"Allah nə qədər ömür veribsə, o qədər də yaşayacam" - Azərbaycanlı jurnalist təhlükədən danışdı
14-04-2016, 22:02
Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov müsavat.com saytına geniş müsahibə verib. Əməkdaşımızla söhbətində F.Abbasov aprelin 13-də işindən azad edilməsi, eləcə də bu proseslərin pərdəarxasından danışıb.
Həmkarımız öncə “İhlas” rəhbərliyinin bu qərarının ona necə təsir bağışlamasına toxunub:
- Bu, mənim üçün gözlənilən idi. Amma belə bir münaqişədə yox. Çox adamdan xəbərdarlıq alırdım ki, gec-tez bu fəaliyyətinə görə belə qərar alına bilər. Burdakı məsləkdaşlar, internetdəki dostlar daha çox bu cür xəbərdarlıq edirdi. Belə bir fəaliyyət göstərməyimin işimə təsir edəcəyini söyləyənlər olurdu. Amma Türkiyə və Azərbaycan üçün belə bir vacib məqamda, Türkiyə, Azərbaycan adına, bu ölkələrin səsini duyuracaq başqa bir adamın Rusiya televiziyalarına dəvət edilmədiyi bir məqamda belə bir şey gözləmirdim. Rusiya televiziyaları Azərbaycandan olan ziyalılardan, mütəxəssislərdən, jurnalistlərdən uzaq durmağa çalışırdılar. Mən də azərbaycanlı yox, türk jurnalist olaraq bu verilişlərə dəvət edilirdim. Amma azərbaycanlı olduğum üçün mümkün mərtəbədə Türkiyəni yox, Azərbaycanı təmsil etməyə çalışırdım.
- Fuad bəy, agentlik işdən çıxarılma ilə bağlı verilən qərarı sizə necə açıqladı? Rəsmi məktubda nələr yazılmışdı?
- Konkret səbəb göstərilməyib. Sadəcə olaraq, “işlərimizin gözləndiyi kimi getmədiyindən dolayı” belə bir qərar verildiyi yazılıb. İstəsəniz, mən sizə həmin məktubun mətnini tam oxuyaram. “Fuad bey, merhaba. Orada işlerin istediyimiz gibi gitmemesinden dolayı artık seninle çalışmama kararı aldık. Bu günden itibaren artık İhlas Haber Ajansı ile hiç bir bağlantın kalmamıştır. Bu hususu tarafına bildirir, bundan sonrakı hayatında başarılar dilerim. Dış Haberler Müdürü Muhammer Sergen”.
- Yəqin ki, bu məktubu aydınlaşdırmağa çalışdız.
- Təbii ki. Amma bizim Dış (xarici-S.T.) Haberler müdiri Muhammer Sergendən bir şey öyrənmənin mənasının olmadığını düşünürəm. Çünki o, mənim kimi sıravi bir əməkdaşdır, heç bir qərar vermə haqqı yoxdur. Böyük ehtimalla bu qərar bizim rəhbərlik tərəfindən alınıb. Onunçün mən rəhbərliyə yaxın olan, amma adını çəkmək istəmədiyim insanlarla danışdım. Onlardan isə belə açıqlama gəldi ki, rəhbərlik Moskvadan gəlmiş ricamı deyim, tələbmi deyim – bunu necə adlandıracağımı özüm də bilmirəm – o söz üzərinə alınmış bir qərar verib.
- Amma Azərbaycan mediasına sizinlə bağlı verdikləri açıqlamalarla yəqin ki, tanışsız. İşdən çıxarılmanıza səbəb olaraq sizin onları videomateriallarla təmin etməməniz göstərirlər.
- Bu iddia Muhammer Sergendən gəlib. Ola bilər ki işlə əlaqədar gözlədikləri potensialı müəyyən dərəcədə verməmişəm. Amma mənim üçün Azərbaycan və Türkiyənin bu günkü günündə Moskvada meydana gələn maqazin, bulvar xəbərlərindən daha üstün Türkiyə və Azərbaycanın Rusiya mediasında, rus ictimaiyyətinə səsini çatdırmaq idi. Bunu daha vacib hesab etdiyim üçün bəlkə də son vaxtlarda onların istədiyi qədər xəbər göndərməmiş ola bilərəm. Onlara da bunu çox açıq şəkildə ifadə etdim ki, ölkələrimizin bugünkü günündə hansı tərəfə daha çox ağırlıq verməyimi onlar başa düşməlidilər. Digər tərəfdən, bizim “İhlas” xəbər agentliyi ilə aramızda başqa məişət mübahisələrimiz olub. Onları da açıqlamaq istəmirəm. Kim kimə nə vəd edib, kim kimə nə borcludur... Onların da bir çox nöqsanları olub. İndi onları açıqlamağı doğru hesab etmirəm. Amma yenə də deyirəm, son zamanlar həm Azərbaycanın, həm Türkiyənin Rusiya qarşısındakı informasiya müharibəsində uduzduğu bir zamanda məndən görüntü, videomaterial tələb etmələrinin ən azı haqsızlıq olduğunu düşünürəm. Bu biri tərəfdən, işdən çıxarılmaqla bu cür problemlərin həll olunmasını lüzumsuz görürəm. Xüsusən də belə bir dönəmdə. Bunu bir ay sonra etsəydilər...? Azərbaycanı 1 aydır təmsil edirəm, telekanallarda müdafiə edirəm, amma Türkiyəni 6 aydır... 6 ayda bir dəfə belə bir şey ortaya çıxmadı, Azərbaycanı təmsil edəndən bir həftə sonra ortaya belə bir şey çıxdı. Bu da çox üzücü bir haldır. Nə qədər çox vaxt keçirsə, o qədər də çox sual meydana gəlir. Sözün düzü, mən bu sualların cavabını axtarmıram. Rəhbərlik səviyyəsində alınmış bir qərardır. Onların qərarına da hörmətlə yanaşıram. Ticari şirkət olmalarından dolayı bəlli bir ticari tələbləri var. Bu tələblər yerinə yetirilməyib, ya da gözlədikləri işlər istədikləri kimi getməmiş ola bilər. Qərarı da buna görə vermiş ola bilirlər. Buna qarşı çıxacaq gücüm yoxdur.
- Sizə elə gəlmirmi ki, diplomatik münasibətlərin fonunda sizi qurban verdilər? Türkiyə-Rusiya münasibətlərinin gərgin dönəmində Türkiyə tərəfi sizi sadəcə xərclədi fikri ilə razısızmı?
- Bu fikir mənim ağlıma gəlir. Versiyalardan biri olaraq gözdən keçirirəm. Mən çox şad olardım ki bu versiya düzgün olsun. Bəlkə də mənim çıxışlarımda Ərdoğanın tərəfində durub, Putinə qarşı çıxmağım Rusiya hökumətinin xoşuna gəlməyib və buna görə rəsmi Türkiyəyə müraciət edilə bilər. Türkiyə də məni aradan qaldıraraq bunu Rusiyaya doğru bir addım kimi ata bilər. Əgər mənim işdən uzaqlaşdırılmağımla iki ölkə arasında münasibətlər düzələcəksə və ya bu, münasibətlərin düzəlməsinə xidmət edirsə, buna şad olaram. Bir çox türk-rus ailələri, bu ailələrdən olan uşaqlar ayrı qalıblar, bu siyasətin qurbanı olublar. İqtisadiyyat, turizm bundan ziyan çəkir. Türkiyədə minlərlə insan Rusiyaya, Rusiyada minlərlə insan Türkiyəyə gələ bilmir. Bu isə iki siyasətçinin ortaq məxrəcə gəlməməsindən irəli gəlir. Əgər belə bir şey təsdiqlənsə, şad olaram ki, iki dövlət məni qurban verərək öz mövqelərini yaxınlaşdırmış oldular.
- Fuad bəy, Türkiyə-Rusiya münasibətlərinin ən gərgin dönəmində necə, belə verilişlərə çıxıb, eyni şövqlə Türkiyəni də müdafiə edirdizmi?
- Əlbəttə ki... Türkiyəni müdafiə etdiyim zamanlarda da təhlükə var idi. Türkiyəni sevməyənlər az deyil. İstər suriyalılar olsun, istər PKK-lılar. Türkiyənin içindəki müxalif güclər tərəfindən də təpkilər olurdu. Əsasən facebook səhifəmə yazırdılar. Təbii ki, ermənilər kimi “kəsəcəyik, öldürəcəyik” şəklində yox, “sözlərinə diqqət et”, “təktərəfli mövqe tutursan, Ərdoğanın tərəfini tutursan” şəklində ittihamlar vardı. Onları çox ciddiyə almırdım.
- Bundan sonra işinizlə bağlı hansı planlarınız var? Moskvada qalıb Türkiyə və ya Azərbaycan adına jurnalistika ilə məşğul olmaq istəyirsizmi?
- İndilik hər hansı qərarım yoxdur. Hazırda dincəlmək fikrim var. Son 1 ayda həm psixoloji, həm də fiziki cəhətdən yoruldum. Sonra iş axtarışlarına başlayacam. Gələn iş təkliflərinə əsasən, harada işləyəcəyimə qərar verəcəm. Amma harda işləyəcəyimdən asılı olmayaraq, yenə də əvvəlki kimi Azərbaycanın mövqeyini istər Rusiyada, istər dünyada qorumağa davam edəcəm və yolumdan dönməyəcəm.
- Hazırda təhlükəsizliyiniz üçün narahatsınızmı? Bu günə qədər ermənilər və ruslar əleyhinə etdiyiniz çıxışlar, sizə gələn hədə-qorxular və hazırda arxanızda sizi müdafiə edəcək media orqanının olmaması... Bu, təhlükələri artırırmı?
- Təhlükəsizlik haqda narahatçılığım yoxdur. Çünki bir atalar məsəli var - qorxan gözə çöp düşər. Bir çox dostlarım deyirlər ki, mən hazırda jurnalist kimliyində yox, sıravi bir vətəndaş kimliyində olduğum üçün təhlükəyə məruz qala bilərəm. Jurnalistdən hansısa formada qorxurlar, çəkinirlər, yaxın durmurlar. Adicə yolda gəzdiyim zaman, üzərimdə jurnalist vəsiqəm olmadığı üçün daha çox təhlükəyə məruz qalacağımı deyirlər. Amma bu, məni qorxutmur. Əvvəlki həyat tərzimə davam edirəm. Metrodan istifadə edərək, işə gedib-gəlirəm. Şəhərdə tanıyanlar çox olur. Bununla belə hər hansı neqativ hallar əmələ gəlməyib. Yenə də Allahın işidir. Allah mənə nə qədər ömür veribsə, o qədər də yaşayacam. Qorxaraq baş verəcək hər hansı hadisənin qarşısını almaq mümkün deyil.
- Fuad bəy, Azərbaycan hakimiyyətindən hər hansı media orqanında çalışmaqla bağlı təklif gəlsə, bunu qəbul edərsinizmi?
- Mən Azərbaycan vətəndaşı olaraq uzun müddət Rusiyada yaşamağıma baxmayaraq, Azərbaycan pasportumu heç vaxt dəyişməmişəm, Azərbaycan vətəndaşlığımı qorumuşam. Baxmayaraq ki, bu, həm özüm, həm ailəm üçün problemlər yaradıb. Özümü Azərbaycanın bir əsgəri kimi görməkdəyəm. İstər informasiya müharibəsində, istərsə səngərdə - heç bir fərqi yoxdur. Təbii ki, özümü Azərbaycana xeyir verən jurnalist kimi görmək istəyirəm. Çünki 1994-cü ildə Türkiyəyə yola salınan tələbələr olaraq bizə böyük ümidlər bəslənirdi. Bizə gələcəyin dövlət yönəticisi gözü ilə baxırdılar. Ona görə də o gözləntiləri doğrultmaq üçün mənim Azərbaycanda işləməyim daha böyük şərəf olardı, nəinki Türkiyədə və Rusiyada işləmək. Hətta Moskvadakı səfirlikdə əməkdaşlarla apardığım görüşlərdə bunu bildirdim. Orada da müəyyən tənqidlər oldu ki, mən Azərbaycan jurnalisti olaraq Rusiyada Türkiyəni təmsil edirəm. Mən də təəssüflə bildirdim ki, başqa bir jurnalist dəvət edilmir. Ancaq mən dəvət edilirəm, mən də dəvət edilmişkən ürəyimdəki sözləri rus ictimaiyyətinə duyururam. Hətta bildirdim ki, əgər Azərbaycan tərəfindən hər hansı təklif edilsə, mən Türkiyə agentliyindən ayrılıb, Azərbaycan mediası ilə çalışmağa hazıram. Amma Azərbaycan tərəfdən hər hansı təklif gəlməyib. Türkiyə tərəfi isə məni öz işimdən uzaqlaşdırdı. Nəticə olaraq üzülmürəm. Demək ki, yüksək rəhbərlik səviyyəsində - ya Türkiyə, ya Rusiya, bunu hələ dəqiq bilmirəm – dediyim sözlər hədəfə çatıb və bunun da nəticəsində mən işsiz qalmışam.