Fəzail Ağamalı Salyanın yeni icra başçısından DANIŞDI: - “Yazılanlarla tanış oldum”

11-03-2016, 19:31           
Fəzail Ağamalı Salyanın yeni icra başçısından DANIŞDI: - “Yazılanlarla tanış oldum”
Bir neçə gün bundan qabaq prezident İlham Əliyevin sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəzifəsindən azad edildi. Prezidentin digər sərəncamına əsasən, Sevindik Hətəmov Yardımlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyan rayonuna icra başçısı gətirildi.

Salyan-Neftçala bölgəsinin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında Salyan rayonunun yeni icra başçısı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, prezidentin sərəncamı müzakirə olunmur.

“Ancaq Sevindik müəllim haqqında bir-iki kəlmə demək istərdim. Salyan rayon İcra Hakimiyyətinin yeni başçısı Sevindik Hətəmov vaxtilə Milli Məclisdə təmsil olunub. Həmkarlarım olub. Özünün sakit təbiəti, yüksək mədəniyyəti ilə seçilən insanlardan biridir. Onun Salyan rayonuna başçı təyin olunması ilə bağlı sosial şəbəkələrdə, mətbuatda yazılanlarla tanış oldum. Yardımlıdan millət vəkili seçilən Musa Qasımlıdan, eyni zamanda Yardımlıdan olan digər insanlardan Sevindik müəllim haqqında soruşdum. Hər kəs yüksək fikirlərini ifadə etdi. Hətta mənə dedilər ki, Sevindik müəllim Yardımlı camaatı ilə vidalaşarkən insanlar emosional vəziyyətdə onu yola salıb, ayrılıblar. Görünən budur ki, bu illər ərzində Yardımlı camaatı Sevindik müəllimi çox istəyib. Ona görə ki, o, Yardımlıda icra başçısı təyin olunan vaxtdan xalqın içində olub. Xeyir-şərlərində iştirak edib. Heç kimdən rüşvət almayıb. Bütün imkanlarını prezidentin tapşırıqlarına uyğun olaraq rayonun inkişafına sərf edib. Yardımlıdan olan insanlar tərəfindən bunlar mənə söylənildi. Onu keçmiş həmkarım kimi tanıyaraq, hörmət edirdim. Bu keyfiyyətləri özündə daşıyırsa, müsbət haldır. Ona fəaliyyətində uğurlar diləyirəm. Ümidvaram ki, cənab prezidentin ona göstərmiş olduğu etimadı yüksək səviyyədə doğruldacaq”.

Fəzail Ağamalı Salyan rayonunun sabiq icra başçısı Tahir Kərimovla bağlı məlum məsələyə də münasibət bildirib.

“Tahir Kərimovun güllərin əhatəsində çəkilən şəkli 4 il bundan qabaq olan məsələdir. O məsələ bu yaxınlarda müzakirə olundu. Biz də fikirlərimizi ifadə etdik. Yenidən buna qayıtmağın mənası yoxdu.

Salyanın sabiq icra başçısına bundan sonrakı münasibət, hansı işlə təmin olunması prezidentin səlahiyyətinə aid məsələdir. Bundan başqa heç nə deyə bilmərəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.