Tarixçi-alim təhsil haqlarına üsyan etdi

11-07-2021, 00:04           
Tarixçi-alim təhsil haqlarına üsyan etdi
“Papaq altda” oğullar var, istedadlı, savadlı...

Təhsil xərcini ödəyə bilmədiyi üçün Azərbaycanda təhsil ala bilmirlər


Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlıq genişləndirilir. “Report”un xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığa dair Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə sertifikat ilə qəbul edilməsinin dayandırılması təşviq ediləcək. Türkiyə Ali Təhsil Şurasının rəsmi internet səhifəsinin “YÖK Lisans Atlası” bölməsində Azərbaycan ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində görüşlər keçiriləcək. Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Ali Təhsil Şurasına (YÖK) tapşırılıb.

Məsələ ilə bağlı “Şərq”ə danışan fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov sertifikat deyildikdə nəyin nəzərdə tutulduğunun açıqlanmağını bildirib:

- Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir ki, sertifikat deyildikdə nə nəzərdə tutulur. Bildiyim qədər Türkiyə ali təhsil sistemində sertifikat adlı bir şey yoxdur. Rəsmi dövlət orqanı bu məsələyə aydınlıq gətirməlidir.

Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Türkiyə ali təhsil sistemi ilə Azərbaycan ali təhsil sistemi arasında böyük fərq olduğunu deyib:

- Sertifikat məsələsi qaranlıqdır. Övladım Oğuz burda şərqşünaslıq fakültəsinin bakalavr pilləsini bitirdi, magistratura pilləsini Türkiyədə bitirdi. Magistr diplomunun təsdiqlənməsi üçün Azərbaycan Təhsil Nazirliyinə müraciət etdi, bir müddət sonra nəhayət təsdiqlədilər. İndi yenə Türkiyədə doktorantura pilləsində təhsil alır. Hər il nə qədər məzun Azərbaycandan Türkiyəyə təhsil almağa gedir. Niyə? Çünki burda təhsil haqları çox bahadır. Burda aşağı təhsil səviyyəsinə böyük məbləğdə pul xərcləməkdənsə, Türkiyədə az məbləğlə yüksək təhsil almağı üstün tuturlar, düz də edirlər. Əgər bizimkilər gənclərin ali təhsilə yiyələnməsini, yüksək ixtisaslı kadr kimi yetişməsini istəyirlərsə, təhsil xərclərini aşağı salsınlar, 100 bal toplamış abituriyentə elə yüksək səviyyədə ali təhsil versinlər ki, 400 ballıq abituriyentdən də üstün olsun. Əsl müəllimləri saxlasınlar ali təhsil müəssisələrində, rüşvətxorları, müftəxorları yox. “Papaq altda” oğullar var, istedadlı, savadlı, təhsil xərcini ödəyə bilmədiyi üçün burda ali təhsil ala bilmir. Amma xarici ölkəyə gedir, orada ürəyi istədiyi kimi təhsil alır. Hələ təklif edirlər ki, qal, burda da işlə. Ona görə də memorandum imzalamaqla deyil, təhsil sahəsində köklü islahatlar lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.