Razılaşmanın maddələrini pozan əsl Ermənistan tərəfidir

10-04-2021, 09:15           
Razılaşmanın maddələrini pozan əsl Ermənistan tərəfidir
Onların "hərbi əsirlər"lə bağlı şivən qoparması mənasızdır

"Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur"

Günlərdir Ermənistanda Müdafiə Nazirliyi və başqa qurumların qarşısında Qarabağda itkin düşən, ölən, əsir və girov düşənlərin qohumlarının aksiyaları keçirilir. Valideynlər nazirliyin ərazisinə daxil olmağa çalışırlar. Onlar müdafiə naziri və ya Baş qərargah rəisinin cavab verməsini tələb edirlər. Qurum rəhbərliyi onların nümayəndələrini nazirlik ərazisində görüşə dəvət edib. İtkin hərbçi yaxınları avtomobillərlə nazirlik ərazisinin bütün giriş və çıxışlarını bağlayıblar. Binada qalan nazirlik işçiləri binanı tərk edə bilmirlər.

İkinci Qarabağ müharibəsində itkin düşənlərin qohumları atəşkəs haqqında bəyanat qəbul olunduqdan sonra bir neçə belə aksiya keçiriblər. Onları Baş nazir Paşinyan da qəbul edib və itkin düşənlərin tapılması üçün əlindən gələni edəcəyini bildirib. Erməni mediasının yazdığına görə, erməni hərbi əsirlərin sərbəst buraxılmasına dair Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında pərdəarxası danışıqlar heç bir nəticə verməyib. “Sputnik Armeniya” yazıb ki, əsirlərin bir hissəsini Bakıdan aprelin 8-i axşam saatlarında Yerevana aparmalı olan təyyarə cümə gününə keçən gecə boş qayıdıb: “Təyyarənin göyərtəsində Qarabağdakı rus sülhməramlılarının komandiri Rüstəm Muradov olub”. Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan “əsirlərin qaytarılmasının təxirə salındığını” və “Rusiyanın vasitəçiliyi ilə danışıqların davam etdiyini” söyləyib. Bu arada Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də Bakıda hərbi əsirlərlə bağlı məsələnin “qapandığını” bəyan edib. Azərbaycanın ötən il “noyabr ayının sonunda 70-dən çox əsiri Ermənistana təhvil verdiyini” deyən nazir əlavə edib ki, 62 erməni hərbçisi terrorçu sayılır.

Politoloq Sədrəddin Soltan vurğulayıb ki, əslində Ermənistanda əsgər valideynləri Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə davamlı olaraq etiraz bildirir. Etirazçılar regionda saxlanılan Ermənistan ordusunun hərbçilərinin ölkəyə qaytarılmasını tələb edirlər. Ermənistan rəhbərliyi isə bu məsələdən bəhs etmir, cəmiyyətin haqlı tələblərini görməzliyə vururlar:

“Azərbaycana qarşı “əsir, girovların qaytarılması” ilə bağlı hay-küy salan, şivən qoparan Ermənistan hakimiyyəti bəyanatın 4-cü və 7-ci maddələrini yerinə yetirməyib. 4-cü maddədə bildirilib ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Rusiya sülhməramlı kontingenti bölgədə öz yerini möhkəmləndirsə də, Ermənistan silahlıları hələ də Azərbaycan torpaqlarındadır. Bu maddənin icrasını Rusiya da Ermənistandan tələb etmir. Rusiya sülhməramlıları gedən və getməyən erməniləri Qarabağa daşıyıb qurtarıb. Ancaq azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün bəyanatın uyğun 7-ci maddəsinin icrası ilə bağlı görülən işlər yetərli sayılmır.

Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtdir.

30 il ərzində Ermənistan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina “əkiblər”. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır.

Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur. Noyabrın 10-dan indiyədək 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib, 8-i mülki şəxs olmaqla, 85-dən çox vətəndaş ağır yaralanıb.

Ermənistanın basdırdığı minaların partlaması nəticəsində Azərbaycan vətəndaşlarının həyatlarını itirməsi və ya xəsarət alması atəşkəsin pozulması anlamına gəlir.

Onların və havadarlarının bu əməli bəyanatın müddəalarının icrasını ləngidir, onun həyata keçməsinə mane olur.

Ermənistan hakimiyyəti, onu dəstəkləyənlər “əsir və girovların qaytarılması” kimi mövcud olmayan, “xristian abidələrinin qorunması” kimi az əhəmiyyətli məsələlərlə bağlı açıqlama versələr də, bəyanatın bəhs etdiyimiz müddəalarının icrasından və minaların basdırıldığı ərazilərin xəritəsinin verilməsindən danışmırlar.

Beynəlxalq qurumlar bu susqunluqla Ermənistanın Azərbaycan ərazisindəki pozuculuq fəaliyyətini dəstəkləyir, terrorçuları müdafiə edirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.