İki ayağı kəsilən qazi:”Dedi, kömək edə bilmərəm, seçicim deyilsən”
10-03-2016, 22:47
Özümdə Qarabağ qazisiyəm və ətrafımda qazilərlə həmişə gur olur. bu gün Azərbaycanda qaqzilərə biganəlikdən danışanda Qarabağ qaziləri ah nalə çəkirlər. Deyirlər bizə düşmıən kimi baxırlar. Amma bu müsahibəni oxuyandan sonra görəcəklər ki, tək bizə 1-ci Qarabağ qazilərinə yox, ümumən qazilərə biganəlik hökm sürür. Biz 1 -ci Qarabağ savaşının qaziləri artıq buna alışmışıq, lakin bu cavan yaşlarında qazi olmuş övladlarımıza bunu yaşatmamalıdır bu millət, bu dövlət.Qazilərinə sahib çıxmalıdır!
Nurəddin Xoca.
2014-cü ilin yay aylarında Ankaradakı iki xəstəxana Azərbaycandan və Türkiyədən olan ziyarətçi axınına uğramışdı. Atatürk Eğitim və Arastırma və Ankara Eğitim ve Araştırma xəstəxanasına Türkiyənin baş naziri, xarici işlər, səhiyyə nazirləri, millət vəkillərinin gəlişindən sonra ziyarət səfini Azərbaycanın deputatları, yüksək vəzifə sahibləri, Türkiyədəki azərbaycalıların nümayəndələri təqib edirdi.
Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların hərəkətləndiyi bir dönəmdə Bakıdan gətirilmiş 3 ağır yaralı əsgərimizi siyasətin tərkib hissəsi kimi ziyarət edən də vardı, bu ziyarətə piar fürsəti kimi baxıb gələn də, içdən yanaraq bu gənclərin yanına qaçanlar da…
Türkiyə səhiyyəsinin əvəzolunmaz xidmətləri sayəsində bu gənclər həyata qaytarılıb vətənə döndülər. Bakı hava limanında onların adına qarşılanma mərasimi düzənləndi.
X X X
… Əsgərlərimizi ziyarət edənlər arasında mən də vardım. Həm işimi görüb reportaj hazırladım, həm də onlarla qürbət həsrətimi bir az da olsa xəfiflətdim. Bu ziyarətlərim zamanı əsgərlərin yaşca ən kiçiyi olan Sərxanla söhbətimiz lap yaxşı tutdu. Anadolulu qardaşlarımız demiş, abla-kardeş olduq. Elə ilk tanışlığımızda ərklə əsl Lənkəran şivəsi ilə “mənə bax, evə gedəndə mənə facebook aç daa” demişdi. Elə həmin axşam ona “face”de bir ptofil açdım. O da qısa müddətdə ona tanış olan və olmayan bir çox adamla əlaqəsini burda yaradıb şəkillərini paylaşırdı.
Unuda bilənlər üçün xatırladım – Sərxan Agdam istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmış və Ankarada hər iki ayağı amputasiya edilmişdi. Ağır əməliyyatdan çıxmasına baxmayaraq, ən çox dediyi söz “bundan sonra da vətənimi qorumağa hazıram” idi.
…Bir gün facebook səhifəsindən mənə yazdı. Hal-əhval tutandan sonra dedi ki, mənimlə görüşmək istəyir. Sabah erkəndən oğlumu məktəbə qoyan kimi qaldığı misafirhanəyə getdim. Əlil arabasında olmasına rəğmən, sportiv görkəmi vardı – enli kürəkli, qabarıq əzələli. İlk baxışdan ovqatı pis görünməsə də gərginliyi hiss olunurdu. Söhbətləşdik.
Dedi ki, Ankarada bir müddət də qalmaq istəyir. İmkan olsa, burda kursa gedib, sənət öyrənmək arzusunu bildirdi.
“Təməlli burda qalmağı düşünürsənmi”, soruşdum. Qəti şəkildə “yox” dedi. Anlatdı ki, əlində bir sənəti olmadığı üçün, üstəlik, real fiziki imkanları ilə gələcəyi üçün narahatdır. Dedi, mən ancaq komputerlə bağlı iş görə bilərəm. “Eşitmişəm, Türkiyədə komputerlə bağlı yaxşı kurslar var”, dedi.
Burdakı sələhiyyətli bir nəfərlə danışdım, Ankara bələdiyyələrindən birinin tərkibindəki komputer kursunda təhsil alması məsələsi razılaşdırıldı. Bu xəbəri Sərxana çatdırdığımda sevinəcəyini düşündüyüm halda, gözlənilmədən bikef şəkildə “qoy qalsın” dedi.
Bəlli oldu ki, Sərxanın Ankaraya gətirilməsi və müalicəsini təşkil edən şəxslər onun burda qalmasını münasib saymayıblar. Sərxanın peşə kursu keçmək istəyinə münasibətləri belə olub ki, biz səni buraya müalicə üçün gətirmişik, müalicən bitincə də ölkənə aparmağa borcluyuq.
Bu söhbətdən az sonra Sərxan Azərbaycana döndü və qürurverici mərasimlə qarşılandı…
Elə həmin törənlə nağıl bitdi və gerçək həyat başladı…
X X X
Üstündən 2-3 ay keçmişdi, Sərxanın anasının nalə dolu müsahibəsini oxudum: “Oğlumu orduya yola salanda boylu-buxunlu oğlan idi, üstümə 80 santimetr qayıtdı balam”.
“Bizə kömək edən yoxdur!” deyirdi ana.
Sərxanın problemi mətbuatda ictimailəşəndən 5 ay sonra hökumət ona kömək kimi xəyalında olan əngəllilər üçün (Qazilər üçün yox!) nəzərdə tutulmuş kompyuter kursunda təhsilinə kömək etdi.
…
Bilirdim ki, kursu bitirəndən sonra özünə iş axtarır. Ona görə də arada həm hal-əhval tutur, həm də iş məsələsini soruşurdum.
“Mən Türkiyədən dönəndə elə bil dünyamı dəyişdim. Türkiyədə bizim kimi qazilərə hörmət edirlər. Amma burda kiməsə qaziyəm deyəndə elə bil o adamın dədəsinə söz deyirik”.
Düzü, belə bir şey yazmasını gözləmirdim. Çünki Sərxan çox çəkingən və utancaq bir gəncdir. Ağzından bir cümləni zorla çəkmək olur. Anladım ki, bu üsyanın arxasında ruhən-mənən əzilməsi və özünə biganəlik durur.
Yazdı ki, Ankarada xəstəxanada ikən ad günündə onu təbrikə gəlmiş millət vəkili Qənirə Paşayevaya durumu ilə bağlı SMS yazan kimi reaksiya gəlib. Qənirə xanım onun müraciətinə həssaslıq göstərib və Milli Məclisdə Lənkəranı təmsil edən deputat həmkarı Rüfət Quliyevə yönləndirib.
– Deputat Rüfət Quliyevin yanına getdim. Mənə dedi ki, sən mənim seçicim deyilsən. Elə də deyir mənim seçicim deyilsən, elə bil ki, o başqa ölkənin deputatıdır. Heç, ayağa durub mənimlə göruşmədi belə. Yerindən tərpənmədən mənə dedi ki, yanıma gəl. Mən də stollara sürtünə-sürtünə getdim yanına.
Onu təsəlli etməyə söz tapmadım…
Davam edir:
– Bakıda ASAN xidmət-ə getdim. Düşündüm ki, bəlkə mənə orda iş olar. Muhafizəçiyə dedim ki, ya müdürü, ya da müdür müavinini görmək istəyirəm. Mühafizəçi getdi, gəldi. Dedi, burda yoxdurlar. Keçən ilin iyununda Hadı Rəcəblinin də yanına getmişdim. Mən Türkiyədə olanda hər ay evimizə 50 manat yardım edirdi. Necə ki Türkiyədən gəldim, yardımı kəsdi. Yardım üçün yanına getmişdim. Mənə dedi ki, əlilliyindən sui-istifadə edirsən. Bundan sonra daha ona nə deyim?!
Müdafiə Nazirliyindən də şikayətçi idi:
– Müdafiə Nazirliyindən mənə telefon nömrəsi vermişdilər ki, nə problemin olsa, başqa yerə getmə, bizə müraciət et. O nömrəyə zəng elədim, elə bil həmin adam deyillər. Məktub yazıram, cavab gəlmir.
“Atam 2 ci qurup əlildir. Anamın gücüylə yaşayıram”.
“Yaşamağıma utanıram, vallah”.
“İnanırsınız, mənim durumumu görənlər orduya getmək istəmir”.
Uzun söhbətimizin bir hissəsinin də özəti belədir…
X X X
Türkiyədə qazi statusu alanlara dövlətin verdiyi hüquqlar sırasında pensiyaya çıxarkən birdəfəlik təzminatın verilməsi, təqaüdü saxlanılmaqla, özü və ya həyat yoldaşının dövlət qurumunda mülki işlə təminatı, mülki işdə təqaüdə çıxdıqdan sonra ikinci təqaüdü də almaq haqqı, bankdan faizsiz ipoteka krediti götürmək, 10 il müddətində istədiyi səmtdə kirayələdiyi evin kirayə haqqının dövlət tərəfindən ödənilməsi, Türk Hava Yollarına məxsus təyyarə uçuşlarında 50 faiz güzəşt, şəhəriçi ictimai nəqliyyatdan pulsuz istifadə var. Hələ bu əsaslarıdır.
Özəl və dövlətə məxsus idman klublarının reklam lövhələrində “Qazi və şəhid ailələrinin uşaqları üçün ödənişsizdir” qeydləri mütləq var.
Qazilərin sosial təminatını tənzimləyən dövlət sənədlərində səhhəti ilə əlaqədar nəqliyyata ehtiyacı olan qazinin ehtiyacının dövlət qurumları tərəfindən şərtsiz yerinə yetirilməli olduğu da öz əksini tapıb.
Qazi uşaqları ölkənin prestijli özəl məktəblərində də ödənişsiz təhsil almaq haqqına sahibdirlər.
Bu ölkədə qazi olmaq bir ayrıcalıqdır!
Azərbaycanda???
“Yaşamağıma utanıram, vallah” cümləsinə məcbur edilmək???
İlhamə Qasımlı, Ankara
korrespondent.az