“Prezident onları nimdaş kostyumdan çıxarıb, adam edib” – Deputatdan məmurlara sərt təpki
27-01-2016, 13:18
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bir sıra ciddi məqamlara toxunub.
Onlardan biri də şirkətlərdə aparılan ixtisarlarla bağlı olub."Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”– deyən İlham Əliyev şirkət sahiblərini, iş adamlarını əhalini işsiz buraxmamağa çağırıb.
Prezidentin toxunduğu məsələ ilə bağlı azNnews.az-ın əməkdaşı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Fəzail İbrahimlinin fikirlərini öyrənib. F.İbrahimli bildirib ki, prezidentin işçilərin ixtisar probleminin üzərinə bu qədər düşməsi ciddi mesajdır:"Milli valyutanın məzənnəsinin aşağı düşdüyü bir məqamda İlham Əliyevin bu çıxışı ən böyük, ən ciddi addımlardan biridir. Bu bir mesajdır. Prezident demək istəyir ki, "Ey mənim xalqım, ey mənim millətim, mən dövlət başçısı kimi sizin ən çətin gününüzdə də yanınızdayam, arxanızdayam””.
Deputat işçiləri ixtisara salan və işdən çıxarmağa hazırlaşan iş adamların və şirkət rəhbərlərinin bu çıxışdan sonra bir də düşünməli olduğunu vurğulayıb:"Prezident deyir ki, struktur islahatı aparmaq lazımdır. Ayrı-ayrı şirkətlər, qurumlar, müəssisələr isə işçiləri ixtisara salır. Struktur dəyişikliyi başqa bir şeydir, ixtisar başqa bir şey. Görünür, çoxları ixtisarla islahatı səhv salıb. İxtisara salmağın mahiyyəti sadəcə bir kağız üzərində qol çəkməkdirsə, bunun məzmunu çox dərindir. Yəni, müstəqil Azərbaycan dövlətinin insanı küçəyə atılır. İşini itirir. Əgər həmin insan bu işini burada bitirib gedib başqa yerdə ondan da yaxşı iş tapacaqsa, o zaman bir şey demirik. Amma Bakıda yaşayan bir nəfər işdən qovulur, ailəsi burada, evi-eşiyi burada, o, hara getsin? Kimin yanına getsin? Harada iş tapsın? Kütləvi surətdə ixtisar insanların kütləvi şəkildə küçəyə tökülməsidir. Ona görə də prezidentin bu çıxışı iş baxımından daim narahatlıq keçirən insanlara çox böyük dayaq oldu və dişini qıcayıb ağına-bozuna baxmadan ixtisar haqqında düşünənlərin qabağına bir sipər çəkildi”.
F.İbrahimlinin sözlərinə görə, bu gün insanları ixtisara salan iş adamları dövlətin dəstəyi sayəsində varlanıblar:"Bunlar köhnə bir kostyumda işə başlayıblar, gəlib böyük bir şirkətə sahib olublar. Lakin indi görünür ki, həmin şirkətlərə rəhbərlik etməyə çoxusunun nə mənəvi, nə də elmi haqları var. Bunların nimdaş kostyumlarından şirkət rəhbərliyinə qədər gedən yolunda arxalarında dövlət durub. Kreditlər ayırıb, şərait yaradıb, ciddi kömək göstərib, ən çətin vaxtlarında dövlət və özəl banklardan kreditlər götürüblər, krediti gecikdiriblər, amma dövlət yenə də onların arxasında dayanıb. Lakin dünyada gedən iqtisadi-siyasi proseslər fonunda dövlətimizin də müəyyən problemlər yaşadığı bir vaxtda çörək verdiyin, böyütdüyün, nimdaş kostyumdan şirkət rəhbərliyinə kimi yüksəltdiyin bir adam kütləvi ixtisarlara başlayıb, insanları işsiz qoyur. Dövlətə, millətə, prezidentə bundan böyük xəyanət ola bilərmi? Bunun adı təxribatçılıqdır. Demək ki, onların pulu, malı, dövləti başqa yerə işləyir. Dövlətə işləmir. Dövlətin ağır məqamında hamı onun yanında olmalıdır. Siz prezidentin sayəsində adam olmusuz. Qardaş, sən 20 il yemisən, içmisən, yaşamısan, dünyanın ən xoşbəxt adamı olmusan. Bu gün də dövlətin, millətin böhranlı günündə gəlirindən əl çək. Dövlətin yanında ol. 4 villa tikmisən, 1-də yaşayırsan, 3-də bayquş ulayır. Əl çək o villaların 2-sindən, gəl millətin yanında ol. Sən bu dövlətdə varlanmısan, bu dövlətdə harınlamısan, indi də dövlətin ağır günündə kütləvi ixtisar etməyin düzgündürmü?”
Millət vəkili iş adamlarını dövlətə öz sədaqətlərini nümayiş etdirməyə çağırıb:"Prezident bu məsələni qabartdı və mən güman edirəm ki, iş adamları və iri sahibkarlar, şirkət sahibləri nəticə çıxaracaqlar. Bu gün Azərbaycanın elə bir məqamıdır ki, insanların əsl sifəti ortaya çıxır. Kimin kim olduğu bəlli olur. Hansı insan millətə, prezidentə nə qədər sədaqətlidir, gün işığına çıxır. Ay şirkət sahibləri, ay iş adamları, "mənim gəlirim azalar, pulumun miqdarı azalar” düşüncəsindən uzaq olun. Buyurun, sədaqətinizi nümayiş etdirin”.