Deputat “MTN-çilər”lə əlbir olan “reket mətbuat"dan danışdı...
29-03-2016, 17:38
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) barəsində ortaya çıxan sensasion məlumatların bir qismində bəzi mətbuat orqanlarının da adı hallandı.
Məlumatlara görə, “MTN-çilər”in qara və çirkli əməllərinə şərik olan, onlarla əlbir işləyən bir çox “reket qəzet” və “reket saytlar” iş adamlarına “torba tikilməsi”ndə xüsusi rol oynayıblar.
Keçmiş MTN-in Antiterror Mərkəzinin hazırda həbsdə olan rəisi Elçin Quliyevin, onun müavini İlqar Əliyevin bir çoxlarına “torba tikmək” üçün hansı mətbu orqanlarla əməkdaşlıq etdikləri bəzilərinə məlum oldu.
MTN ətrafında cərəyan edən proseslərdən sonra “reket nəşr”lərin fəaliyyəti, hansı cinayət xarakterli işlər gördüyü barədə məlumatların ictimaiyyətin diqqətinə çatdırılacağı gözlənilirdi.
Amma...
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Modern.az saytına açıqlamasında ilk olaraq “reket jurnalistika”ya qarşı mübarizənin vacibliyinə toxunub.
Deputat deyib ki, “reket jurnalistika”ya qarşı daim mübarizə aparılmalıdır və bu, prinsipial olmalıdır.
“Birinci olaraq jurnalistlər özləri bu mübarizəni aparmalıdırlar. Jurnalistlər öz adlarının təmizliyi üçün, jurnalistika sahəsində sağlam mühit yaratmaq üçün bu addımı atmalıdırlar. Eyni zamanda, ictimaiyyət özü də bu işə kömək etməlidir. Yəni, “reket jurnalistika”nı tanıyıb-bilən insanlar onlarla əməkdaşlıqdan çəkinməlidirlər.
“Reket jurnalistlər”ə yaşıl işıq yandıran məmurlar, onları maliyyələşdirənlər var. Onlar da bu yoldan çəkinməlidirlər. Yaxud jurnalistlər onları aşkara çıxarıb həmin insanlar barəsində mətbuatda yazılar verməli, onların bu cür xoşagəlməz əməllərini qınaq hədəfinə çevirməlidirlər. Yəni bu iş ardıcıl, sistemli, prinsipial şəkildə getməlidir. Yoxsa Azərbaycan mətbuatının səviyyəsi bundan da aşağı düşəcək. İndi “reket jurnalistlər” saytlara da transfer olunub. Artıq “reket saytlar” da yaranıb. Ciddi işlər aparılmasa, bunların sayı bir az da artacaq”.
Baş redaktor “MTN işi”ndə “reket jurnalistika”nın adının hallanması və bunun sonradan səngiməsi məsələsinə də münasibət bildirib. Onun fikrincə, ilk vaxtlar MTN-lə əlaqəli olan mətbuat orqanları səslərini kəsdilər.
“Lakin sonradan gördülər ki, digər mətbu orqanlar onları ifşa etmir, onların adlarını hallandırmır. Həmin “reket jurnalistlər” də formatlarını dəyişərək, “MTN işi” ilə bağlı daha çox səs-küy salmağa başladılar. Elələri “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət etməyə başladılar. Daha sonra isə bu mövzu unuduldu. Beləliklə də həmin “reket nəşrlər”lərlə bağlı nə bir jurnal, nə sayt, nə də jurnalist araşdırma apardı. Onların ortaya çıxmasına çalışmadılar. Halbuki, o “qəzetlər”, o “jurnalistlər” ifşa olunmalıdır ki, çünki onlar bir sıra günahsız insanların əziyyət, cəza çəkməsinə dəstək veriblər”.