Cinayətdə ittiham edilən keçmiş icra başçısının qardaşı danışdı: - "Onun-bunun üzünə durmaqla iş aparır"
14-03-2016, 17:10
Bakı şəhərində Saleh Əliyev adlı məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq etməkdə ittiham olunan Hümbət Səfərov eksklüziv olaraq modern.az saytına danışıb.
H.Səfərov açıqlamasında deyilənlərin böhtan olduğunu vurğulayıb:
"Bunların hamısı şərdir, böhtandır. Heç bir sənəddə Saleh Əliyevin adı, soyadı, heç izi də yoxdur. O adam yalnız onun-bunun üzünə durmaqla iş aparır".
H.Səfərov şadlıq evinin alqı-satqısı məsələsinin, həqiqətən, baş verdiyini bildirib:
"Bəli, şadlıq evi alqı-satqısı olub, amma başqa bir adamla, Famil adlı şəxslə. Şadlıq evi Familin adına keçirilib. Saleh orada, sadəcə, işçi olub, onun heç bir səlahiyyəti yoxdur. İndi durub nələrəsə iddia irəli sürür.
Hazırda tərəfimizdən sənədlər hazırlanır. Onu məhkəməyə verəcəyəm. Etdiyi əməllərə görə məhkəmədə cavab verəcək".
H.Səfərov "bəs həmin şəxs də sizi məhkəməyə verib və sizə qarşı dələduzluq maddəsilə cinayət işi açılıb" sözlərinə "kim nə eşidir yazır. Bu, o demək deyil ki, hamısı həqiqətdir. Çox şey deyilir. Ölkəmizdə saytlar da çoxdur, kiminsə ağzını yummaq olmur. Hər halda həqiqət öz yerini tutacaq. Mənə qarşı heç bir cinayət işi açılmayıb", - deyə bildirib.
O, həmçinin Cəbrayılın sabiq başçısı Mahmud Quliyevlə doğma qardaş olduqlarını təsdiq edib:
"Qardaşımı danmaq fikrim yoxdur. O vaxtı soyad itməsin deyə, mənim soyadım Səfərov olub. Qeyd edim ki, bu məsələlərdə qardaşımın heç bir aidiyyəti yoxdur. Biz heç danışmırıq".
Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyevin hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyi barədə məlumat yayılıb.