Alimdən sensasiya: Babək müsəlman olub və...

25-03-2016, 23:24           


Axar.az “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, tədqiqatçı-yazar, Azərbaycan Universitetinin doktorantı Ceyhun Bayramlının müsahibəsini təqdim edir:

- Ceyhun bəy, müəllifi olduğunuz “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi” kitabı Babəklə bağlı sayca ikinci kitabınızdır. Kitabla bağlı oxuculara vermənizi istərdik.

- Bu kitabda əsasən 2011-ci ildə işıq üzü görmüş “Babək və hürrəmilik: yalanlar və gerçəklər” kitabında araşdırılmayan məsələlərə toxunulub. Tarix elmində ilk dəfə olaraq Babək təkcə üsyançı kimi deyil, eyni zamanda, 22 il ərzində konkret ərazilər üzərində hökmranlıq etmiş dövlət başçısı - hökmdar statusunda təqdim olunur, Hürrəmilər (Xürrəmilər. - Red.) dövləti adlı bir dövlətin mövcudluğu faktından danışılır və bunu söyləməyə əsas verən mənbələr diqqətə çatdırılır. Bu əsərdə Babək və Hürrəmilər hərəkatı dönəmində erməni-hayların tutduqları mövqe, atdıqları addımlar və Babəkin bir hökmdar qismində onlara qarşı qətiyyətli addımları təhlil edilir. Sovet dövründə “xalqlar dostluğu” tezisindən irəli gələrək hürrəmilərin erməni-haylarla savaşları barədə ümumiyyətlə danışmağa izn verilməyib, əksinə, ictimaiyyətə belə təqdim olunurdu ki, guya erməni-haylar əvvəlindən bu hərəkata dəstək verib, hürrəmilərin sırasında yer alıblar. Bu düşüncənin əksini söyləməyə imkan verən məlumatlar bu əsərdə əks olunub, həmin məlumatların bir çoxu elə erməni mənbələrinə məxsusdur. Bundan başqa, yeni işıq üzü görən bu kitabda Babəkin etnik-milli mənşəyi barəsində manipulyativ fikirlər irəli sürənlərin iddiaları təkzib olunur və bununla əlaqədar yeni faktlar diqqətə çatdırılır, Babəkin şəxsiyyətini səciyyələndirən xarakterik cəhətlər ayrıca fəsildə qeyd olunur, ən mühümü isə hürrəmilərin dini-məzhəbi dünyagörüşləri islami baxış bucağında və şəriət və fiqhlə məhdudlaşdırılmadan, geniş spektrdə təhlil olunur.

- Siz Babəkin müsəlman olduğunu qeyd edirsiniz. Amma bəzi araşdırmaçılar bunun yanlış olduğunu bildirirlər. Hansı mənbələr təsdiqləyir ki, Babək müsəlman olub?

- Bu haqda mənbələrdə çoxlu maraqlı məqamlar vardır. Bu məqamları həm 2011-ci ildə işıq üzü görən və hazırda təkrar nəşrə hazırlanan “Babək və hürrəmilik: yalanlar və gerçəklər”, həm də bu günlərdə ictimaiyyətə təqdim etdiyim “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi” əsərlərində ətraflı qeyd etmişəm. Bir müsahibə daxilində həmin məqamları sadalamaq mümkünsüzdür. Məsələ bundan ibarətdir ki, Xilafət sarayının diktəsi ilə tarix yazılan yazarların əsərlərində hürrəmilərin müsəlman olduqları barədə birmənalı fikirlərə rast gəlinməməsinin səbəbi öz-özlüyündə aydındır. Onlar qarşı tərəf idi və düşmən bildikləri tərəf barədə obyektiv informasiyanı öz əsərlərində qeyd edə bilməzdilər. Tarix elminin bu günədək Hürrəmilər hərəkatına olan baxışları əsasən səthi olub, yalnız həmin qərəzli və çox zaman da bir-birini təkzib edən mənbə məlumatlarına əsaslanır. Belə yerdə isə tarixçi-alimlər və tədqiqatçılar yalnız intuisiya və məntiqin gücü ilə hansı informasiyanın doğru, hansının yalan olduğunu aşkarlamağa çalışmalıdırlar. Həm Bağdadi, həm İstəxri, həm Şəhristani, həm Məqdisi, həm Yaqut əl-Həməvi, həm də digərlərinin əsərlərində Babək və hürrəmilərin müsəlman olduqlarını isbatlaya bilən çoxlu sayda maraqlı məqamlar vardır. Problem əslində cəmiyyətin və tarixçilərin “müsəlman” olmağın parametrlərinə olan yanlış baxışlarındadır. Məsələn, bir insan Allahı, peyğəmbərləri və Hz. Məhəmmədi, onun əhli-beytini, endirilən kitabları və konkret Qurani-Kərimin ehkamlarını, sünnənin peyğəmbər zamanında formalaşmış olan şəklini qəbul edə bilər, lakin ənənəvi şəriət məzhəblərinin hər hansı ehkamını qəbul etməyib təfərrüatda fərqli baxış sərgiləyərsə, din xadimləri və onların təsir dairəsində olanlar artıq onun adını “islamdan çıxan” kimi qeyd etməyə meyillidir. Bu, hələ bu gün - XXI əsrin əvvəlində belədirsə, təsəvvür etmək çətin deyil ki, IX əsrin əvvəllərində necə olub. Gözümüzün önündə bu gün Anadolu ələviləri islamın təməl prinsiplərini qəbul etdikləri halda, Haqq-Məhəmməd-Əli dedikləri halda, onları “dindən çıxan” kimi təqdim edən çoxlu sayda şəriət üləması, din xadimi və onların təsirində olan insan vardır. Adlarını qeyd etdiyim qədim dövrün mənbə yazarlarının müsəlmanlıq barədə öz fikirlərinə inansaq, o zaman müsəlman dedikdə yalnız hakim mötəzilə məzhəbinin mənsublarını nəzərdə tutmalıyıq və yerdə qalan bütün cərəyan və təriqətləri, başda bu günkü 5 ənənəvi məzhəb də daxil olmaqla islamdan çıxdaş etməliyik. Xatırlamaq yerinə düşər ki, Abbasilərin mənsub olduğu mötəziliyyə cərəyanı digər təriqət və məzhəblərin görkəmli şəxsiyyətlərini, başda peyğəmbər əhli-beytinə mənsub olan imamlar və onların ailə üzvləri olmaqla, əhli-sünnənin bu gün imam olaraq ehtiram göstərdiyi Əbu Hənifə, imam Şafei, Əhməd ibn Hənbəl olmaqla, təqiblərə, sürgünlərə, işgəncə və məhrumiyyətlərə, hətta terrora belə məruz qoyublar. Bu gün də yanlış düşüncə bundan ibarətdir ki, islam yalnız şəriət müstəvisindən ibarətdir. Halbuki əsrlər boyu şəriət islamı ilə paralel olaraq xalq islamı da mövcud olub, hətta bir çox məsələlərdə şəriət islamından daha sabit, daha dayanıqlı və islamın ana qaynağı Qurani-Kərimə daha uyğun baxışlara malik olub. Hürrəmilər də xalq islamına mənsub olub, islamın batini hikmətlərini özündə ehtiva edən firqələrdən biri idi, bunu çoxsaylı mənbə məlumatları da təsdiqləyir.

- Sizcə, Babək dövlət xadimi olub? Əgər, dövlət xadimi olubsa, bu dövlətin adı nə olub? Hansı faktorlar Hürrəmilər dövlətini fakt olaraq təsdiqləyir?

- Öncə onu deyim ki, Azərbaycan tarixi dövlətçilik institutları sırasında Hürrəmilər dövlətinin adının keçməməsi rus-sovet tarixşünaslığının Babəklə bağlı xüsusi konsepsiyasının olması ilə əlaqədar idi. Onun sinfi mübarizəyə atılan bir üsyan başçısı və utopik sosializm carçısı kimi təqdim edilməsi Babəkin bir müstəqil dövlətin hökmdarı olması versiyasını irəliyə çıxmağa qoymayıb. Əslində isə hər kəsə aydındır ki, bəşər tarixində 22 il 5 aydan çox davam edən bir üsyan, yaxud qiyam görülməyib. Adətən qısa müddət davam edən üsyanlar zamanı ya hakim qüvvə həmin üsyanı qan gölündə boğmuş, ya da əksinə, üsyançıların qüvvələri qarşı tərəfi məğlub edərək öz şərt və tələblərini həyata keçirmişlər. Babəkin Hürrəmilər hərəkatının öndəri seçilməsindən başlayaraq Abbasilər xilafətinin 7 ordusu darmadağın edilibsə, bu artıq o deməkdir ki, xalq-azadlıq hərəkatı qələbə ilə sonuclanıb və Azərbaycan ərazilərində Xilafətdən asılı olmayan müstəqil bir dövlət qurumu yaranıb. Xilafət tarixçiləri bunu inkar etsələr də, öz yazdıqları özlərini təkzib edir. Digər tərəfdən, bu günədək Babəkin kim olması barədə tarix elmi yalnız düşmən tərəfin fikirlərinə istinad edib, onların baxışlarına əsasən bu tarixi şəxsiyyətimizin statusunu müəyyən etməyə çalışıb, amma Babəkin özünün özünü hansı ampulada, hansı statusda görməsinə diqqət yetirilməyib. Babək Hürrəmi özünü müstəqil bir dövlətin hökmdarı hesab edirdi və mənbələrdə bu haqda, onun dilindən fikirlər əks olunub. Erkən orta əsr feodal tipli dövlət qurumlarına xas olan demək olar ki, bütün atributlar Babəkin rəhbərlik etdiyi dövlət qurumunda olmuşdur. İstər bayraq, ordu, paytaxt, hökmdar sarayları, hərəmxana, taxt, xəzinə, möhür, sülalə varisliyi, idarəetmə orqanları və məhkəmə-cəza mexanizmi, istərsə də yerlərdə valilərin təyin olunması, digər dövlətlərlə rəsmi yazışmalar, yerlərdə mövcud dövlət qurumuna qarşı üsyan və qiyamların yatırılması və sair amillərə Babək dövrünün Azərbaycanında rast gəlinir. Bu baxımdan Azərbaycan tarix elmində çəkinmədən Hürrəmilər dövlətinin mövcudluğu barədə danışmaq və Babəki məhz hökmdar statusunda qəbul etmək olar.

- Maraqlıdır, Qərb tarixçiləri Babək haqqında hansı fikri yürüdürlər?

- Bilirsiniz, dünya tarix elmində bir mənfi tendensiya var, hansısa ərazilərdə müəyyən dövrdə baş verənlərə dair həmin ərazilərdə yaşayan yazarların mənbə məlumatlarından daha çox, Qərb tarixçilərinin bu haqda fikirlərinə önəm verilir. Cəmiyyətdə Qərb tarixçilərinin bütləşdirilməsi meyli də var. Tarixi məxəzlərin məlumatlarının böyük bir qismi hər halda ortadadır və belə olduğu halda, baş verən hadisələri həmin mənbələrin orijinalından tədqiq etmək daha faydalı olar, yoxsa bu haqda Qərb tədqiqatçılarının fikirlərindən? Əlbəttə ki, birincidən. Bu o demək deyil ki, Avropa tarixçilərinin Hürrəmilər hərəkatı barədə fikirləri bir kənara qoyulmalıdır, sadəcə, mən onlara ikinci dərəcəli əhəmiyyət verilməsinin, məhz mövcud faktoloji materiallar mənbələr əsasında tədqiq edildikdən sonra onların fikirlərinin araşdırılmasının tərəfdarıyam. Məsələn, tanınmış fransız şərqşünası Klement Huart “İslam ensiklopediyası”nda (Encyclopedie de L`Islam) İbn ən-Nədimin “Kitab əl-Fehrist” əsərinə istinadən “Babəkin Bəzzdə taxta çıxması mərasimini” xatırladır. Bunu Klement Huartın dilindən bilmək əvəzinə daha yaxşı olar ki, birbaşa mənbənin özündən oxuyub tədqiq edək. Digər yandan, hələ hadisələrə tarixi baxımdan daha yaxın dövrlərdə yaşayan, adına "müsəlman" dediyimiz mənbə yazarlarının çoxu hürrəmiyyənin dini-məzhəbi dünyagörüşlərini tədqiq etməkdə çətinlik çəkibsə, yanlış nəticələr hasil edibsə, öz dini baxışlarından çıxış edərək təhrifə yol veribsə, XIX-XX əsrin Qərb tədqiqatçılarının bu haqda obyektiv fikir bildirmə ehtimalı daha azdır. Lakin istənilən halda, daha dəqiq fikir yürütməyə kömək məqsədilə istər Brokelmanın, istər Velhauzenin, istərsə də digər Qərb tarixçilərinin həmin dövr hadisələrinə olan mövqeləri də araşdırılmalıdır. Mən onun tərəfdarıyam ki, öz tarixi şəxsiyyətlərimizi nəhayət ki, öz baxışlarımızla, öz gözümüzlə görüb öyrənək, tədqiq edib araşdıraq.

- Kitabda diqqət çəkən məqamlardan biri də hürrəmilərin zamanında ermənilərin indiki Ermənistan ərazisində cəm olmağa başlaması ilə bağlı səslənən fikirlərdir. Əslində, bu bölgəyə haylar hansı yerlərdən gəliblər?

- Öncədən bildirim ki, bölgədə sonradan məskunlaşan bədnam qonşularımızı Qarabağın isəvi alpan soylularından fərqləndirmək üçün əsərdə həmin etnosu erməni-haylar kimi qeyd etdim. Və ərmənlərlə bağlı Firudin Ağasıoğlunun elmi yanaşmasını həqiqətə uyğun hesab edirəm. Haylar tarixən daim Qafqaz bölgəsinə can atıblar, istər miladdan öncə, istərsə də erkən orta əsrlərdə. VIII əsrdə hayların Qafqazlarda söz sahibi olma cəhdlərinin arxasında onların öncə Əməvi, sonra isə Abbasi hökmdarları ilə pərdəarxası əlaqələri dayanırdı. Bu münasibətlərin kökü hələ xəlifə Osman dövründə Şam valisi olan gələcək Əməvilər sülaləsinin banisi Müaviyyəyə gedib çıxır. O dövrdə haylar əsasən Van gölünün qərb tərəfində və qismən də Kilikiya ərazilərində idilər. Müaviyyənin hay feodalı Teodor Rştunini Qafqaza məlik təyin etməsi ilə erməni-haylar bu bölgədə özlərinə torpaqlar əldə etmək arzusunu gerçəkləşdirməyə başlayıblar. Bu məqsədlə Qriqorian kilsəsinin mərkəzi kimi indiki Ermənistan ərazisindəki Dvin seçilmişdi, bu yerin erkən orta əsrlərdəki adı Dəbil idi. Hürrəmilər hərəkatının başladığı dönəmdə bölgədəki xaosdan və Mehranilərin sonuncu rəsmi nümayəndəsi sayılan II Varaz Trdatın 822-ci ildə öldürülməsindən sonra yaranan müvəqqəti qarışıqlıqdan istifadə edən erməni-hay feodalları bölgədə özlərinə yer eləmək üçün bir yandan çoxsaylı silahlı dəstələrlə Qərbi Azərbaycan ərazilərində möhkəmlənməyə çalışıblar, digər yandan isə qeyri-ənənəvi təriqət və cərəyanlar daxilində güc mərkəzi formalaşdıraraq Alban elinin müxtəlif yerlərində qarışıqlıqlar yaratmağa səy göstəriblər. Onların bu məkrli niyyətlərini vaxtında anlayan Babək 827-830-cu illər ərzində həm hayların silahlı dəstələrini Göyçə gölünün cənubunda və şimalındakı Tavusin adlı yerdə baş verən döyüşlərdə darmadağın edərək onları təkrarən Van gölü tərəfə qovaraq, həm də pavlikianların Beyləqanda və digər yerlərdə baş qaldıran üsyanlarını yatırtmaqla erməni-hayların arzularını gözlərində qoyub.

- Hürrəmilər hərəkatını dini-ideoloji nöqteyi-nəzərdən sufizmə yaxın hesab etmək olarmı?

- Mənbələrdə hürrəmilər "ibahiyyə sufiləri" kimi qeyd olunur. Bizlər bu gün elə zənn edirik ki, islam dedikdə yalnız şəriət ehkamlarının məcmusuna əsaslanan "mədrəsə islamı" nəzərdə tutulmalıdır. Yəni cəmiyyətə dörd bir tərəfdən belə təlqin olunmaqdadır ki, sanki islam yalnız şəriətdən, sünni-şiə fərqlərindən, məzhəbi düşüncədən ibarətdir. Lakin bir toplum olaraq dönüb keçmişimizə obyektiv baxışla nəzər salsaq, görəcəyik ki, peyğəmbərdən sonrakı dövrlərdən bu günümüzə kimi mədrəsə islamı ilə paralel bir "xalq islamı" modeli də olub. Sufi yönümlü təriqət və cərəyanlar öz dini-ideoloji görüşlərinə görə məhz xalq islamına mənsub olublar. Təbii ki, hürrəmilər də bu sırada istisna deyildilər. Və "şəriət islamına" xidmət edən din xadimləri də istər əhli-sünnə, istər əhli-şiə olsun, xalq islamına mənsub olan təriqət və cərəyanları daim çıxdaş etməyə, onların islami dünyagörüşlərini şəriət müstəvisinin dar qəlibindən təhlil və inkar etməyə meylli olub. Yeni çapdan çıxan əsərdə mən bu fərqləri, yanaşmalardakı müxtəliflikləri məhz islami baxış bucağından təhlil etməyə, hürrəmilər də daxil olmaqla, xalq islamına mənsub olan cərəyanların dünyagörüşlərinin İslami təməllərini araşdırmağa çalışmışam. Fikrimcə, hürrəmilərin istər "halal-haram", istər "qadın-kişi münasibətləri", istər hülul, istər təcəlla, istər tənasüx məsələlərinə olan baxışlarının islami nöqteyi-nəzərdən ciddi əsasları olub. Lakin nə tarix elmi, nə ilahiyyat, nə də təriqətşünaslıq sahələrində bunlar dərindən tədqiq olunub.

- Qarşıda yeni əsərləriniz gözlənilirmi?

- Hazırda həm "Hürrəmilər hərəkatının tarixşünaslığı" adlı elmi iş üzərində çalışıram, həm də daha iki kitabı işləməkdəyəm. Bunlardan biri təxminən "Quran ayələrində Azərbaycan və türklər" mövzusundadır. Digər işlədiyim əsər isə mənbə məlumatları əsasında hazırlamaqda olduğum, miladdan öncə VI yüzillikdə bu bölgədə baş verən hadisələr barədə tarixi romandır. Bilirik ki, Azərbaycan ədəbiyyatında miladdan öncəki dövrlərə aid hadisələri əhatə edən tarixi roman, demək olar ki, yazılmayıb, bu sırada yalnız Yusif Vəzir Çəmənzəminlinin daha çox şəxsi düşüncələri əsasında yazdığı "Qızlar bulağı" və yazıçı Əfqanın eramızın ilk əsrlərinə aid "Bəy İnal" əsərini istisna etmək olar. Allah qismət edərsə, bu ilin payızına həmin tarixi romanı çap edib oxucuların ixtiyarına vermək fikrindəyəm. Ümid edirəm ki, bu əsərlər Azərbaycan oxucuları üçün böyük maraq doğuracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.