“Karantin qaydaları bizi müharibə şəraitinə hazırlamışdı” – AZAD İSAZADƏ

13-07-2021, 07:57           
“Karantin qaydaları bizi müharibə şəraitinə hazırlamışdı” –
Hərbi psixoloq: “Böyük şəhərlərdə reabilitasiya istiqamətində pis-yaxşı işlər aparılırdı, amma kənd yerlərində cavan uşaqlar başlı-başına qalmışdılar”

Ötən il iyulun 12-də düşmən təxribatı nəticəsində, Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində 3 günlük döyüşlər başladı. İyulun 14-də Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid oldular. Onların şəhidlik xəbəri müharibənin başlayacağına dair proseslərə şahidlik edənlərdə bir yəqinlik yaratmışdı. Nəticə olaraq sentyabr ayının 27-si hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edilməsi işğalçı dövlətlə aparılan sülh danışıqlarından səbri tükənənlərin gözlədiyi anın nəhayət ki, gəlməsindən xəbər verirdi.



Bəli, biz 44 günlük müharibəni geridə qoyduq. Lakin məlumdur ki, müharibə gedən bölgədə heç kəs onun dəhşətlərindən, ağrı-acısından sığortalanmır. Amma cəmiyyəti bu vəziyyətə hazırlamaq və ovqatı nəzarətdə saxlamaq da mümkündür. Bəs biz bunu bacardıqmı? Mövzu ilə bağlı AYNA-nın həmsöhbəti hərbi psixoloq Azad İsazadədir.

- Azad bəy, cəmiyyətin müharibəyə hazırlaşdırılmasında öhdəlik kimlərin üzərinə düşür?



- Müharibəni dövlət aparır və müharibəyə hazırlığı da dövlət təşkil etməlidir. Burada söhbət, sözsüz ki, silah-sursat, ordunun, o cümlədən də cəmiyyətin hazırlaşdırılmasından gedir. Mülki əhalini müharibəyə hazırlayarkən qeyri-hökümət, ictimai təşkilatlar da bu işə cəlb oluna bilər və cəlb edilməlidir də. Sözsüz ki, vahid bir plan da olmalıdır.



Məsələn, İkinci Qarabağ müharibəsinə qədər biz müharibə şəraitində yaşadığımızı deyirdik. Bakıda bunu hiss etməsək də, cəbhəyanı kəndlərdə yaşayan insanlar müharibə şəraitini hər gün hiss edirdilər. İstər dövlət, istər Fövqəladə Hallar Nazirliyi, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti müxtəlif tədbirlər həyata keçirirdi. Minalarla bağlı elanlar, izahlar asılmış, kəndin qırağında divarlar tikilmişdi ki, snayper və qəlpələr mülki əhaliyə dəyməsin. Bundan əlavə, hər həyətin içində balaca da olsa, sığınacaqlar qazılmışdı ki, atışma zamanı əhali orada qoruna bilsin.



Bunlar həm fiziki, həm də mənəvi-psixoloji hazırlıqdır. İnsan hər səhər durub həyətindəki sığınacağı gördüyündə, əvvəla, müharibə şəraitində yaşama anlayışı bərkiyir. Bundan əlavə də onda arxayınlıq yaranır ki, dövlət mənim haqqımda fikirləşir, məni qorumaq istəyir. Bu cür tədbirlər cəbhədən uzaq olan zonalarda – Bərdədə, Gəncədə görülməmişdi. Amma təcrübə göstərdi ki, cəbhədən uzaq yerlərdə də tədbirlərin görülməsi lazım imiş.



- Bəs necə düşünürsünüz, ümumi baxdığımızda müharibəyə hazır idikmi?



- Mən bu fikri səsləndirdiyimdə bəzən zarafat kimi qəbul edirlər, amma bunu tam ciddi deyirəm: Karantin qaydaları əhalini müharibə şəraitinə hazırladı. Bu vəsilə ilə biz daha nizam-intizamlı olduq. Bunun nəticəsi idi ki, kommendant saatını hiss etmədik. Çünki əvvəldən 3 saatlığına evdən çıxmaq kimi bir qayda var idi və camaat bu cür məhdudiyyətə öyrəşmişdi. Kommendant saatı isə axşam saat 9-dan səhərə qədər idi. Bu saatda da onsuz da evdən çıxan yox idi. Toylar, məclislər də keçirilmirdi. Kommendant saatı ilə insanlar sərbəst hərəkətlərinin məhdudlaşdırıldığını hiss etmirdilər. Düzdür, həyəcan keçirirdik, gözümüz-qulağımız xəbərlərdə idi, amma faktiki müharibə şəraiti bizim yaşayış tərzimizə mənfi təsir etmədi. Qeyd etdiyim kimi, karantin qaydalarından yaranan vərdiş və vəziyyət müharibə dövründə tətbiq edilən qaydaları rahat şəkildə qəbul etməyimizə kömək oldu.



- Müharibənin yaşatdığı stressə nə dərəcədə hazırlıqlı idik?



- Bu baxımdan çox hazırlıqlı deyildik. Məlumat üçün deyim ki, biz bir qrup psixoloq Qarabağ zonasından yeni qayıtmışıq. 6-7 ay ərzində orada əhali ilə işlədik. Gördük ki, müharibədən sonra yaranmış müxtəlif psixoloji problemlər, streslər çoxalıb. Biz imkan daxilində çalışdıq ki, onu azaldaq. Amma problem hələ də qalır və biz bu işi davam etdiririk. Biz eyni zamanda bir neçə təşkilat da bu işi mütəmadi davam etdirməyə çalışırıq. Çünki buna tələbat var. Şəhid, qazi ailələrində, ümumilikdə mülki əhali arasında aparılacaq işlər çoxdur.



- İndiki mərhələdə hansı zəruri addımların atılması lazımdır?



- Biz işləyən vaxt qazilərin sənədləri, reabilitasiya problemləri, müalicələri ilə bağlı problemlər var idi. Böyük şəhərlərdə bu istiqamətdə pis-yaxşı işlər aparılırdı, amma kənd yerlərində cavan uşaqlar başlı-başına qalmışdılar. Hara, necə müraciət edəcəklərini bilmirdilər. Layihənin axırında vahid mərkəzlərin yaranması ilə bağlı məlumatlar gəldi. Ümid edirəm ki, problemlər həlli tapılacaq. Bundan əlavə də biz cəmiyyət olaraq isti-isti şəhid, qazi ailələrinə, qazilərə daha çox diqqət göstərirdik. Bu diqqəti nəzarətdə saxlamalıyıq ki, zəifləməsin. Onlar daimi olaraq hiss etməlidirlər ki, dövlətlə bərabər cəmiyyət də onları yaddan çıxarmır, onlarla maraqlanır və onlara kömək etməyə hazırdır.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.