20 Yanvar gizlinləri: “Bakıya erməni muzdluları gətirilmişdi...” – Müsahibə

20-01-2021, 10:29           
20 Yanvar gizlinləri:
“Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçasıydı”.

Milli Məclisin deputatı, xalq yazıçısı Sabir Rüstəmxanlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- 1990-cı il yanvarın 20-də baş verən faciədən - dinc əhalinin üstünə ordu göndərmədən əvvəl SSRİ rəhbərliyi Bakı ilə danışıqlara cəhd etmişdimi, yoxsa qarşısına elə bu addımı atmaq məqsədini qoymuşdu?

- O dövrdə günbəgün güclənən Azərbaycan Xalq Cəbhəsi və Milli Azadlıq Hərəkatı SSRİ-ni vahiməyə salmışdı. SSRİ rəhbərliyi də bunun qarşısını almaq üçün bu addımı atdı. Buna bir neçə səbəb göstərmişdi. Biri o idi ki, cənub sərhədləri – SSRİ-nin İranla sərhədləri sökülür və dövlət üçün təhlükə yaranır.

İkinci səbəbi bu idi ki, Azərbaycanda hakimiyyət çevrilişi hazırlanır, xalq hərəkatı hakimiyyəti dəyişmək niyyətindədir.

Üçüncüsü, Bakıda dinc əhalini qırğınla verməklə, bütün SSRİ-ni bürümüş xalq hərəkatlarına bir dərs vermək istəyirdilər. Yəni bununla başqalarına da mesajı vermək istəyirdilər ki, sizin də axırınız bu cür ola bilər.

Azərbaycanın hədəf kimi seçilməsinə gəldikdə, bu, Moskvanın rəsmi dairələrində fəaliyyət göstərən ermənilərlə yanaşı, Qorbaçovun özünün seçimi idi. Qorbaçovun çevrəsi ermənilərlə doluydu, bu dairələrdə də bizə qarşı bir nifrət vardı. Bu nifrətdən yaranan fikirlə də ordunu Azərbaycana yeritdilər. Bakıdan başlayan hadisələr sonradan Çeçenistan, Abxaziya, Acarıstan və digər ittifaq respublikalarında davam etdirildi.

Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, Moskvanın buna reaksiya verməməsi, əksinə bundan sonra Ermənistana hər cür yardımın göstərilməsi Kremlin ermənipərəst siyasətinin nəticələri idi. Eyni zamanda, bunlar Moskvanın Azərbaycan və digər müsəlman respublikalarına ənənəvi yanaşması idi.

Həmin dövrdə azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağdan qovulanda ABŞ da ermənilərə 1.4 milyarddan çox yardım etmişdi. Sanki azərbaycanlıların öldürülməsi və sıxışdırılması, onlara divan tutuılması üçün ermənilərə verilən mükafat idi. Təəssüf ki, həmin dəstəklər nəticəsində bu cür hadisələr baş verdi.

- SSRİ lideri Mixail Qorbaçov bu hadisələrdən əvvəl ermənilərə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdi. Bəs bu etiraf hansı şəraitdə edilmişdi?

- Qorbaçov ermənilərdən aldığı rüşvətdən sonra onlara hər cür yardımı etdi. Amma Azərbaycan xalqının müqavimətini görəndə, bunun bütün SSRİ-ni cənginə alacağını anlayanda yanlışlığa yol verdiyini başa düşdü. Anladı ki, proseslərin qarşısı hansısa formada alınmalıdır. Əslində bunu dildə deyirdi, altda gördüyü işin mahiyyəti başqa idi. Qorbaçov həmişə ermənilərin yanında olub.

- Yanvarın 20-dən sonrakı günlərdə Bakıda 21 nəfər qətlə yetirildi, Lənkəranda bir neçə nəfər öldürüldü. Bu olaylar hansı çərçivədə baş vermişdi?

- Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçası idi.

İkincisi, Bakıya yeridilən ordunun içində xeyli sayda Stavropol, Şimali Qafqaz və müxtəlif ölkələrdən gətirilmiş muzdlu ermənilər vardı. Onlar azərbaycanlılara qarşı xüsusi nifrətə köklənmiş adamlar idilər. Həmin muzdlular sonrakı günlərdə də müxtəlif bəhanələrlə qırğınları davam etdirirdilər. Bunlar cinayətdir.

İlk gündən xalqın tələbi ilə Ali Sovetin sessiyası çağırıldı, bizim orada sərt çıxışlarımız oldu. Bundan sonra İstintaq Komissiyası yaradıldı. Komissiyanın tərkibində mən də vardım. Biz bütün bu cinayətlərin hamısını ortaya çıxardıq. O dövrdə Azərbaycan hakimiyyətindəki bəzi adamların xəbəri yox idi ki, ordu gələcək. Hər gün Azərbaycan televiziyasında çıxışlar efirə gedirdi

Razumovski və digərləri təkidlə deyirdilər ki, ordu Bakıya girməyəcək, buradan yan keçərək, cənub sərhədlərini qorumağa gedəcək. Bu bəhanələrlə diqqəti yayındırmağa çalışırdılar. Amma təəssüf ki, bu sözlərin hamısı yalan oldu, ordu Bakıya girdi. Eynilə 1920-ci ildəki hadisələr təkrarlandı. Guya o zaman da ordu Bakıdan yan keçib Türkiyəyə gedəcəkdi, amma Azərbaycanın paytaxtına yeridildi.

- Həmin ərəfədə cənub sərhədlərində hansı hadisələr baş verirdi ki, SSRİ rəhbərliyi bundan bəhanə kimi istifadə etrməyə başlamışdı?

- Bəzən deyirdilər ki, guya bu, KQB-nin sifarişi olub. 1988-ci ildə xalqın 17 günlük mitinqi və bundan əvvəlki aksiyalar, yəni xalqın tələbləri Moskva tərəfindən nəzərə alınmayanda, əksinə ermənilərin nazı ilə oynanılanda Azərbaycan anladı ki, mərkəzi hakimiyyətdən bu çağırışlara cavab verilməyəcək.

Beləliklə, 1988-ci ilin noyabr-dekabr mitinqlərində səsləndirilən “Qrabağ bizimdir”, “Torpaqlar verilməz” şüarları Azərbaycanın bütövlüyü şüarlarına çevrildi. Yəni Qarabağ uğrunda hərəkat çevrildi Ümumxalq Azadlıq Hərəkatına. Bu hərəkatın bir niyyəti də Azərbaycanı birləşdirmək idi. O zaman hələ ciddi təşkilatlanma aparılmamışdı. Xalq mərkəzdən heç bir xəbər gözləmədən öz iradəsi ilə sərhədləri sökürdü.

Sərhəd hərəkatı başladıqdan sonra onun ilkin olaraq, Naxçıvan Ali Məclisində tanınması məsələsi həll edildi. 1989-cu ilin dekabrın axırında bu hərəkatı davam etdirmək niyyəti ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etmək qərarı verildi. Bu da 1990-cı ilin yanvar hadisələrinin baş verməsi üçün Moskvaya bir bəhanə verdi.

- Qaranlıq qalan məqamlardan biri də rus ordusuna müqavimətin olub-olmaması ilə bağlıdır. Belə bir müqavimət vardımı?

- Hər halda rusların özləri uydurmuşdular ki, guya Azərbaycan silahlanıb. Əslində Azərbaycanda heç bir silah yox idi. Ov tüfənglərinə qədər yığılmışdı. Küçələrdə qurulan barrikadalar simvolik xarakter daşıyırdı. Bunlarla tankların qarşısında dayanmaq olmazdı, bunu bilirdik və deyirdik.

Mənə elə gəlirdi ki, bəzi yerlərdə və evlərin damlarında Moskva öz adamlarını yerləşdirmişdi. Bununla göstərmək istəyirdi ki, guya müqavimət var, orduya tərəf atəş açılır. Bununla bir bəhanə əldə etmək istəyirdi. Yəni bunların hamısı öz oyunları idi. Sumqayıt hadisələrini necə təşkil etmişdilərsə, Bakıda da eyni oyunu oynadılar.

- Baş verənlər dünya mediasına hansı kanallar vasitəsilə çatdırıldı?

- Həmin şəraitdə televiziyanın bloku partladılmışdı, qəzetlərin nəşrinə icazə vermirdilər. Mənim təsis etdiyim “Azərbaycan” qəzeti də fəaliyyətini dayandırmışdı. Amma o dövrdə İğdırdan Türkiyənin bir çox şəhərinə yayılan Azərbaycana dəstək mitinqləri başlamışdı. Kaysəridə “Azərbaycan qanımız, qurban olsun canımız” şüarı ilə mitinq baş tutdu. Bundan sonra Brüssel və Almaniyanın Köln və Berlin şəhələrində çox böyük mitinqlər keçirilmişdi. Amma bizim insanlarımızın bunlardan xəbərləri yox idi.

Kaysəridə I Böyük Azərbaycan Qurultayı keçirdik, xaricdən gələn xeyli sayda soydaşlarımızla görüşdük. 1990-cı ilin payızında İstanbulda azərbaycanlıların qurultayını keçirdik. Sonra bizi Almaniyaya – Berlinə dəvət etdilər. Almaniyada 15-ə yaxın görüş keçirdik. Həmin görüşlərdən birində Türkiyədə İğdırdan başlayan mitinqlərin kasetlərini verdilər.

Mən 1991-ci ilin yanvarın 20-si ərəfəsində komendantdan xahiş etdim ki, bu kasetlərin insanlara göstərilməsinə icazə versin. O zaman heç kimə çıxış etməyə icazə vermirdilər. Nədənsə bu kasetlərin göstərilməsinə icazə verdilər. Mən o zaman bir cümlə dedim ki, hamı Azərbaycanın təkləndiyini söyləyir, baxın, Azərbaycan təklənməyib, dünyanın neçə ölkəsindən Azərbaycan xalqına dəstək var, bizi müdafiə edir, minlərlə adam buna görə küçələrdədir.

Bu, insanlara böyük təsir göstərdi. Bəlkə də bizim öz mətbuatımız təbliğat aparsaydı, bu qədər təsiri olmazdı.

- Bəs digər ölkələrin, xüsusən də ABŞ və Avropa İttifaqının baş verənlərə münasibəti necə oldu, dəstək verildimi?

- Dəstək olmadı. Avropanın da, Amerikanın da o vaxtkı münasibəti indiki kimiydi, onların Ermənistana xüsusi sevgisi var. Ermənilər bütün dünyanı aldatmaqla məşğuldur, guya xristianlığı ilk qəbul etmiş millətdirlər.

Ermənilər uzun illərdir “xristian pərdəsi” araxasında Avropa və Amerikada antitürk təbliğatı aparır. Əksinə, onlar həmin dövrdə azərbaycanlıların Ermənistandan çıxarılması, Bakı qırğını, eləcə də Qarabağda baş verənlərə sevinirdilər.

Digər yandan, Bakıda baş verənlərin cavabsız qalmayacağını bilənlər də vardı. Bunun SSRİ-nin dağılmasını süətləndirəcəyini bildikləri üçün sevinirdilər.

Müəllif: Mənsur Rəğbətoğluшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.