Qarabağdakı Monitorinq Mərkəzinin zabitləri hərbi sirlə zarafat edirlər

12-07-2021, 22:56           
Qarabağdakı Monitorinq Mərkəzinin zabitləri hərbi sirlə zarafat edirlər
Moskovskiy komsomolets, Rusiya

Müəllif: Lina Korsak

Payızda baş vermiş Qarabağ müharibəsindən sonra Moskva və Ankara Bakı və Yerevanın razılığı ilə Azərbaycanın Ağdam rayonunun ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması barədə razılığa gəliblər. Onun əsas vəzifəsi Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə nəzarət etməkdir. “Moskovskiy Komsomolets”in müxbiri hərbçilərin öz evlərindən uzaqda bu mürəkkəb xidməti necə apardıqlarını öz gözləri ilə görən ilk rusiyalı jurnalistlərdəndir.

Dislokasiya nöqtəsi

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladıqları memoranduma əsasən yaradılıb. O, Azərbaycanın Ağdam rayonu ərazisində 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. 2020-ci ilin payızında baş vermiş Qarabağ müharibəsinə qədər bu rayon da qonşuluqda yerləşən digər altı Azərbaycan rayonu kimi, 25 ildən artıq idi ki, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın nəzarətində idi. Bütün illər ərzində yüz minlərlə azərbaycanlı ailə köçkün həyatı yaşayıb...

İndi bu ərazilər azad edilib və artıq buraya dinc həyat qayıtmaqdadır.

Monitorinq Mərkəzi tanınmamış “DQR” ilə Azərbaycanın təmas xəttinin səkkiz kilometrliyində yerləşir. Bakıdan oraya təxminən dörd saatlıq yoldur. Hələlik yollar bərbad olduğundan, ünvana bundan tez çatmaq mümkün deyil.

Azərbaycan torpağının gözəlliklərini gördükdən sonra dağıdılmış və yandırılmış Qarabağa baxmaq çox ağırdır. Xarabalıqlar arasında yalnız mina xəbərdarlığı lövhələri görünür, ətraf minalanıb.

“Hələ 90-cı illərdə, birinci Qarabağ müharibəsi zamanı bu yerlərdə amansız döyüşlər gedib. Ağdam və Kəlbəcər rayonlarında minaları kartof kimi səpiblər”, - deyə yerli həmkarım danışır.

Pilotsuz nəzarət sistemi

Qarşında hərbi obyektin olduğunu deməyə ehtiyac qalmır. Hasarlanmış, üç ölkənin bayrağının dalğalandığını ərazini, hərbi geyimli və silahlı şəxsləri görən kimi, hər şey dərhal aydın olur.

Nəzarət-buraxılış məntəqəsində Azərbaycan hərbçiləri sənədlərimi yoxlayır və yalnız bundan sonra bizi içəri buraxırlar. Sonradan rusiyalı zabitlərdən biri deyir ki, sahəsi 4 hektara çatan Mərkəzin təhlükəsizliyi Azərbaycan Ordusuna həvalə olunub.

“Birgə Mərkəzin qərargahı paritet əsaslarla formalaşdırılıb, burada hər tərəfdən eyni sayda təmsilçi var. Modul tipli iş və məişət otaqları açıq meydançada qurularaq, xidmət və istirahət üçün lazım olan bütün avadanlıqla təchiz edilib”, - deyə komendant Mərkəzlə tanışlıqdan əvvəl bildirir.

Qərargahda 24 saat iş dayanmır. Girişin sağında üz-üzə iki sıra oturmuş zabitlər diqqətlə kompüterlərin monitorlarına baxırlar. Bir tərəfdə Rusiya, digər tərəfdə isə Türkiyə zabitləridir. Başlarının üzərində quraşdırılmış televizorlar “doğma” xəbər kanallarını göstərir.

Hər iki komandirin otağında Rusiya və Türkiyənin siyasi və hərbi liderlərinin portretləri asılıb.

Mərkəz təmsilçiləri bizdən işimizi tezləşdirməyi xahiş edir. Hərbçilərin diqqəti kənar şəxslərə yönəlməli, daha dəqiqi, yayınmalı deyil. Çünki onlara verilmiş tapşırıqlar böyük diqqət tələb edir.

“Onlar nəyi belə diqqətlə izləyirlər?”, - deyə rusiyalı zabitlərdən birindən soruşuram. Cavab: “Atəşkəs rejiminə əməl olunub-olunmadığını. Müasir texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatları vasitəsilə. Bütün məlumatlar monitorlarda göstərilir və növbətçilər tərəfindən izlənilir”.

Atəşkəsin pozulması hallarında hansı addımların atılacağına Monitorinq Mərkəzinin növbətçiləri qərar verir. Bu məsələdə komandirlərin geniş səlahiyyəti var. Məsələn, onlar Rusiya sülhməramlı kontingentinin rəhbərliyinə və ya birbaşa Ermənistan və Azərbaycanın Müdafiə nazirliklərinə çıxa bilərlər.

- Mərkəzin fəaliyyət göstərdiyi dövrdə hansısa insident olubmu?

- Olub, lakin elə də ciddi hallar olmayıb.

- Məsələn?

- Bax bu, artıq hərbi sirdir (zabit zarafatyana cavabdan yayınır).

Hərbi məişət

Monitorinq Mərkəzinin iş şəraiti ilə tanışlıqdan sonra məişət məsələləri ilə maraqlanırıq. Yaşayış modullarının da dəqiq bölgüsü var. Bir tərəfdə Rusiya mütəxəssisləri, digər tərəfdə onların türkiyəli həmkarları yaşayır. Lakin bu, yəqin ki, yeganə fərqdir. Çünki həm xaricdən, həm daxildən onların yaşayış yerləri tamamilə eynidir.

İkiotaqlı modulun hər birində dörd nəfər yaşayır. Çox geniş olmasa da, içərisində lazım olan hər şey var.

Monitorinq Mərkəzinə altı aylıq ezamiyyətə yalnız ən çətin şəraitdə çalışa bilən peşəkar hərbçilər göndərilir.

- Boş vaxtlarda ərazidən çıxmaq olurmu? Məsələn, şəhərə getmək, gəzmək…

- Xeyr. Mərkəz yaşayış məntəqələrindən aralıda yerləşdiyi üçün belə səfərlər nəzərdə tutulmayıb.

Hərbçilərin dediklərinə görə, onlardan bəziləri bir neçə aylıq xidmət ərzində hətta Azərbaycanın paytaxtında belə, olmayıblar.

- Bəs asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- İdmanla. Burada bunun üçün hər cür şərait var. Xarici həmkarlarımızla vaxtaşırı yarışlar təşkil edirik, hətta şahmat turnirləri keçiririk.

Yeri gəlmişkən, Mərkəzin ərazisində iki trenajor zalı var. Onlar da eyni prinsiplə bölünüb.

Məişət məsələlərini də hərbçilər ordusayağı həll ediblər, xidmətdən ayrılmadan. Burada həm bərbərxana, həm mini atelye, həm camaşırxana var. Hərbi qulluqçuların səhətində yaranan xırda problemlər də yerində həll edilir. Tibb otağı iki yerə bölünüb. Hərçənd, həkimlərin dediklərinə görə, onlar xəstələr arasında fərq qoymurlar. Kimə kömək lazımdırsa, dərhal göstərilir. Xoşbəxtlikdən, Mərkəzin fəaliyyətdə olduğu bütün bu dövr ərzində hərbçilər arasında ciddi xəstələnən olmayıb.

Xidmətdən kənar vaxtda ibadət etmək üçün də yer ayrılıb. Pravoslavlarla müsəlmanların ibadət otaqları da ayrıdır.

“Keçin yeməkxanaya”, - deyə zabitlərdən biri jurnalistlərin suallarını amiranə çağırışla kəsir.

Sən demə, zamanın necə keçdiyini hiss etməmişik və artıq nahar vaxtıdır. Doğrusu, bu istidə adam yemək də istəmir, ancaq hərbçilərin sivilizasiyadan uzaq bu yerdə necə qidalandığını görmək çox maraqlıdır. Yolüstü zabit qısa məlumat verir: “Mətbəxdə azərbaycanlı aşpazlar çalışır. Tez-tez milli yeməklər hazırlayırlar – rus, türk və əlbəttə ki, Azərbaycan yeməkləri. Həm müxtəlif, həm də dadlı”.

“Şərait nə qədər yaxşı olsa da, yəqin evdən uzaqda xidmət aparmaq çətindir”, - deyə ondan soruşuram. Zabit deyir ki, hər şey insanın özündən asılıdır: “Bəzisi doğmaları ilə ayrılığı rahat keçirir, bəzisi narahat. Lakin bu, xidmətdir və unutmaq olmaz ki, sən hərbi and içmisən. Buna görə emosiyalar ikinci dərəcəli məsələdir. Üstəlik, buradan evə zəng etmək, həm də internetlə əlaqə saxlamaq mümkündür”.

- Bəs bu ezamiyyətdən sonra yenidən buraya qayıtmaq istərdinizmi?

- Bu sualınıza yarım ildən sonra cavab verə bilərəm. Hələlik cəmi üç ay keçib (gülümsəyir).

Bizi aparan avtobus ləngər vura-vura Mərkəzdən uzaqlaşır. Bir qədər sonra Mərkəz gözdən itir. Pəncərənin o tayında yenə dağıntılar və mina sahələri. Lakin bəlkə bura da tezliklə dinc həyat qayıdacaq. Hər halda, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin əməkdaşları bunun üçün hər şeyi edirlər.

(Rus dilindən tərcümə - WorldMedia.Az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.