bu hərəkatın digər iştirakçıları Hikmət Hacızadə ilə Etibar Məmmədov arasındakı qovğanın ikincinin sifarişi ilə birincinin həbs edilməsindən gedir.
Bu, şəxsi jurnalist mülahizəsi deyil, sadəcə olaraq Etibar Məmmədovun iddiaları əsasında irəli sürülən tezisdir.
Belə ki, 20 yanvardakı hadisələrdən sonra Etibar Məmmədov Lefortovo həbsxanasında dustaq həyatı yaşamasının səbəbkarı kimi SSRİ rəhbərliyi ilə yanaşı, AXC İdarə Heyətinin üzvü Hikmət Hacızadəni də görür. Daha doğrusu belə anlaşılır ki, AXC İdarə Heyətinin timsalında Hikmət Hacızadə Moskva siyasi dairələri ilə sövdələşməyə gedəndən sonra, Kremlin Ayaz Mütəllibovla razılığı əsasında Etibar Məmmədov həbs olunub.
Qısa arayış:
1990-cı ilin 20 yanvarından sonra Etibar Məmmədov Moskvada mətbuat konfransı keçirməklə, faciə ilə əlaqədar Azərbaycanın daimi nümayəndəliyində dünya ictimaiyyətinə məlumat verir. Lakin bu, onun məhbəsə yollanmasına səbəb olur. Etibar Məmmədov həmin ilin 26 yanvarından 1 noyabrına qədər Moskvanın Lefortovo zindanında məhbus həyatı yaşamalı olur.
Etibar Məmmədovun açıq şəkildə Hikmət Hacızadəni ittiham etməsi
Etibar Məmmədov məhbəs həyatı ilə vidalaşandan sonra yenidən siyasi proseslərin aktiv iştirakçısına çevrilir. O, “Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibədə Hikmət Hacızadəni onun həbsinə razılıq verməkdə ittiham edir: “Mənim mətbuat konfransımdan sonra Hikmət Hacızadə Moskvaya zəng edib bildirib ki, Etibar Məmmədovun danışıqlar aparmağa heç bir səlahiyyəti yoxdur, onunla danışıqlar aparılmasın. Çox keçmədən müstəntiqin də etiraf etdiyi kimi, AXC İdarə Heyətinin belə münasibətindən sonra həbs olunmağım qərara alınıbmış. Beləliklə, mənim həbs edilməyim üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış. Bu da bəllidir ki, məni 9 ay yarım həbsdə saxlamaqda məqsəd milli hərəkatı zəiflətmək idi”.
Tarixin kövrək notları üzərində yaranan qalmaqallı akkordlar görünür hələ çox su aparacaq. Yaşanan hadisələrlə bağlı arxiv materiallarına müraciət edilməsi də, görünür hələ çox şeyin aydınlığa çıxması demək deyil. Ən müfəssəl məlumatları proseslərin birbaşa iştirakçıları və ya dolayısı ilə həmin dövrün ictimai-siyasi həyatının aktivistləri bilir. Bizim üzərimizə isə deyilənləri, yazılanları sistemləşdirib, bacardığımız qədər əhatəli şəkildə oxucuya təqdim etmək düşür.