“Bu, Azərbaycana əsas verir ki, Rusiya hərbçilərinin yaxın 1 ildə Qarabağdan çıxmasını tələb etsin...”

12-07-2021, 20:09           
“Bu, Azərbaycana əsas verir ki, Rusiya hərbçilərinin yaxın 1 ildə Qarabağdan çıxmasını tələb etsin...”
“Bilirsiz, atəş açılan həmin ərazi Rusiya hərbçilərinin nəzarətindədir. Əgər hərbi ekspertlər bunu deyirlərsə, deməli, əllərində hansısa bir əsas var. Amma Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı bu atəşi hansı məqsədlə açıblar? Azərbaycana güc göstərmək istəyirlər, ölkəmizi hədələyirlərmi – bu, aydın deyil”.

Bunu Moderator.az-a açıqlamasında “Bəzi hərbi ekspertlərimiz bu günlərdə Ağdam rayonunun Əliağalı kəndi istiqamətində bir hərbçimizin yaralanmasıyla nəticələnmiş atəşkəs pozuntusunun bilavasitə ərazidəki Rusiya hərbçiləri tərəfindən icra edildiyini iddia edir. Sizin buna münasibətiniz necədir?” sualına cavabında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı söyləyib.

“Bütün hallarda həmin ərazi Rusiya hərbçilərinnin nəzarətindədir. Əgər hərbi ekspertlər bunu deyirlərsə, deməli, əllərində hansısa bir əsas var. Amma Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı bu atəşi hansı məqsədlə açıblar? Azərbaycana güc göstərmək istəyirlər, ölkəmizi hədələyirlərmi – bu, aydın deyil”- açıqlamasının ardında bu fikirləri ifadə edən Akif Nağı insident barədə öz versiyasını da irəli sürüb.

“Eyni zamanda, bildiyiniz kimi, son vaxtlar Ermənistanın Rusiyanın buna göz yummasından yararlanaraq Yuxarı Qarabağda kiçik terror dəstələri də yaratması haqda informasiyalar yayılır. Çox böyük ehtimalla demək olar ki, bu atəş həmin terror dəstələri tərəfindən açılıbdır. Terror dəstələri yaradılırsa, onlar özlərini “iş”də göstərməlidirlər. Bunun üçün də Azərbaycan tərəfinə atəş açırlar və s. təxribatlar törətməyə çalışırlar. Ermənistan Müdafiə Nazirliyi isə Ağdam istiqamətində belə bir hadisənin olmadığını bildirdi. Yəni bununla dünyanın gözünə kül üfürməyə çalışırlar ki, guya Qarabağda Ermənistan MN-ə tabe olmayan silahlı qüvvələr var. Amma aydındır ki, işğalçı ölkə rəhbərliyinin xəbəri olmadan Qarabağdakı ermənilər heç bir silahlı dəstə yarada bilməz. Fəqət, zaman-zaman onlardan Azərbaycana qarşı istifadə edəcəklər, rəsmi cavab vermək məqamı gələndə isə deyəcəklər ki, bizim orada heç bir hərbi hissəmiz yoxdur. Bu, bir tərəfdən Ermənistanın cinayətini ortaya qoyur. Eyni zamanda Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəsiz olduğunu göstərir. Yəni əgər sənin nəzarət etdiyin ərazidə qanunsuz silahlı birləşmələr, terrorçu qruplar yaradılırsa, deməli, sən öz işinin öhdəsindən gələ bilmirsən... Bu da Azərbaycana əsas verir ki, sülhməramlı adı daşıyan Rusiya hərbi kontingentinin 5 illik müddətin tamamında yox, yaxın 1 il, ilyarım ərzində öz torpaqlarından çıxmasını tələb etsin”- deyə QAT rəhbəri vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.