“Kimsə, havanın çovğunundan, filan çəkiliş edib paylaşırsa, bu, jurnalistika demək deyil” - Elçin Şıxlı
24-02-2021, 23:36

Bunu “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
Baş redaktor hər kəsin lazımı səviyyədə xəbər hazırlayıb təqdim edə bilmək qabiliyyətinə toxunub:
“İki kəlməni bir-birinin arxasınca ifadə edə bilməyən adamlar çox vaxt informasiya yaymaqla məşğul olur. Bunun nəticəsində peşəkar jurnalistika geridə qalır. Peşəkar jurnalistikanın da günahı ondadır ki, vətəndaşın dediyi həqiqətləri demir. Postsovet məkanında ümumiyyətlə jurnalistikaya, sözə, jurnalistin fəaliyyətinə təbliğat və təşviqat kimi baxılırdı. Bu da jurnalistikanın ən birinci düşmənidir. Jurnalist təbliğat, təşviqat aparmalı deyil. Olanları, həqiqəti düzgün deməlidir. Jurnalsitikanın publisistika, reportaj, müsahibə kimi janrları mövcuddur. Ona görə də, təsadüf adamlar heç vaxt peşəkarcasına müsahibə ala, publisist yazı yaza bilməz. Ən yaxşı halda kamera ilə reportaja bənzər bir şey hazırlaya bilər. Bundan artığını professional jurnalist bacara bilər”.
Elçin Şıxlı bu gün adi jurnalist qaydalarının yerinə yetirilmədiyini diqqətə çatdırıb: “Jurnalistikada müasir çağırışlar ondan ibarətdir ki, doğru düzgün informasiya vermək bacarığı olsun. İnsanlara vaxtında, hadisələrin mahiyyətini düzgün izah edib, çatdırmaq şərtdir. Bunu etmək olmursa, demək problemlər var”.
Media mütəxəsisinin fikrincə, Azərbaycanda istənilən şəxs liberal və demokratik qaydada media təsisatı yarada bilər:
”Amma bunun nəticəsində həmin adam jurnalistdirmi? Yüzlərlə saytda çalışanların jurnalistikadan nə dərəcədə xəbəri var? Bu ayrı mövzudur. Türkiyədə bizə yaxın model kimi orada vahid jurnalist kartı (basın kartı) deyilən sistem mövcuddur. Bunu əldə etmək üçün hansısa media strukturuna üzv olunmalıdır. Ölkəmizdə də vahid jurnalist vəsiqəsi ilə bağlı müzakirələr apara bilərik. Amma bundan sonra müəyyən imtiyazlar yaranır. Ona görə də, belə kriteryalar müəyyən olunmalıdır. Bundan sonra vəsiqələrin kimə və necə verilməsi müzakirə oluna bilər”.
Teleqraf.com