Orxan Məmmədov: "Pandemiya bir sıra reallıqları ortaya çıxarıb"

3-12-2021, 15:53           
Orxan Məmmədov:
“Bəşəriyyətin üzləşdiyi, ciddi sosial-iqtisadi təsirlərə malik koronavirus (COVID-19) pandemiyası bir sıra reallıqları ortaya çıxarıb".

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.

Onun sözlərinə görə, iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlıq səviyyəsinin artırılması və müasir, innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi prioritet məsələlərə çevrilib: "Bu baxımdan, mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyllər olacaq. Post-pandemiya dövründə yeni çağırışlara uyğun iqtisadi transformasiyanı həyata keçirmək üçün maliyyə resurslarına çıxış imkanı mühüm əhəmiyyət kəsb edir”.

“İlkin hesablamalara əsasən, COVİD-19 böhranının yaratdığı neqativ təsirlərin aradan qaldırılması məqsədilə qlobal səviyyədə likvidlik dəstəyi və yardım məqsədilə 5 trilyon ABŞ dolları vəsait sərf edilib. Lakin böhranın iqtisadi təsirlərinin miqyasını nəzərə alsaq, ənənəvi maliyyə sisteminin hazırkı problemlərin öhdəsindən gəlməkdə çətinliklər ilə üzləşəcəyini söyləmək olar. Bu baxımdan, alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” dayanıqlı maliyyə resurslarının təmin edilməsi üçün qarşıdakı dövrlərdə mühüm əhəmiyyət kəs edəcəkdir. Dünyada baş verən bu proseslər ölkəmizin də qarşısında zamanın çağırışlarına cavab vermək, iqtisadi inkişafda yeni hədəflərə çatmaq kimi vəzifələr formalaşdırır. Biznes modellərinin transformasiyası “post-COVİD” dövründə bizneslər və ümumilikdə cəmiyyət üçün yeni dəyərlərin yaradılması baxımından əhəmiyyətli olacaq. Qeyd olunanlar nəzərə alınmaqla, dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə yeni çağırışlara uyğun iqtisadi transformasiya gündəliyinin reallaşdırılması üzrə özəl sektoru cəlb etmək və resursları səfərbər etmək üçün əlverişli modellərdir”, - deyə O.Məmmədov qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.