Qulu Məhərrəmlidən son günlərin qalmaqallı hadisəsinə reaksiya: - “Media bundan dərs almalıdır”
5-02-2021, 12:15

Xəbər verdiyimiz kimi, ötən gün bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri yayılıb.
Lakin araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan R.Kazımovanın ümumiyyətlə övladı yoxdur. Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağrılmayıblar.
Bundan başqa bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almır. Bu hadisədən sonra Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən Müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırıb.
Cebhe.info-ya açıqlamasında media mütəxəssisi, professor Qulu Məhərrəmli təəssüflə bildirib ki, bu, mətbuat üçün xoş olmayan bir haldır:
“Əlbəttə ki, bu, çox arzuolunmaz haldır. Bir adamı efirə çıxarasan, 2 saat danışdırasan və sonda məlum ola ki, o, psixi problemləri olan şəxsdir. Bu hala təəssüf edirəm. Mənə elə gəlir ki, o televiziyanın əməkdaşlarının da kifayət qədər jurnalist təcrübəsi də var. Hadisə mənim üçün bir az təəccüblü göründü. Əlbəttə ki, bu, xoş niyyətdən irəli gəlirdi ki, onu danışdırsınlar, problemi həll olunsun. Amma görünür ki, jurnalistikanın qızıl qaydalarına mütləq əməl eləməliyik. Yəni danışdırdığımız, dəvət etdiyimiz qonaq haqqında məlumatları dəqiq öyrənməli, onların kimliyini aydınlaşdırmalıyıq. Bu, bütün media vasitələri üçün ciddi bir xəbərdarlıqdır. Çünki media insanların problemlərinə həssaslıqla yanaşır və bu səbəbdən də bəzən belə hallar yaşanır. Media bundan dərs almalıdır”.