“Bu SMS məni çökdürdü, amma...” - COVID-19 ölümcül deyil, QORXMAYIN!

21-10-2021, 09:26           
“Bu SMS məni çökdürdü, amma...” -
Psixoloqun da, koronavirusa qalib gələnlərin də fikri eynidir: panikaya düşmək xəstəliyi ağırlaşdırır

COVID-19 testinin nəticəsi pozitiv çıxan adamlar etiraf edirlər ki, bu xəbərlə sarsılırlar. Özlərində psixoloji güc tapmaqda çətinlik çəkdiyini deyənlər də az deyil. Amma həkimlər də bildirirlər ki, COVID-19 ölümcül, sağalmaz xəstəlik deyil. Buna görə də, həkimin təyin etdiyi müalicəyə tabe olmaq və əhval-ruhiyyəni maksimum yaxşı saxlamaq sağalmaq üçün ən vacib şərtlərdən hesab olunur.

AYNA-nın həmsöhbəti psixoloq Fuad Əsədov da deyib ki, həyatımıza yön verən düşüncələrimizdir: “Təkcə COVID-19 xəstəliyi ilə bağlı yox, ümumiyyətlə, bütün həyatımız üçün keçərli olan bir qayda var: bizim düşüncələrimiz hisslərimizə, davranışlarımıza, o cümlədən də bədənimizdə, beynimizdə gedən proseslərə təsir göstərir. Yəni ümumiyyətlə, biz necə düşünürüksə, bədənimiz də o cür reaksiya verir”.

Psixoloq bildirib ki, insanın COVID-19 virusuna yoluxduğunu bildiyində panikaya düşməsi onda kortizol – stress hormonunun ifraz olunmasına səbəb olur ki, bu da immun sistemini daha da zəiflədir: “Kortizol hormonu insanın immun sistemini zəiflədən bir hormondur. Biz panikaya düşdüyümüzdə həmin hormon ifraz olunur və bizə COVID-19 ilə mübarizədə lazım olan immun sistemimiz stress, panika, qorxunun təsiri ilə daha da zəifləmiş olur. İnsanın qorxu içərisində “Görəsən, mən nə edə bilərəm?”, - deyə düşünməsi onu zəiflədir”.

“Araşdırmalar göstərir ki, COVID-19-dan ölənlərin böyük əksəriyyəti daha əvvəllər həyəcan, təşviş pozuntusu yaşamış insanlardır. Biz çox vaxt eşidirik ki, COVID-19-dan ağırlaşan, vəfat edən xəstələr daha çox əlavə xəstəlikləri olanlar olur, amma böyük əksəriyyət həyəcan problemi yaşayanlardır. Onlara daha çox təsir edir. Bundan da məlum olur ki, insan həyəcanını idarə edə bilsə, panikaya düşməsə, COVID-19 xəstəliyindən daha tez sağalacaq, xəstəliyi keçirərkən daha az əziyyət çəkəcək. Əvvəla, onu düşünmək laızmdır ki, bu virus ölümcül deyil. Bəli, COVID-19-dan ölən saysız-hesabsız insan var, amma eyni zamanda da, nəzərə almalıyıq ki, bu virusun ölüm göstəricisi çox da yüksək deyil. Onsuz da öldürmək gücü yüksək olsa idi, pandemiya halına gəlməzdi. İlkin vaxtda yoluxan insanların hamısı ölərdi, virus bu qədər yayılmazdı. Pandmeiyaya çevrilibsə, deməli, ölümcül virus deyil. Dolaysı ilə bu virusdan sağalmaq mümkündür və sağalan insanların sayı sağalmayanlarla müqayisədə qat-qat çoxdur”, - deyə psixoloq fikrini davam etdirib.

“Bəs nə etmək lazımdır?” sualını cavablandıran psixoloq deyib ki, sakitliyi qorumaq və həkimin müalicəsinə tabe olmaq lazımdır: “Məsələyə proses kimi baxın. Burada bir problem var və onu həll etmək üçün bir sıra üsullar bilirik, onları tətbiq edirik. Yəni buna bir dərd kimi deyil, bir proses kimi yanaşaraq insan həyəcanını azalda bilər. Xüsusilə də yadda saxlamaq lazımdır ki, statistik olaraq məsələ bizim xeyrimizədir”.

“Mənfi fikirlər ağlımıza gəldiyində həyəcanı azaltmaq üçün hər dəfə əks arqumentləri - hansı ki həmin şeylər bizə özümüzü yaxşı hiss etməyə kömək edir - xatırlamaq lazımdır. İnsan özünə təlqin etməlidir ki, müalicə alır, əlindən nə gəlir edir, sağalacaq. Onsuz da məntiqli olan budur, bu təlqinlə insan özünü aldatmış olmur”, - deyə psixoloq bildirib.

AYNA-nın əməkdaşı həmçinin COVID-19-a yoluxmuş və xəstəliyi ağır keçirmiş şəxslərlə həmsöhbət olub.

Bunlar yoluxub sağaldı, sən də sağalarsan! - “Özümüzə söz vermişdik ki, evə sağ-salamat dönəcəyik”

Hərbi jurnalist Anar Şuşalı deyib ki, iki dəfə COVID-19 testinin nəticəsi pozitiv çıxıb, amma o, özündə güc tapıb sağalmağa nail olub. Həmsöhbətimiz həmin günləri belə xatırlayıb: “Halım çox pis idi. 1 metr məsafəni belə qət edə bilmirdim. Qızdırmam isə 37 dərəcədən 40 dərəcəyə qədər qalxırdı. Ətrafımda COVID-19 xəstəsi olduğu üçün, düzü, psixoloji cəhətdən özümü hazır hiss edirdim. Bilirik ki, psixoloji durum bu xəstəlikdə böyük rol oynayır. Ailəm məsləhət gördü ki, həkim müayinəsindən keçim. Buna görə Komputer Tomoqrafiyası (KT) elətdirdi. Həkim COVID-19-a yolxuduğumu bildirdi və təcili xəstəxanaya yerləşməli olduğumu dedi. Düzü, ilk saatlarda çox həyacanlı idim. Amma bütün bunlara baxmayaraq, özümdə güc tapdım və mübarizə aparmalı olduğumu düşündüm. Ciyərlərdə buzlaşma 60 faizə qədər qalxmışdı. Palata yoldaşlarım da çox qorxurdular. Demək olar ki, hər gün onlara 1 saat psixoloji hazırlıq keçirdim. Bizim palatada olan abu-hava sağalmağımızda, COVID-19-a qarşı mübarizəmizdə böyük rol oynadı. Günü-gündən idman hərəkətlərini artırırdıq. Özümüzə söz vermişdik ki, evə sağ-salamat dönəcəyik. Mən bu xəstəliyi iki dəfə keçirmişəm. Nəticə olaraq gəldiyim qənaətə görə, bu xəstəlikdə güclü iradə göstərmək, həkim məsləhətini düzgün yerinə yetirmək, ən əsası da psixoloji olaraq hazır olmaq sağalma ehtimalını yüksəldir. Əsas insanın öz istəyidir”.

“Atam bu xəstəlikdən çox qorxurdu, qəbullana bilmirdi”

Daha bir həmsöhbətimiz, Əməkdar artist Vaqif Mirzəyevin qızı rejissor Vüsalə Mirzəyeva olub. Vüsalə xanım atasının virusa yolxuduqdan sonra yaşadıqlarını bizimlə bölüşüb: “Atam avqustun 3-də toyda idi. Ayın 5-i şəhərdəki evimizə gəldi və dedi ki, başım bərk ağrıyır, burnum axır. “Delta” ştammı həmin vaxt yayılmağa başlamışdı və əlamətlərdən şübhələndim ki, yolxuub. Qan analizi verdik. Cavabda heç nə göstərmədi. Daha sonra yaxma analizi verdi. Testin nəticəsini həkim axşam saatlarında zənglə özünə bildirdi. Soruşdu ki, Vaqif müəllim, siz harada yoluxmusunuz? Atam öncə inanmadı. Dedi, yoluxub eləməmişəm. Mənə toyda soyuq olub, keçər. Həkim israr etdi ki, cavab pozitivdir və bu gündən karantinə alınırsız. Düzü, o, bu xəstəlikdən çox qorxurdu. Heç cür qəbullana bilmirdi. 1 həftə evdə sahə həkiminin yazdığı sistem və dərman, vitaminlərlə müalicə etdik, amma olmadı. Getdikcə təngənəfəsliyi artır, öskürək çoxalır və qızdırması yüksəlirdi. Başqa bir infeksionist həkim çağırdıq. O, müayinə etdi və xəstəxanaya yerləşdirməyimizi məsləhət gördü. Xəstəxana adını eşidəndə atam biraz da pisləşdi, elə biz özümüz də. Məlum səbəblərə görə heç xəstəxanaya yerləşdirmək fikrimiz yox idi. Həkimin yazdığı resepti etməyə başladıq. Növbəti gün həkim gəlib yenə müayinə edəndə dedi ki, “bu, ev xəstəsi deyil”. Təxminən, 50 faiz ciyərlərdə tutulma olduğunu bildirdi. Atam ürək əməliyyatı keçirmiş adamdı. 68 yaşı var. Daim oksigen dəstəyi olmalıdır. Məcbur olub canımızı dişimizə tutub təcili yardım çağırdıq. Təcili yardım da 3 saatdan sonra gəldi. Axırı, bir təhər kişiyə psixoloji dəstək verə-verə, təcili yardımda yanında oturub, apardıq. Açığı, mənim üçün də çox ağır idi. Hiss edirdim, düşünürdüm ki, vəssalam. Oraya apardılarsa, daha geri qayıtmayacaq. Amma neçə nəfər Zığdakı xəstəxanada yatan həmkar və tanışlarla danışdım, dedilər ki, narahat olmayım, yaxşı baxılar, qorxmayım.

Gündə 3 dəfə özünə zəng edirdim, həkimi ilə danışırdım. 3 gün çox ağır oldu. Dedilər 3-4 günü keçirə bilsə, saturasiya qalxsa, deməli, sağalacaq. Şükr Allaha, dualarımızı eşitdi. 4-cü günündən sonra bir balaca irəlləyiş oldu. Amma o, orada qaldığı günlərdə biz ölüb-dirilirdik. Çünki arada halı pisləşirdi. 2 həftə müalicədən sonra orada yenidən test götürdülər, pozitiv çıxdı. Analizləri də normal çıxdı və evə yazdılar. Çox zəif idi. Xəstəxanadan çıxandan sonra özü də deyirdi ki, yaxşı ki, vaxtında xəstəxanaya yerləşdirmişik. Çox yaxşı müalicə və qulluq olduğunu dedi. Özüm psixoloji dəstək olurdum. Həkimləri ilə mütamadi danışırdım. Evə çıxandan sonra da şəxsən öz nəzarətimdədir. Yeməyinə, isti-soyuğa diqqət edirəm. Bir az əllərində əsmə var idi, o narahat edirdi və ümumi zəiflik var. Həkim dostlarım çox olduğu üçün daim maraqlanır, soruşur, nə lazımdır edirdim. İndi 1 aydan çoxdur evdədir və hələ də qulluq edirik”.

“Xəstəxanaya 10 gün gec getməkdə səhv etdim”

Həmsöhbətimiz olan qida texnoloqu Ağa Salamov da ilk gündə COVID-19-a yolxuduğunu ehtimal edə bilməyib, sadəcə qrip olduğunu düşünüb: “Mən birinci test verməmişdim. Adi qrip kimi qarşıladım. Özümü də yaxşı hiss edirdim. Deyirdim, səhər işə gedəcəm. Amma səhər testin cavabı gəldi ki, COVID-19-a yolxumusunuz, evdən çölə çıxmayın. Bu SMS məni çökdürdü. Bundan sonra əlamətlər özünü göstərməyə başladı, titrətmə, qızdırma, başgicəllənmə oldu. Düzdür, insan özünü ələ almalıdır ki, yoluxub, amma sağalacaq. Lakin son günlərdə yoluxma, ölüm hallarının çoxalması, gənc insanları bu xəstəlikdən itirməyimiz bir növ psixoloji hazır olmadığımızı ortaya qoydu. SMS-i alanda çox ciddi psixoloji zərbə aldım. Düşündüm ki, nəsə ola bilər. O an insan istəyir ki, hamı ilə sağollaşsın, halallıq alsın.

Bir də psixoloji gərginlik xəstəxanaya getməməklə bağlıdır. Mən səhv etdim ki, 10 gün xəstəxanaya getmədim. Düzdür, protokola uyğun müalicə aldım, amma evdə sizə qulluq edən olmur. Evdə olanlar da xəstə idi, kənardan da kimsə gələ bilməzdi, çünki yoluxa bilərdi. Təbii ki, 10 gündə evdə müalicə almağımıza baxmayaraq, ağırlaşma oldu. Xəstəxanaya yerləşdirildik. Orada gənc, savadlı həkimlər, tibb işçiləri qulluğumuzda dururdular. Zığda FHN-nin modul tipli xəstəxanasında qalırdıq. Təəssüf ki, insanlarda belə bir fikir formalaşıb ki, modul tipli xəstəxanalara gedənlər ölürlər. Mənə də bunu yazanlar var idi. Amma mən özüm də, xəstəxanaya getməsini tövsiyə etdiyim adamlar da gedəndən sonra razı qalmışıq. İlk müayinədən ciyərlərimizdə buzlaşma 10% idi, sonrakı müayinədə isə artıq 30%-ə yüksəlmişdi. Növbəti günlərdə boğulma hiss edirdik, ola bilsin, buzlaşma daha da artmışdı. Rentgen şüaları bədəndə qalır deyə tez-tez müayinə oluna bilmirdik. İnsan yolxuduğunu biləndə gərək canına qorxu salmasın. Başını nəyləsə qatmalısan, sevdiklərinlə danışmalı, sevdiyin bir işlə məşğul olmalısan. İnsan xəstəliklə gülməklə, sevgi ilə mübarizə apara bilər. Mən də başımı nəsə yazmaqla qatırdım. İmmun sistemini gücləndirmək üçün əhvalı xoş tutmaq lazımdır. Bizə xəstəxanada həkimlər də dəstək olurdular, deyirdilər ki, sizdən daha ağır xəstələr sağalıb. Saturasiyası 26, 90% buzlaşma ilə sağalanlar olub. Buna görə həkimlərin rolu böyükdür. Bəzən də olur ki, həkim xəstəyə deyir səndə vəziyyət ağırdır. Bu xəstənin psixoloji olaraq çökməsinə səbəb olur. Mən olduğum xəstəxanada isə həkimlərin münasibəti çox yaxşı idi. Onlar xəstəxanada bütün tibbi imkanların olduğunu, lazım gələrsə kənardan da həkim gətirilə biləcəyini, dəstək alınacağını deyirdilər. Yeri gəlmişkən, insanların diqqətinə çatdımaq istəyirəm ki, qabığı soyulmayan, yuyulmadan yeyilən üstü açıq qidalardan uzaq dursunlar. Çünki COVID-19 virusuna yoluxmuş şəxslər həmin qidalara toxuna bilər, toxunmasa da asqırdığında, öskürdüyündə virusu yaya bilərlər”.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.