Azərbaycan əhalisi fond bazarında qazana biləcək
25-01-2016, 09:28
Azərbaycan hökuməti 2016-cı ildə daxili bazarda yerləşdirilməsi üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, manat istiqrazları üzrə gəlirlik bu il üçün inflyasiyanın səviyyəsini ötəcək və təxminən 11-12% təşkil edəcək, dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% təşkil edəcək.
S.Şərifov həmçinin bildirib ki, manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya etimadın artırılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir: "Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin deyə".
Şərifov qeyd edib ki, hazırda əhalidə olan xarici valyuta onlara heç cür xidmət edə bilməz: "Ona görə də biz bu mexanizmi təklif edirik ki, pul dövriyyədə olsun və gəlir gətirsin. Böyük məbləğin evdə saxlanılması riskdir. Ona görə də düşünmək və ajiotaja uymamaq lazımdır. Son zamanlar insanlar özlərinin son manatlarını dollara dəyişməyə qaçırlar. Bəs dollarla sonra nə etmək olar? Ona görə də toparlanmaq və təşvişə düşməmək lazımdır. Bazar artıq stabilləşir və bu davam edəcək".