Allah mənim ömrümdən kəsib Zeynəbxanıma versin - Zeynəb Xanlarovanın `qızı` ilə söhbət - MÜSAHİBƏ

29-04-2015, 11:22           
Allah mənim ömrümdən kəsib Zeynəbxanıma versin - Zeynəb Xanlarovanın `qızı` ilə söhbət - MÜSAHİBƏ
Müsahimiz Lalə Xanlarovadır. Çoxları onu tanımasa da o, özünün dediyi kimi, Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın qızıdır. Lalə Xanlarova xalq artisti ilə bağlı AzVision.az-a maraqlı faktları açıqlayıb.

- Bildiyimizə görə, sizi Zeynəb Xanlarova öz evində böyüdüb, boya-başa çatdırıb. Qardaşı qızı olsanız da siz ona ana deyə müraciət edirsiniz. Necə oldu ki, “Dünyanın Zeynəbi”nin evini fəth edə bildiniz?

- Əvvəla qeyd edim ki, aktrisa Mehriban Xanlarova mənim bacımdır. Biz dünyaya gələndə valideynlərimiz lal idilər, danışa bilmirlər. Hamı qorxurdu ki, biz də valideynlərimizin yanında qalsaq lal olacağıq. Ona görə də bibimiz Zeynəb xanım bizi götürüb saxladı.
Məni Zeynəb xanım böyüdüb. Onun çörəyini yemişəm, suyunu içmişəm. Onun yaxşılığını heç vaxt unutmaram. Zeynəb xanım çox mərd qadındır. Onun ailəsinə, qohumlarına etdiyi yaxşılıqları heç kim etməzdi. Bizim üstümüzdə Zeynəb xanımın böyük əməyi var.

Zeynəb Xanlarova mənə ana olub. Onun əziyyətini heç vaxt dana bilmərəm. Bu gün nail olduğum hər şeyə görə Zeynəb xanıma minnətdaram.

Onun əlində böyüdüyüm üçün bu gün mənim də gözəl ailəm var.

-Səhnəmizin unudulmaz siması olan Zeynəb Xanlarova necə anadır?

-Bəlkə də dünyada Zeynəb xanım kimi gözəl ana yoxdur. O, öz övladlarına qarşı çox yaxşı ana olub. Bütün Azərbaycan bilir ki, o, uşaqlarını necə də gözəl böyüdüb. Onun övladları çox tərbiyəli və ziyalıdırlar.

Zeynəb xanım çox əlçatmaz qadındır. İllərlə evində yaşadığıma baxamayaraq, onunla danışanda qarşımda dahi bir insanın durduğunu hiss edirəm. O, çox hökmlü qadındır.
Zeynəb xanım bibimizdir. Eyni soyadı daşıyırıq. Ölən dəqiqəmə qədər Zeynəb xanımın mənə etdiyi yaxşılıqları unutmayacağam. O, mənə ana olub. Mənə qızı kimi baxıb.

O evdə çox mülayimdir. Uşaqlarını, nəvələrini çox istəyir. Onun özünün iki oğlu var. Mən onlarla bir yerdə böyümüşəm.

O, həmçinin çox gözəl nənədir. Nəvələrini həddindən çox istəyir. Zeynəb Xanlarova nəvələrinə həm dost, rəfiqə, həm də nənədir. O, çox Allaha inanan qadındır.

Zeynəb xanımın gecələr heç vaxt konsertlərə getməzdi. O, həmişə ailəsinin yanında olurdu. O, gündüz konsert verərdi, axşam evə gələrdi.

Onun həmişə evdə zəhmi olub. Amma mülayimiliyi ondan çox idi. Ondan xəbərsiz heç kim heç nə edə bilməzdi.

Zeynəb xanım uşaqlarına qarşı heç vaxt kobud rəftar etməyib. O, evdə sözü bir dəfə deyərdi. Hər kəs də buna əməl edərdi. Bibimizin 6 nəvəsi var. O, böyük sənətkar olsa da ev işlərini özü görürdü.

-Zeynəb Xanlarova evdə ən çox nəyə həssaslıqla yanaşardı. Onun sevmədiyi xüsusiyyətlər nələrdir?

-Zeynəb xanım bizə həmişə yalan danışmağın ziyanlarından danışırdı. O, deyirdi ki, bircə ona yalan danışmayaq. Yalanı heç sevmirdi. Onun həmişə bir sözü var. Ölüm də olsa hər şeyi düzgün daşımalısan.

Zeynəb xanım mənə heç vaxt qızım deməyib. O, həmişə mənə Lalə deyə müraciət edir. Sağ olan anamdan da çox Zeynəb xanımı istəyirəm.

-Bacınız Mehriban Xanlarova ilə Zeynəb Xanlarovanın hazırda münasibətləri necədir?

- Bacım Mehribanla da Zeynəb Xanlarovanın münasibəti çox yaxşıdır. Mehribanın bu gün Xanlarova soyadını daşıması buna ən yaxşı sübutdur. Zeynəb xanım bacım üçün də hər şey edib. Onun həmişə bir sözü var, insan itələnə- itələnə səhnəyə gələ bilməz. O, deyir ki, insan istedadı ilə hər yeri fəth edə bilər.

Mehriban xanım da Zeynəb xanımın evində yaşayıb. O da mənim kimi, Zeynəb xanımdan bəhrələnib. O biri bacımız isə rəhmətə gedib.

Onun əziyyətini itirsək, kor olarıq. Allah mənim ömrümdən kəsib Zeynəbxanıma versin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.