“Hələ yolun yarısındayıq” - Hərbi ekspert

5-04-2016, 18:49           
“Hələ yolun yarısındayıq” - Hərbi ekspert
“Cəmiyyətdə insanların müxtəlif sosial qrupları tərəfindən hərbi əməliyyatlara, müharibəyə müxtəlif cür reaksiya ola bilər. Bir vacib reaksiya artıq var ki, 20 ildən artıqdır ki, azərbaycanlılar qələbə əzmi ilə yaşayır. Hətta bu 20 il ərzində bəzi sosial təbəqələrdə ümidsizlik də yaranmışdı. Bəzən cəmiyyətdə “Qarabağı itirmişik” kimi fikirlər də səslənirdi. Amma artıq başlanan bu hərbi əməliyyatlar kütlədə böyük ümidlər və torpaqların geri qaytarılmasına inam yaradıb”.

Bu barədə Modern.az saytına açıqlamasında hərbi psixoloq Azad İsazadə Dağlıq Qarabağ ətrafında gedən hərbi əməliyyatlardan danışarkən deyib.

Ekspert indiki durumda hələ qələbədən danışmağın tez olduğu qənaətindədir:

“Ancaq indiki şəraitdə bizim hələ qələbədən danışmağımız tez olar. Başa düşməliyik ki, bu gün baş verənlər yalnız döyüş uğurudur. Qələbəni ordu təkbaşına qazana bilməz. Qələbəni bütün dövlət və cəmiyyət qazana bilər.

Qələbə uzunmüddətli olmalıdır. Biz bu uğurlara seviniriksə, başa düşməliyik ki, qələbəni qazanmaq üçün emosiyanı kənara qoyub işimizi görməliyik.

Anlamlıyıq ki, burada həm maddi və mənəvi itkilər, şəhid də olacaq. Buna baxmayaraq biz ümidsizliyə düşməməliyik , əksinə hər bir vəziyyətə səfərbər olmalıyıq.

Əgər emosiyaya uyub qazandığımız uğurlara görə toy-bayram etsək, itirə bilərik. Çünki heç nəyə və heç bir vəziyyətə arxayınlaşmaq olmaz. Hələ yolun yarısındayıq”.

Azad İsazadə hərbi əməliyyatlar zamanı təbliğatın düzgün formada aparılma üsullarını da şərh edib:

“Təbliğat psixoloji üsullardan biridir. Təbliğatı da düzgün, savadlı və perşəkarcasına keçirmək lazımdır. Qeyri-psixoloq psixoloji yadım göstərə bilmədiyi kimi, təbliğatı da bilməyən adam etməməlidir. Təbliğat psixoloqlarla bir yerdə aparılmalıdır.

Sosial şəbəkələr müharibə və hərbi əməliyyatlar zamanı çox vacib əhəmiyyət daşıyır. Əsas da ki, psixoloji təsir baxımından sosial şəbəkələr müharibə zamanı təsiredici qüvvəsini artırır. Amma digər tərəfdən bunun çox təhlükəli məqamları da var. Mənfi və təhlükəli məqam odur ki, sosial şəbəkələr nəzarətsiz və kütləvi bir ünsiyyət formasıdır.

Sosial şəbəkədə baş verən hadisələrdən görürük ki, cəmiyyətdə əhval-ruhiyyə necədir. Biz sosial şəbəkələrin nəzarət məsələsini deyil, oranı analiz etmək məsələsini önə çəkməliyik. Çünki analiz etməklə cəmiyyətdəki əhval-ruhiyyəni dəqiq öyrənə bilərik.

Sosial şəbəkələrdə ehtiyatlı olmalıyıq. Çünki orada uydurma fikirlər paylaşan, guya neytral mövqedə dayanan, amma əslində anti-təbliğat aparanlar da var”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.