"Birinci növbədə hökumətin özündə dəyişiklik olmalıydı..." - Fazil Mustafadan yeni açıqlamalar
22-01-2016, 09:21
Milli Məclisin növbədənkənar keçirilən son iclasında maliyyə böhranından çıxış yolları üçün bir çox qanunvericilik aktlarına dəyişiklik edildi. Müzakirələrdə deputatlar xeyli təkliflərlə çıxış edib. Parlament rəhbərliyi isə bildirib ki, islahatlar davam edəcək və bir çox sahələrlə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa "Bizim Yol"a müsahibəsində bildirib ki, iqtisadi islahatların aparılması üçün, ilk növbədə, hökumətdə struktur islahatları həyata keçirmək lazımdır. Deputatın həmin müsahibəsini oxucularımıza təqdim edirik:
- Fazil bəy, hökumətin böhranın təsirlərini azaltmaq istiqamətindəki fəaliyyətini necə dəyərləndirirsiniz? Bu gün hansısa zəruri addımlar var ki, hökumət tərəfindən atılmır?
- Bu gün atılan addımların böhranın qarşısını ala biləcəyinə ümid çox böyük deyil. Çünki ilk növbədə addımların nə qədər effektli olması müzakirə edilir. Hesab edirəm ki, effektiv deyil. Çünki birinci növbədə struktur islahatlarının həyata keçirilməsi lazım idi ki, bu, baş vermədi. Daha çox, kadrlara toxunmadan epizodik struktur islahatlarına gedildi. Bu da ümidverici bir hal yaratmır. Ona görə də "böhranı yaradan kadrlar həm də böhrandan çıxış yolu tapacaqlar" tezisi inandırıcı görünmür.
Məsələn, 50 min dollardan yuxarı valyutaya 20 faiz vergi qoymaq investisiyanı tamamilə qaçıracaq və heç kim bu şərtlərlə investisiya qoymağa maraqlı olmayacaq... Bir çox faktorlar var ki, bunlar müsbət tendensiyadan xəbər vermir. Ona görə də böhrandan çıxış yolu kimi bu məsələlərin düşünülməsi nə nəticə verəcək: təxminən, böhranın yeni fazasına daxil ola bilərik. Bu səbəbdən mən hələ ki, çox da ümidli deyiləm.
- Struktur islahatlarının aparılmadığını dediniz. Sizcə, hökumət hansı formada islahatlar aparmalı idi?
- Birinci növbədə hökumətin özündə dəyişiklik olmalıydı. Daha yeni kadrlar, bu işi apara biləcək şəxslərin cəlb olunması lazım idi. Bu olmadığına görə, hazırkı şərtlərdə hansısa bir dəyişiklik etmək mümkün deyil. Çünki islahatları aparanların özləri həm də bankların sahibidir, müəyyən dərəcədə bu problemin içində yer alan insanlardır. Necə ola bilər ki, onlar islahat aparsınlar?
Bu səbəbdən, ilk növbədə ordan başlamaq lazım idi. Başlanılmadısa, artıq digərlərini sadalamağa gərək yoxdur. Yalnız bu yolla hansısa ümidverici gedişatı izləyə bilərdik.
Görünür ki, hələlik belə bir irəliləyiş, düşüncə yoxdur. İslahatlarda əsasən sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün çalışılmalıydı, vergi dərəcələri endirilməliydi, gömrük rüsumları tamamilə aşağı salınmalıydı... Bunların hamısı bir yerdə olmalıydı ki, nəyəsə ümid bəsləmək olsun. Yaxud da süni artımla bağlı sahibkara təzyiqlər varsa, ölkədə mal qıtlığı yarana bilər. Bunun olması düşündürücüdür. Çünki heç kim belə bir şərtlərlə - qiymətin hökumət tərəfindən diqtə edilməsi şəraitində istehsalda maraqlı olmayacaq. Bu da öz mənfi nəticələrini göstərəcək.
- Parlamentin son iclasında antiböhran tədbirləri olaraq qəbul edilmiş dəyişiklik və yeni qanunvericilik aktlarının tətbiqində hansı problemləri meydana çıxara bilər?
- Son iclasda banklardakı əmanətlərin sığortalanması ilə bağlı qanun dəyişikliyi müsbət bir haldır. Ancaq əmanət olmayandan sonra onun nəyini sığortalayacaqsan? Öncə banka güvən olmalıdır. Bu güvən olmadığına görə də məsələnin həllinə ümid yaranmır. Yəni adam banka pul qoymaq üçün o banka inanmalıdır. İndi isə banka pul qoymaq istəyənlərin sayı elə də çox deyil.
- Antiböhran tədbirləri sadalanarkən iş yerlərinin qorunması, işini itirənlərin sosial müdafiəsi istiqamətindən daha çox ixtisarların aparılmasının vacibliyi kimi təkliflər səsləndirilir. Bu, işsizliyin daha çox artmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olmayacaq?
- Həqiqətən də belə bir vəziyyət yaranacaq. İşsizliyin artması daha çox yoxsullaşmış insanların sayını artıracaq. Buna reaksiya verilməməsi də çox ciddi problemlərdən biridir.
- Dünya birjalarında neftin bir bareli 27 dollar civarındadır. Gəlirlərinin böyük hissəsi neft satışından əldə olunan Azərbaycanın durumu necə olacaq?
- Hər halda, görünən odur ki, neftin qiyməti azalan istiqamətdə gedir. Neftdən başqa heç bir sahəmiz inkişaf etmədiyinə görə də, bu vəziyyət böyük problemlərlə üz-üzə qalacağımızı göstərir.
- Bir müddət əvvəl Qazaxıstan parlamenti buraxıldı. Azərbaycanda da analoji qərar verilə bilərmi?
- Azərbaycanda belə bir şey gözlənilmir. Çünki məsələ birbaşa parlamentlə deyil, hökumətlə bağlıdır. Hökumət hansısa addım atsa, parlament istənilən dəstəyi verməyə hazırdır. Ağıllı addım atsalar, ağıllı dəstək də veriləcək. Yanlış addım atsalar, burada parlamentin dəstəyi heç nəyi ifadə etmir. Hökumət bu məsələdə daha müstəqil addım atmaq imkanına sahibdir, onu da atmayandan sonra parlament nə edə bilər? Koalisyon hökumət modeli yox, başqa model yox… Prezidentli respublikadır və burada parlamentin hər hansı təsir imkanı yoxdur. Parlamentdə bir islahat üçün qanunvericilik fədakarlığı lazımdırsa, bunu etməyə hər zaman hazırdır.
- Bəzi bölgələrdə sosial tələblərlə etirazlar oldu. Bu aksiyaların müəyyən qüvvələr tərəfindən idarə olunduğu barədə iddialar var. Siz necə düşünürsünüz, bu yaranmış ağır sosial vəziyyətlə bağlı əhalinin etirazı idi, yoxsa idarə olunan bir prosesdir?
- Hər halda, sosial problemlərlə bağlı bir məsələ idi. Çünki insanlar durduqları yerdə bu şəkildə qanunsuz aksiyalara qoşulmaqda maraqlı görünmürlər. Ona görə də hesab edirəm ki, bu məsələdə sosial faktor daha çoxdur.