"Operativ Qərargahın, “TƏBİB”in məmurları hardan bu statistikanı götürürlər..." - ETİRAZ

10-07-2021, 14:01           
"Operativ Qərargahın, “TƏBİB”in məmurları hardan bu statistikanı götürürlər..."
“Azərbaycanda postpandemiya və postmüharibə dövründən sonra yenə də müəyyən qadağalar var, iş yerləri bütövlükdə açılmayıb, biznesin bir çox sahələri sönükdü, dünyada bu kəskinlik var, amma bizi bir az neft sənayesi xilas edib. Amma orda da istər neft, istərsə də iri şirkətlərdə ixtisarlar oldu, otuz faiz işçilər evdə qaldı, öz hesablarına məzuniyyətə göndərildi və sair. Bu qədər sosial gərginlik olduğu bir vaxtda toyların məhdud sayda keçirilməsini biz anlaya bilmirik”.

Bunu Moderator.az-a açıqlamasında yazıçı-kulturoloq Aydınxan Əbilov deyib. Ekspert pandemiyaya görə qoyulan qadağaları belə şərh edib:

“Tarixən günü bu gün də xüsusən də Azərbaycanda toy məclisləri yeni ailənin qurulmasıyla bağlı şənlik yox, yaxud yas məclisləri kiminsə dünyadan köçməsinə görə kədərlənmə, ağlaşma məclisi yox, həm də sosiallaşma, paylaşma bir mədəniyyət hadisəsi kimi fərqlənib. Məhz digər xalqlardan da bizi bu xüsusiyyət fərqləndirir. Azərbaycanda istər keçmişdə yaslarda verilən ehsanlar, istərsə də toylarda verilən ziyafətlər, qonaqlıqlar məhz bu sosiallaşma, paylaşma, mənim şad günümdə digər insanları təamlarla qonaq etmək kimi bir estetik mədəniyyət hadisəsi kimi qəbul edilməlidir. İstər toyda, istər yasda, istərsə də digər məclislərdə insanlar fərq qoymadan kasıbı və ya varlısı süfrəsini eyni ilə paylaşıb, hər kəslə sevinc və kədərini bölüşməyi düşünürlər.

Azərbaycanda postpandemiya və postmüharibə dövründən sonra yenə də müəyyən qadağalar var, iş yerləri bütövlükdə açılmayıb, biznesin bir çox sahələri sönükdü, dünyada bu kəskinlik var, amma bizi bir az neft sənayesi xilas edib. Amma orda da istər neft, istərsə də iri şirkətlərdə ixtisarlar oldu, otuz faiz işçilər evdə qaldı, öz hesablarına məzuniyyətə göndərildi və sair. Bu qədər sosial gərginlik olduğu bir vaxtda toyların məhdud sayda keçirilməsini biz anlaya bilmirik. Çünki toylarda bəzən həftələrlə, aylarla dilinə ət dəyməyən, normal qidalanmayan şəxslər, qonaqlar, vətəndaşlarımız heç olmasa bir günlük problemdən kənar olurlar, yeyirlər, içirlər, şənlənirlər, rəqs edirlər. Xüsusən evdar qadınlar, qızlarımız, gənclərimiz hansı ki, illər boyu restoran görmürlər onlar da sosiallaşırlar, cəmiyyət içinə çıxırlar. Toyların bu baxımdan əhəmiyyəti çox böyükdür. İllər boyu məhz bir çox insanlar fikir vermisinizsə deyir ki, mənim qarnım toydan-toya dolur. Bu o deməkdir ki, insanlar bəzən toylara gedən zaman restoran estetikasının bəhrəsini görürlər, amma eyni zamanda da, evdə hər gün yeyə bilmədiyi təamlardan dadırlar.

Onsuz da bu keçmişdə də beləydi. O vaxt hər evdə plov bişirilmirdi, kimsə qurban kəsəndə ancaq kabab bişirilərdi. Ən əsas da yas mərasimlərində yaxşı yemək verilərdi, ya da ki, toylarda toyuq, plov və kabablar verilərdi. İndi bu baxımdan insanlarımızın hardasa toylarda gedib iştirak edib, pul salıb yeyib-içməsini bir az normal qarşılamaq lazımdır. Əlbəttə ki, ifrat dərəcədə süfrə açılmasının, çoxlu sayda insanların iştirakı ilə toy keçirilməsinin biz də əleyhinəyik. Amma digər tərəfdən də insanlar sevinclərini bölüşmək və bunun üçün 200-300 adam dəvət etmək istəyirlərsə, bunun qadağan edilməsini heç cür anlaya bilmirik. Qonşu ölkələrin heç birində bu qadağalar yoxdu. Bu qadağaların toy, biznes, əyləncə və kreativ biznesə vurduğu zərbələrin monitorinqi keçirilirmi? Məmurlar düşünürmü ki, böyük sarayları heç cürə 100-150 nəfərlik toyların xərci ilə saxlamaq mümkün deyil. Çünki bilirsiniz ki, toy şənlik məclisi ilə yanaşı, həm də iqtisadiyyat, mədəniyyət hadisəsi kimi Azərbaycan xalqının həyat tərzinə təsir edib. Toy mədəni, kreativ biznesin böyük bir hissəsidir. Burda ifaçılar, rəqqaslar, aşbazlar, ofisiantlar, restoran sisteminin özü, ərzaq, qida məhsullarını istehsal edən şirkətlər, cehizləri, mebelləri satan sahibkarlar və digər yüzdən çox iş yerlərinə təsir edən, onu canladıran, onlara yeni kapital yatırımı gətirən, xeyir verən sahə kimi toya baxmalıyıq. Sadaladığım bu xüsusiyyətlərinə görə Azərbaycan milli toyları digər ölkələrin toylarından fərqlənir. Üstəlik də toy yalnız iki nəslin birləşməsi, yeni nigaha girən ailələrin sevinc məclisi deyil, həm də bu toylarımız içində konserti, teatrlaşdırılmış səhnəcikləri, yarışmalar və digər təamlar verilən yer kimi də nəzərə alınmalıdır. Tarixən də, indinin özündə də Azərbaycan toyu bu qədər sahələri əhatə edirsə, ona olan qadağalar əslində bu xalqa qəsd kimi də qəbul edilməlidir. Mən bilmirəm Operativ Qərargahın, “TƏBİB”in məmurları hardan bu statistikanı götürürlər ki, 50 nəfərlə bir cür, 150 nəfərlə digər formatda məclis keçirmək olar. Mən başa düşürəm sosial məsafə saxlamaq, masa ətrafında stulların sayını azaltmaq lazımdır. Onu da qəbul edirəm və tərəfdarıyam ki, vaksinasiyadan keçmək, tibbi maskalardan qapalı məkanlarda, toyda, yasda mütləq istifadə etmək lazımdır. İmkan daxilində çalışmaq lazımdı yad adamların yas və toy məclislərinə getməsinlər. Gedəndə də kənarda qalmaq, qucaqlaşmamaq, əl verib görüşməmək lazımdır. Çünki pandemiya hələ qurtarmayıb və biz hələ onun növbəti dalğasını gözləyə bilərik. Koronavirusdan başqa digər xəstəliklər də əl görüşmələri, lüzumsuz qucaqlaşmalarla, yaxından təmasda keçir. Bunlar aydın məsələdir. Amma Azərbaycanda elə şadlıq evləri, mağar qurmaq üçün elə yerlər var ki, onlar maksimum dərəcədə qonaqları qəbul etməyə imkan verir. Elə iri restoranlar var ki, nəinki 150, 200 nəfərlik qonaq da qəbul edə bilir. Toyda nə üçün qadağalar qoyulur?! Qonşu ölkələrdə koronavirusun yayılması bizdən daha güclüdür, orda hətta “Delta” ştammı da yayılıb. Onlarda bu qadağalar yoxdu, aamma Azərbaycan insanı üçün yenə də bu qadağalar var. Bu nə qədər düzgündü və bu insanlara nə qədər xeyir verir?! Bəlkə iki-üç nəfərin yoluxması ilə cəmiyyəti məhv etmək olmaz, amma ümumən cəmiyyəti qapatmaq, sanki böyük bir həbsxanaya salmaq, bununla da cəmiyyətin, ictimaiyyətin psixoloji durumuna mənfi təsir göstərən insanlar düşünmürmü ki, ac və psixologiyası pozulmuş kütləni idarə etmək daha çətindi, nəinki bir neçə xəstələri olan cəmiyyəti. Ona görə də bir qədər fərqli, radikal addımların tərəfdarıyıq. Monitorinqlər keçirmək lazımdır, yoxlamalardan sonra bilmək olar ki, nə qədər insan bir toy məclisində iştirak edə bilər və ya nə qədər insan iştirak edə bilməz. Mən istəyərdim ki, Operativ Qərargah həm də məclislərlə, cəmiyyətlərlə bağlı qərar qəbul edən zaman sosioloqlarla, kulturoloqlarla, mədəniyyətşunaslarla mütləq təmasda olmalıdırlar. Onların ekspert qrupunun içində bu sahənin adamları da olmalıdır ki, insanlara, cəmiyyətə və dövlət qurumlarına analitik, ağıllı, elmi və təcrübi araşdırmalara söykənən təkliflər verilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.