“Atəşkəsdən sonra 7 rayon qaytarılacaq”

5-04-2016, 18:59           
“Atəşkəsdən sonra 7 rayon qaytarılacaq”
Hafta.az-ın daha əvvəl də xəbər verdiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Silahlı Qüvvələrimizin bölmələri hazırda azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

İşğalçı Ermənistanın qəfil başlayan təxribatlarından sonra təmas xəttində 4 gün davam edən döyüşlərin məntiqi və fiziki sonluğu nə ilə nəticələnəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin pərdəarxasında nələr dayanacaq? İşğal altındakı 7 rayonun Azərbaycana qaytarılması bundan sonra nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu hafta.az-a açıqlamasında deyib ki, atəşkəsdən sonra Ermənistan sülh danışıqları masasına otuzdurulacaq:

“Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqının və ordusunun bütün müsbət keyfiyyətləri burada müəyyən olundu. Burada əsas məsələ Azərbaycan rəhbərliyinin diplomatik bacarığıdır. Mən əvvəl də bildirmişdim ki, Ermənistan sülh danışıqları masasına otuzdurulacaq. Bundan sonra ortada böyük bir saziş hazırlanacaq. Həmin sənəddə qeyd olunan bir sıra məsələ yer alacaq; Yeddi rayon Azərbaycana qaytarılacaq. Ermənistandan qovulmuş məcburi köçkünlər öz dədə-baba yuvalarına dönəcəklər. Dağlıq Qarabağın statusu məsələsi isə soydaşlarımızın Göyçə və Zəngəzur torpaqlarına qaytarılması tam başa çatandan sonra müzakirə ediləcək. Amma bunlardan da öncə qaçqın və məcburi köçkünlərimiz Dağlıq Qarabağa qayıtmalıdır. Onlar ilkin mərhələdə birmənalı olaraq Dağlıq Qarabağ ətrafı yeddi rayona qayıtmalıdır. Görünən odur ki, Rusiya bir neçə gündür bu işin üzərində işləyib. Ermənilərdən razılıq alıb, işğalçı ölkə danışıqlar masasında imitasiya ilə məşğul olmayacaq. Yəni, Rusiyanın təhriki ilə Ermənistan bundan sonra real tənzimlənmə ilə məşğul olacaq. Yenilənmiş "Madrid prinsipləri" əsasında müqavilə imzalanacaq. Ona görə də, Azərbaycan tərəfi atəşkəsə razılıq verib”.

Politoloq Rusiya xarici siyasət idarəsi rəhbərinin 7 aprel Bakı görüşünə də münasibət bildirərək, atəşkəsin bu səfərlə müəyyən mənada bağlı olduğunu da qeyd edib:

“Azərbaycan Ordusu Sergey Lavrovun Bakı görüşünün gündəliyini konkretləşdirdi. Rusiya XİN rəhbərinin 3 tərəfli Bakı görüşü zamanı ticari-iqtisadi məsələlər, İran-Azərbaycan–Rusiya arasındakı üçtərəfli layihələr, gömrük və Xəzər məsələləri müzakirə olunacaq. Dağlıq Qarabağ problemi 4-cü məsələ kimi gündəliyə daxil edilmişdi. Amma indi Dağlıq Qarabağ məsələsi ön sırada müzakirə olunacaq. Rusiya və İran bəyanat verdi ki, İraq və Suriyanın ərazi bütövlüyü toxunulmazdır və dəstəkləyirlər. Elə başa düşürəm ki, Lavrov Bakıda olarkən verəcəyi bəyanatda bildirəcək ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Rusiya İraq və Suriya kürdlərinə deyir ki, öz taleyinizi bu ölkələrin milli sərvətləri daxilində nizamlamalısınız. Eləcə də Dağlıq Qarabağ ermənilərinə bildiriləcək ki, siz də öz milli müqəddəratınızı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməlisiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.